AZ

Ermənistanın “40-cı otağının açarı” Bakıdadır

Revanşistlər seçkiqabağı debatlarda Azərbaycan faktorunu qabardır - İrəvanın gözləntisi...

Ermənistanda iyunun 7-də keçiriləcək kritik parlament seçkilərinin təbliğat mərhələsinin başlaması ilə seçkiqabağı ritorika da sərtləşib ki, bu da əslində daxili siyasi zəifliyin göstəricisidir. Revanşist qüvvələrin seçkilərdə Azərbaycan faktorunu ön plana çıxarması həm seçici emosiyalarını manipulyasiya etmək cəhdidir, həm də real gündəmi ört-basdır etmək istəyidir. Lakin bu yanaşma əsassız da deyil. 

“Biz bilirik ki, Ermənistanın siyasi mühitində Azərbaycan xalqına və dövlətinə qarşı nifrət bəsləyən bir çox dairələr var və onlar hakimiyyətə gələrsə, Ermənistan xalqı dərin bəlaya düşəcək”. Bu barədə Prezident İlham Əliyev ötən həftəsonu Zəngilan şəhər sakinləri ilə görüşündə bildirib. Dövlət başçısı əlavə edib ki, Azərbaycan xalqı ermənilərə heç bir pislik etməyib: “Onların bizə qarşı nifrətinin səbəblərini isə yəqin ki, psixiatrlar, psixoloqlar və həkimlər araşdırmalıdır. Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət bəsləyən siyasi qüvvələr olduğu müddətcə ayıq-sayıq olmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.

Maraqlıdır ki, məhz revanşist qüvvələr Ermənistandakı seçkiqabağı debatlarda Azərbaycan və İlham Əliyev faktorunu qabardır, Paşinyan hakimiyyətinin Bakı və  Ankaradan dəstəkləndiyini  iddia edirlər. Ekspertlərə görə, bu ifadələri təkrarlayanlar iddiaların Paşinyana qarşı işlədiyini düşünürlər. Əslində isə onlar yalnız rəsmi İrəvan üçün çox əlverişsiz olan reallıqları təsdiqləyirlər. Çünki Ermənistan heç vaxt müstəqil amil olmayıb və  ölkənin siyasi gələcəyinin, Şərq nağıllarında olduğu kimi mühüm “40-cı otağının açarı” Azərbaycandır. Yəni görünən budur ki, təkcə Paşinyanın deyil, həm də Ermənistanın gələcəyi Azərbaycanın verəcəyi reaksiya və qərarlarından asılı olacaq, Prezidentin çıxışından da bunu sezmək çətin deyil. Seçkilərdən sonra hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, İrəvan bu reallığı qəbul etməyə məcbur olacaq. Azərbaycan yeni savaşlar istəmir, amma düşmən üçün “sülh göyərçini” də deyil.

Qulamhüseyn

Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a dediyinə görə, hər bir dövlət çalışır ki, qonşu dövlətlərdə onun milli təhlükəsizliyini təhdid edən hakimiyyət formalaşmasın: “Ona görə də müasir beynəlxalq praktikada qonşu dövlətlərin bir-birinin daxili siyasi proseslərinə dolayı və ya birbaşa təsir göstərməyə cəhd etməsi halları nisbətən geniş yayılıb. Ermənistanla Azərbaycan arasındakı münasibətlər uzun müddət hərbi, siyasi və diplomatik qarşıdurma ilə müşayiət olunub. Bu mənada Azərbaycan Ermənistanda keçiriləcək seçkilərin nəticələrinə görə hazırkı hakimiyyətin yenidən qalib gəlməsində maraqlıdır. Nəzərə alsaq ki, qarşıdakı seçkilərdə hazırkı hakimiyyətin alternativi Rusiyanın himayəsində olan, Azərbaycanı yeni müharibə və işğalla hədələyən revanşist qüvvələrdir, bu marağı şərtləndirən amilləri başa düşmək olar”.

