AZ

Doğrudanmı, Mirzə Ələkbər Sabirin kitabını erməni qadınları maliyyələşdirmişdi?

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdəki bir paylaşıma görə, professor Şirməmməd Hüseynovun xatirələrindən sitat gətirilir. Həmin sitatın Sabirin “Hop-Hopnamə” kitabının çap olunması ilə bağlı hissəsində deyilir:

"1911 -ci ildə Sabir ölür. Abbas Səhhət istəyir ki, onun şeirlərini bir yerə yığıb kitab çap elətdirsin, çünki Sabir kitab yazırdı, amma kitabı çap olunmamışdı. Abbas Səhhət qəzetlərdə elan verir, yazır: “Ay camaat, gəlin, yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək”.

Cəmi 26 rubl pul yığılır. Onun 5 rublunu Nəcəf Bəy Vəzirovun qızı göndərir, qalanını da Sabirin şagirdləri 3 və 5 qəpik yığıb toplamışdı.

Həmin ilin yayında azərbaycanlı qadınlarla erməni qadınları Dilicanda istirahət edirlərmiş. Necə olursa, erməni qadınları Sabirin kitabı ilə bağlı elana rast gəlir. Qərara gəlirlər ki, yardım etsinlər. Çünki Sabirin “Qorxuram” adlı şeirindəki “Harda müsəlman görürəm qorxuram” misrası onların çox xoşuna gəlir.

Bir yığıncaq təşkil edirlər, həmin yığıncaqda yığılan bütün pulları kitabın çapı üçün göndərirlər. Beləcə M.Ə Sabirin "Hop-Hopnamə" adlı ilk kitabı çap olunur və üstəlik kitabın ilk nəşrinin ön sözündə kitabın kimlərin pulu ilə çap olunduğu da qeyd olunur.

Bu cümlələrin Şirməmməd Hüseynova məxsusluğu sosial şəbəkə paylaşımında yer alıb. Amma alimin xatirələrinin orjinalından həmin hissəyə internetdə rast gəlinmir.

Ümumiyyətlə, Sabir "müsəlman" deyəndə kimləri nəzərdə tuturdu?

Belə bir hadisə olubmu? Mirzə Ələkbər Sabirin kitabını çap etdirmək təşəbbüsü, camaatdan pul toplanması nə dərəcədə vacib idi?

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında alim Zaur Əliyev sosial şəbəkədə Şirməmməd Hüseynova aid edilən həmin fikirləri şərh edərək bildirib ki, erməni qadınlarının yardımı ilə bağlı versiyanı ortaya atanlar çox yanılırlar.

"Zülmətsevər insanlarız üç - beş yaşımızdan,

Fitnə göyərir torpağımızdan, daşımızdan,

Tarac edərək, bac alırız qardaşımızdan,

Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...

Əslafımıza çünki həqiqi xələfız biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!"

Bu misralar Mirzə Ələkbər Sabirin "Fəxriyyə" şeirindəndir və azərbaycanlıların kitablarının çap edilməsinə nə üçün pul verilməməsinin səbəbinin maddi çətinlik olduğunu nəzərdə tutur. Yəni bu, "Harda müsəlman görürəm qorxuram" misrası ilə bağlı deyil; ermənilər də onun kitabına pul verməyiblər".

Zaur Əliyev bildirir ki, Həsən bəy Zərdabinin “erməni Mıkırtıçda olan milli qeyrət bütün Qarabağ bəylərində olmadı” sözü də şaiyə kimi yayılıb. Əslində bu, “Azərbaycan bəylərində” ifadəsidir. Ancaq sehrli əllər onu "Qarabağ bəyləri" edib. Reallıq, yəni Azərbaycanlı bəylərin imtina səbəbi başqadır. Həsən bəy Zərdabi: “Məktəblərdə erməni uşaqları da oxuyacaq” deyəndə, ailələri 1905-1906-cı ildə ermənilər tərəfindən soyqırıma məruz qalan bəylər pul verməkdən imtina ediblər. Onlar, sadəcə, erməni uşaqlarının təhsilinə pul verməyiblər. O dövrdə Behbudovlar, Bədələbəylilər, Hacıbəylilər, Ağabəyovlar, Haqverdiyevlər, Mehmandarovlar, Sarıcalinskilər və başqaları Azərbaycandan daha çox maarifçi, təhsil, mədəniyyət və elm xadimləri çıxsın deyə dəfərlərlə yardımlar ediblər.

Sabir də: "Harda müsəlman görürəm qorxuram" misrasını müsəlmanlara yox, rüşvətxor və rusa köləlik edən müsəlman məmurlara yazıb. Sadəcə, məmur sözünü o sətirə daxil eləməyib. Elə etsəydi, onu həmin məmurlar dama basdırardılar. Əslində misra belə olmalı udi: "Harda məmur görürəm qorxuram"

Sabirin "Harda müsəlman görürəm, qorxuram" misrasının yer aldığı şeir hələ o sağ olarkən, "Molla Nəsrəddin" jurnalında çap olunub. Sabir bu şeirləri yazanda çox ağır ehtiyac içində, Şamaxıda və Bakıda xəstəliklə mübarizə apararaq yaşayırdı. Kitabın ilk nüsxəsində isə misraların olduğu “Səbr eylə” şeiri olmayıb”.

Zaur Əliyev həmçinin deyib: “Erməni qadınları söhbətini ortaya atanlar çox yanılırlar. Sabirin kitabı üçün pul yığılması Bakıda evlərin birində keçirilən xeyriyyə aksiyasında toplanıb; bu, maarifçi Azərbaycan insanlarının köməyi ilə həyata keçirilib. Onların xanımları üzərlərində olan qızıl əşyaları və pulları veriblər ki, çap üçün xeyriyyə aksiyasına dəstək olsunlar. Bu məclisin təşkilatçıları - Abbas Səhhət, Məhəmməd Əmin Rəsulzadə və Seyid Hüseyn olub. Tədbirdə "Nicat" Maarif Cəmiyyəti və müxtəlif xeyriyyə qurumları aktiv iştirak ediblər.

Həmin tədbirdə cəmi iki erməni qadını olub, hərəsi 1 manat (cəmi

2 manat) pul yardımı ediblər. Həmin ianə siyahısında azərbaycanlı milyonçularının, tacirlərin və sıravi müəllimlərin də adları var idi. Sadəcə, maraqlı qüvvələr siyahıdan yalnız iki erməni adını önə çəkərək bu yalanı uydurublar”.

Zaur Əliyev əlavə edib: “Ermənilər buna görə pul verib" şayiəsi, əslində, Sabiri xalqın gözündən salmaq üçün o dövrün hakimiyyət dairələrinin uydurduğu bir təbliğat idi. Abbas Səhhət xatirələrində yazırdı ki, Sabirin kitabı xalqın, xüsusilə, fədakar xanımların yardımı ilə araya gəlib. Kitabın satışından əldə olunan gəlir Sabirin yetim qalmış övladlarına və həyat yoldaşına verildi”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
bizimyol.info

1Mənbələr