AZ

Kreditləri niyə ödəyə bilmirik? Əsas səbəblər

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Problemli kreditlərin artması həm bank sektorunda, həm də cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Xüsusilə vətəndaşların kredit ödənişlərində çətinlik çəkməsi iqtisadi və sosial faktorlarla əlaqələndirilir. Bəs, problemli kreditlərin kəskin artmasının arxasında hansı səbəblər dayanır və bu vəziyyət maliyyə bazarına necə təsir göstərir?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, problemli kreditlərin artmasının bir çox səbəbləri var. 

Emin Kərimov

"Bunlara şəxsin iş yerini itirməsi, kredit yükünün həddən artıq çox olması, əməkhaqqında dəyişikliklər, ödəniş günlərinin dəyişməsi, ixtisarlar və ya işsizlik halları daxildir. Eyni zamanda gözlənilməz əlavə xərclərin yaranması da kreditlərin vaxtında ödənilməsinə mane ola bilər. Bankların kredit verərkən apardığı hesablamaların düzgün olmaması, risk meyarlarının daha yumşaq tətbiq edilməsi və bazar risk iştahasının yüksək olması da bu problemlərə səbəb ola bilər. Nəticədə şəxslərin ödəniş qabiliyyətində çətinliklər yaranır və bu, kredit şərtlərinin icrasında gecikmələrlə özünü göstərir".Ekspert bildirib ki, bəzi hallarda iqtisadi və sosial dəyişikliklər də təsir edir."Məsələn, müəyyən sahələrdə maaşların gecikməsi, kütləvi ixtisarlar və ya əməkhaqqının azalması insanların kredit ödənişlərini çətinləşdirir. Problemli kreditlərin təhlili zamanı onların hansı sahələr üzrə daha çox yarandığını müəyyənləşdirmək də vacibdir, dövlət sektoru, özəl sektor və ya konkret sahələr üzrə. Bu cür seqmentləşdirmə səbəblərin daha dəqiq müəyyən edilməsinə kömək edir. Digər tərəfdən, subyektiv səbəblər də mövcuddur. Məsələn, şəxsin öhdəliklərinə məsuliyyətsiz yanaşması, kreditin başqa şəxs tərəfindən istifadə edilməsi, çoxsaylı kredit öhdəliklərinin olması və onların idarə olunmaması bu problemlərə yol aça bilər. Ailə xərclərinin artması və ümumi həyat şəraitində dəyişikliklər də əlavə risk yaradır".Onun sözlərinə görə, plastik kartlar üzərindən verilən kreditlərdə də xüsusi risklər mövcuddur. "Çünki bu kreditlər revolver tipli olur, istifadə edildikcə limit bərpa olunur və yenidən istifadə edilir. Bu isə sonradan ümumi borcun idarə olunmasını çətinləşdirə bilər. Eyni zamanda problemli kreditlər sahə üzrə də fərqlənir. Məsələn, mikrokreditlər, biznes kreditləri və aqrar kreditlərdə müxtəlif risklər mövcuddur. Aqrar sahədə təbii fəlakətlər və quraqlıq nəticəsində məhsul itkisi, gəlir itkilərinə səbəb olur və bu da kreditlərin qaytarılmasına təsir göstərir. Biznes sektorunda isə devalvasiya, bazar daralması və digər iqtisadi çətinliklər kredit ödənişlərinə mənfi təsir edə bilər. Ümumilikdə, problemli kreditlərin yaranma səbəbləri çoxşaxəlidir və həm iqtisadi, həm sosial, həm də fərdi amillərlə bağlıdır. Hazırkı yanaşma da ondan ibarətdir ki, bu səbəblər sistemli şəkildə təhlil olunmalı və statistik olaraq sahələr üzrə araşdırılmalıdır".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
demokrat.az

1Mənbələr