AZ

Zəngilandan verilən mesajlar

Prezident İlham Əliyevin diktə etdiyi reallıqları Ermənistanın "ağa" axtarışı və Fransanın manipulyasiyaları dəyişmək gücündə deyil 

Ermənistanın uzun müddət "təhlükəsizlik qarantı" hesab etdiyi dövlətlə münasibətlərinin pisləşməsi rəsmi İrəvanı alternativ "ağa" axtarışına sövq edib. İllər boyu Rusiyanın hərbi-siyasi çətiri altında sığınacaq tapan İrəvan hazırda Fransanın simasında özünə yeni "hami" tapmaq xülyasına düşüb. Təbii ki, Fransanın Ermənistana artan dəstəyi, hərbi texnika tədarükü, diplomatik müstəvidəki canfəşanlığı Parisin regionda möhkəmlənmək, İrəvan üzərindən öz maraqlarını təmin etmək istəyindən xəbər verir. 

Bu yanaşma Ermənistanın müstəqil xarici siyasət yürütmək qabiliyyətinin nə qədər zəif olduğunu, hər zaman xarici güclərin alətinə çevrilmə riski daşıdığını əyani şəkildə büruzə verir. Tarixi təcrübə göstərir ki, regiondan kənar güclərin Cənubi Qafqazda öz maraqlarını reallaşdırmaq üçün "vəkil" dövlətlərdən istifadə etməsi həmin ölkəyə əmin-amanlıq yox, ancaq fəlakət gətirir. Təəssüf ki, başı daşdan-daşa dəyən Ermənistan tarixin acı dərslərindən nəticə çıxarmaq istəmir.

Fransanın Ermənistan vasitəsilə reallaşdırmağa çalışdığı məqsədləri rəsmi Parisin ənənəvi neokolonialist siyasətinin yeni təzahürü kimi qiymətləndirilir. Afrika qitəsindəki müstəmləkəçi mövqelərini sürətlə itirən Fransa öz geosiyasi nüfuzunu bərpa etmək üçün Ermənistanı bir alətə çevirərək regionda gərginliyi artırmaq yolunu seçib. Bu prosesdə Ermənistanın "protektorat" axtarışı Fransanın bölgədə hərbi-siyasi iştirakını təmin etmək üçün münbit şərait yaradır. Lakin bu yanaşma beynəlxalq müstəvidə də ciddi tənqidlərlə qarşılaşır. Xüsusilə BMT-nin neokolonializmin fəsadlarına dair hesabatları və bu sahədə qlobal müstəvidə fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun son bəyanatları Fransanın maskalanmış siyasətini ifşa edir. 

Prezident İlham Əliyev mayın 10-da Zəngilan sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər "vasitəçilik" imitasiyası ilə məşğul olmaq istəyən Fransanın məkrli ambisiyalarının rəsmən süquta uğramasının bəyanı idi. Dövlətimizin başçısı qətiyyətlə bildirdi ki, hazırda bölgədə hökm sürən sülhün əsl müəllifi məhz Azərbaycandır və bu, ölkəmizin iradəsi sayəsində mümkün olub. Ermənistanın xarici havadarlarının köməyi ilə yaratmağa çalışdığı "qəhrəmanlıq" mifi isə bir illüziyadır: "Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər". 

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın arxasında duranlar 2020-ci ildə real kömək etmək iqtidarında deyildilərsə, bu gün nümayiş etdirdikləri canfəşanlıq sadəcə daxili auditoriyaya hesablanmış siyasi manipulyasiyadır: "Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi". 

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Fransa Prezidenti Emmanuel Makron öz hakimiyyətinin ən böyük böhranlarından birini yaşayır. Reytinq göstəricilərinin rekord səviyyədə aşağı düşməsi onun siyasi legitimliyi ətrafında ciddi suallar yaradır. Fransada keçirilən son rəy sorğuları Makrona olan etimadın 20 faiz civarında, bəzi dövrlərdə isə daha aşağı həddə olduğunu göstərir. Bu da fransızların böyük əksəriyyətinin onun yürütdüyü kursu dəstəkləmədiyinə dəlalət edir.

Xüsusilə pensiya islahatları və iqtisadi çətinliklər fonunda parlamentdən yan keçməklə qərarların qəbul edilməsi Makronun avtoritar üsullara əl atan və xalqın iradəsinə zidd gedən rəhbər kimi qavranılmasına səbəb olub. Bu vəziyyət Makrona öz ölkəsində faktiki olaraq siyasi legitimlikdən məhrum bir başçı statusu qazandırıb. Seçicilərin böyük bir hissəsi artıq onu xalqın maraqlarını deyil, müəyyən elitar qrupların və qlobal mərkəzlərin maraqlarını təmsil edən bir fiqur kimi görür. Görünür, elə daxildəki bu zəiflik və xalqın nifrəti Makronu beynəlxalq arenada, xüsusilə Cənubi Qafqaz kimi regionlarda daha aqressiv və diqqəti yayındıran xarici siyasət yürütməyə sövq edir. Lakin öz ölkəsində idarəetməni itirmək həddinə çatan bir uğursuz rəhbərin başqa coğrafiyalarda "nizam yaratmaq" və ya "hamilik" iddialarına düşməsi absurddur. 

