İspaniya millisinin və Madrid “Real”ının sabiq kapitanı Sergio Ramos doğma klubu "Sevilya"nin səhmlərini almağa hazırlaşır.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Ramos “Five Eleven Capital” investisiya qrupu ilə birlikdə klubun əsas səhmdarları ilə ilkin razılıq əldə edib. Məlumata görə, tərəflər “Sevilya” səhmlərinin 80 faizinin alınması ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.
Bildirilir ki, mümkün sövdələşmənin dəyəri 400-450 milyon avro arasında qiymətləndirilir. Razılaşmanın qüvvəyə minməsi üçün isə İspaniya La Liqası və ölkənin Ali İdman Şurasının təsdiqi tələb olunur.
Qeyd edək ki, maliyyə çətinlikləri yaşayan “Sevilya” son mövsümdə uğursuz nəticələrlə yadda qalıb və komanda aşağı liqaya düşmək təhlükəsi ilə üzləşib.
Məlumata əsasən, Sergio Ramos klubun idarəçiliyində də aktiv rol almağı planlaşdırır. Təcrübəli müdafiəçi peşəkar futbol karyerasına məhz “Sevilya”da başlayıb.