Onun fikrincə, Azərbaycan Ermənistandakı parlament seçkilərinə birbaşa təsir göstərə bilməz və belə bir rıçaqlara da malik deyil: “Lakin Azərbaycan seçkilərə dolayı yollarla təsir göstərə bilər və əslində göstərməkdədir. Erməni cəmiyyətində "xəyali Ermənistan" ideyası, Azərbaycana qarşı ərazi iddiaları, revanşizm əhval-ruhiyyəsi nisbətən çoxluq təşkil etsə də, real Ermənistan ideyası da cəmiyyətdə geniş yayılır. Bu gün Ermənistanın daxili siyasi həyatının gündəmində regional təhlükəsizlik məsələləri, sülh prosesi, beynəlxalq iqtisadi və logistika layihələri, qarşılıqlı faydalı əməkdaşlıq və digər bu kimi məsələlər tədricən olsa da genişlənməkdədir. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi regional siyasət əslində dolayı yolla seçkilərə təsir göstərmək mexanizmi hesab oluna bilər".

Q.Əlibəyli bildirib ki, Azərbaycanla Ermənistan arasında vasitəçilərsiz birbaşa əlaqələrin qurulması, sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizi ilə əlaqədar məsələnin razılaşdırılması, beynəlxalq təşkilatlarda hər iki dövlətin bir-birlərinə qarşı iddialarının dayandırılması, sərhəd məsələlərinə dair qismən razılaşmalar, Rusiyadan, Qazaxıstandan Ermənistana göndərilən malların Azərbaycan ərazisindən keçməklə qonşu ölkəyə çatdırılması, hər iki ölkə arasında birbaşa iqtisadi və ticarət əlaqələrinin qurulması seçkilərə müəyyən mənada təsir göstərə bilər: “Başqa sözlə, seçici revanşistlərin əsas silahı olan xəyali "Böyük Ermənistanda"kı vəziyyətlə hazırkı hakimiyyətin həyata keçirdiyi real Ermənistanın və sülh prosesinin ilkin dividentlərini  müqayisə etmək imkanı qazanır. Əlbəttə, uzun əsrlər xəstə təxəyyülün hökm sürdüyü Ermənistan cəmiyyətində hamının bunu eyni dərəcədə dərk edəcəyini düşünmək də sadəlövhlük olardı. Lakin bunu dərk edənlərin sayı kifayət qədərdir və bu say getdikcə artmaqdadır. Ümid etmək istərdim ki, parlament seçkiləri gününədək reallığı dərk edənlərin sayı çoxluq təşkil edəcək və seçkilərin taleyini həll edəcək".

Hüquqşünas hesab edir ki, müharibədə məğlubiyyət Ermənistan cəmiyyətində hakimiyyətə qarşı narazılığı artırıb, seçki kampaniyalarının əsas mövzularından birinə çevrilib: “Bəzi siyasi qüvvələr Azərbaycanla sülh müqaviləsinin imzalanmasını müdafiə etdiyi halda, digərləri daha sərt və revanşist mövqe nümayiş etdirirlər. Beləliklə, Azərbaycan faktoru Ermənistan seçkilərində əsas siyasi müzakirə mövzularından birinə çevrilir. Azərbaycan beynəlxalq təşkilatlar və regional əməkdaşlıq layihələri vasitəsilə də Ermənistandakı siyasi proseslərə dolayı təsir göstərə bilər. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu Ermənistan cəmiyyətində ölkənin xarici siyasət kursu ilə bağlı müzakirələri gücləndirir. Əgər Azərbaycan beynəlxalq platformalarda daha uğurlu diplomatik nəticələr əldə edirsə, bu, Ermənistan hakimiyyətinin nüfuzuna mənfi təsir göstərə bilər. Seçicilər mövcud hakimiyyəti zəif diplomatik siyasətdə ittiham edə bilərlər. Eyni zamanda, sülh danışıqlarında əldə olunan nəticələr seçkilərdə hakim partiyanın mövqeyini gücləndirə və ya zəiflədə bilər. Nəticə etibarilə, Azərbaycan Ermənistandakı seçkilərə birbaşa müdaxilə etmədən də müxtəlif siyasi, iqtisadi, diplomatik və informasiya vasitələri ilə təsir göstərə bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Seçilən
68
musavat.com

1Mənbələr