AZ

Azərbaycan intibah ədəbiyyatının rübai şairi

Azad qadın ruhunun poetik tərcümanı

Məhsəti Gəncəvi Azərbaycanın ilk qadın şairələrindən, dövrünün savadlı ziyalı qadınlarından hesab olunur. Şərq və müsəlman intibahı tarixində xüsusi yeri olan şairə kövrək duyğuları, sevgini, azad düşüncəni və həyatın gözəlliklərini poetik dillə ifadə edib.

O, 1096-cı ildə Yaxın Şərqin elm, mədəniyyət və sənət mərkəzlərindən sayılan Gəncə şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri bu zəngin mədəni mühitdə keçib. Gəncənin məşhur Xarabat məhəlləsində yaşayan şairə kiçik yaşlarından elmə, incəsənətə böyük maraq göstərib, musiqi, şeir və şahmat sahəsində dərin biliklər əldə edib.

Məhsəti Gəncəvinin həyatı haqqında məlumatlar əsasən qədim əlyazmalardan və XIII əsrə aid “Əmir Əhməd və Məhsəti” dastanından götürülmüşdür. Nüsxələri Bakı, İstanbul və London şəhərlərində qorunub saxlanılan dastanda şairənin həyat və yaradıcılığı, saray mühiti ilə əlaqələri barədə maraqlı məlumatlar əks olunub. Bildirilir ki, Bəlx şəhərində yaşayan ilahiyyat aliminin qızı dünyaya gəlir, uşağın gələcəyini öyrənmək istəyən atası münəccimlərə müraciət edir. Onlar qızın gələcəkdə böyük şöhrət qazanacağını, xalq tərəfindən seviləcəyini, lakin taleyinin xərabatla, yəni meyxana və şair məclisləri ilə bağlı olacağını deyirlər.

Tədqiqatçılar qeyd edirlər ki, Məhsəti yaxşı təhsil alıb, elm və poeziyaya böyük maraq göstərib. Gəncə xətibinin oğlu Əmir Əhməd ilə bir-birlərinə aşiq olublar və şahın təzyiqindən uzaqlaşmaq üçün Bəlxə gedib orada yaşayıblar. Dastanın sonunda onlar Gəncəyə qayıdır və 2 övladları olur. Atasından sonra Gəncənin xətibi olan Əmir Əhmədin vəfatı Məhsətiyə ağır təsir edib. Şairə o qədər göz yaşı töküb ki, görmə qabiliyyətini itirib və iki il sonra dünyasını dəyişib.

Əsərdə maraqlı məqamlardan biri də Məhsəti Gəncəvinin Nizami Gəncəvinin yanında dəfn olunması ilə bağlıdır. Rəvayətə görə, 1923-cü ildə Nizaminin məzarı köçürülərkən onun yanında bir qadın cəsədi də aşkarlanmışdır. Bu fakt uzun illərdir ki, tədqiqatçılar tərəfindən Məhsəti Gəncəvi ilə əlaqələndirilir və şairənin həyatı ilə bağlı sirli məqamları daha da maraqlı edir.

Araşdırmalara görə, əsl adı Mənicə, “Məhsəti” isə ədəbi təxəllüsü olub. Rəvayətə əsasən, Sultan Səncər bir gün onu saraya dəvət edir, Məhsəti sarayda özünü hamıdan kiçik və görünməz hesab etdiyini bildirir. Sultan isə ona fars dilində “To meh-həsti”, yəni “sən hamıdan böyüksən” deyir. Zamanla bu ifadə dəyişərək “Məhsəti” şəklini alır və şairənin təxəllüsünə çevrilir.

Məhsəti Gəncəvinin rübailərinin əsas mövzusu insan sevgisi, həyatın faniliyi, qadın azadlığı, gözəllik, müdriklik, sevgi, məhəbbətdir.

Eşqinlə yanan qəlbimə saldın odlar,
Baxdın suda öz hüsnünə təkrar-təkrar.
Gördün saçını, bəxtiməmi oxşatdın,
Atdın o qara zülfü yerə, ey dildar.

Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin görkəmli simalarından olan Məhsəti Gəncəvi teatr və səhnə sənətində də maraqlı, zəngin obraz kimi təqdim olunur. Onun həyat yolu, azad düşüncəsi, yüksək intellekti və sənətkar ruhu dramaturqları, bəstəkarların diqqətini daim çəkib, Məhsəti obrazı Azərbaycan teatrında özünəməxsus yer qazanıb. Məhsəti Gəncəvi haqqında ilk böyük səhnə əsərinin Ərtoğrul Cavidin “Məhsəti” operası olduğu ehtimal edilir. Professor Rafael Hüseynovun araşdırmalarına əsasən, Nigar Rəfibəylinin şairəyə həsr etdiyi poema əsasında Ərtoğrul Cavid opera yazmağa başlayıb. Lakin bəstəkarın gənc yaşda vəfat etməsi bu layihənin tamamlanmayıb.

Məhsəti Gəncəvi obrazı milli teatr səhnəsində ilk dəfə 1942-ci ildə nümayiş etdirilib. Həmin il Mehdi Hüseynin qələmə aldığı “Nizami” pyesi tamaşaya qoyulub və burada Məhsəti obrazı diqqətçəkən qəhrəmanlardan olub. Əsər, əsasən dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilsə da, Məhsətinin adı və şəxsiyyəti əsərin əvvəlindən sonuna qədər ön planda olub. Pyesin birinci pərdəsində Nizami Gəncəvinin Məhsəti Gəncəvini “Gəncənin zinəti, şeirimizin anası” adlandırması xüsusi vurğulanıb.

Şairəyə həsr olunmuş ikinci və hələlik sonuncu dram əsəriu isə Məmmədhüseyn Təhmasibin 1967-ci ildə yazdığı “Rübailər aləmində” pyesidir. Əsərdə dramaturq şairənin həyat və yaradıcılığına daha geniş şəkildə yanaşıb, onun azad ruhlu, cəsarətli və düşünən qadın olduğunu yazıb.

Şairənin obrazı hər zaman Azərbaycan teatr sənətində qadın zəkasının, poetik düşüncənin və mənəvi azadlığın rəmzi olub. Onun haqqında yazılmış səhnə əsərləri milli dramaturgiyamızda mühüm yer tutur və Azərbaycan mədəniyyətində qadın sənətkar obrazının formalaşmasına böyük töhfə verir.

Ləman TƏHMƏZ
XQ

Seçilən
3
xalqqazeti.az

1Mənbələr