Bölgədəki gərginliyi süni şəkildə saxlamağa çalışan Avropa İttifaqının müşahidəçilərinin fəaliyyəti də Prezident İlham Əliyevin çıxışında sərt tənqid olunub. Dövlətimizin başçısı bəyan edib ki, bu missiyanın guya Ermənistanı Azərbaycandan qoruduğu barədə formalaşdırılan rəy cəfəngiyyatdan ibarətdir. Prezident İlham Əliyev açıq şəkildə qeyd edib ki, Azərbaycan öz strateji hədəflərinə artıq nail olub və bizim heç bir ölkənin müstəqilliyinə və ya ərazisinə qəsd etmək niyyətimiz yoxdur: "Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə". 

Dövlətimizin başçısının çıxışında yer alan "biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq" ifadəsi həm Aİ missiyasının hərbi-siyasi acizliyini, həm də onların bölgədəki varlığının simvolik və manipulyativ xarakter daşıdığını göstərir. Əslində, bu müşahidəçilərin məqsədi "Ermənistanı qorumaq" yox, Qərb dairələrinin regiona nüfuz etməsinə şərait yaratmaqdır. O baxımdan, Azərbaycanı "təcavüzkar" kimi qələmə vermək və guya bu missiya sayəsində Ermənistanın xilas edildiyi barədə rəy yaratmaq cəhdləri tamamilə əsassızdır. Bu gün Ermənistanı məhz elə Fransa kimi ölkələrdən qorumaq lazımdır. 

Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar həm də Ermənistan cəmiyyətinə ciddi xəbərdarlıq xarakteri daşıyır. Ermənistanın siyasi müstəvisində revanşist və nifrət dolu ideyalarla yaşayan dairələrin hələ də mövcudluğu regionun gələcək sabitliyi üçün əsas risk faktorudur. Dövlətimizin başçısının diqqətə çatdırdığı kimi, əgər bu qüvvələr yenidən hakimiyyətə gələrək təxribatlara yol verərlərsə, bu, ilk növbədə, Ermənistan xalqının özü üçün faciəvi nəticələrə səbəb olacaq: "Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax o zaman Ermənistan xalqının başı dərddə olacaq".

Məlum olduğu kimi, bir neçə gün əvvəl İrəvanda səfərdə olan E.Makron Ermənistandan quru sərhədlə Türkiyəyə keçmək niyyətinə düşüb. Lakin Ankara onun növbəti təxribatçı addımına imkan verməyib. Bu cəhdin özü rəsmi Parisin regiondakı siyasi reallıqlardan nə qədər uzaq olduğunu və süni şou yaratmaq istəyini bariz şəkildə nümayiş etdirir. Düzdür, Türkiyədə bəzi dairələr bu sərsəm ideyanı "yumşalma" və "jest" adı altında dəstəkləyərək, onun gələcək fəsadlarını düzgün qiymətləndirə bilməyiblər. Lakin bu spekulyativ arzu Prezident İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi qətiyyətli və sarsılmaz iradə nəticəsində iflasa uğrayıb. Fransanın quru sərhədi üzərindən qurmağa çalışdığı siyasi şou uğursuzluqla nəticələnib. 

Azərbaycan və Türkiyə liderləri bir daha sübut ediblər ki, regionda hər hansı kommunikasiya xəttinin açılması və ya sərhədlərlə bağlı qərarların qəbulu kənar güclərin təzyiqi, yaxud arzusu ilə yox, birbaşa milli maraqlar və Bakı-Ankara ortaq razılığı əsasında baş tuta bilər. Bu hadisə həm də regiondakı yeni geosiyasi reallıqların, Şuşa Bəyannaməsi ruhunun diktə etdiyi qaydaların hər kəs tərəfindən qəbul edilməli olduğunun növbəti xəbərdarlığı oldu. Azərbaycan-Türkiyə tandemi təkcə iki ölkənin maraqlarını deyil, bütövlükdə Avrasiya məkanının təhlükəsizlik və iqtisadi arxitekturasını müəyyən edən əsas amildir. Regionda kənar güclərin, xüsusilə neoimperialist ambisiyalarla çıxış edən dairələrin planları məhz bu polad kimi möhkəm birliyin qarşısında iflasa məhkumdur. 

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində səsləndirdiyi fikirlər ölkəmizin son onilliklərdə keçdiyi tarixi yolun, həyata keçirilən uzaqgörən xarici siyasətin, regionda formalaşan yeni geosiyasi reallıqların mahiyyətini bir daha ortaya qoydu. Ən əsası isə dövlətimizin başçısının nitqi ölkəmizin hərbi-siyasi zəfərinin daimi xarakter daşıdığını, regionun yeni xəritəsinin artıq cızıldığını, kənar güclərin bölgəyə sızmasına heç vaxt imkan verilməyəcəyini bütün dünyaya bəyan etdi. 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Seçilən
90
azerbaijan-news.az

1Mənbələr