Mütəxəssislər hesab edir ki, yaxın illərdə Çin dili dünya üzrə ən çox öyrənilən xarici dillərdən birinə çevriləcək
Azərbaycanda Çin dilinə maraq sürətlə artır və bu dil tədricən əmək bazarında ən tələb olunan bacarıqlardan birinə çevrilir. Artıq bu dil ekzotik hesab olunmur, əksinə, real karyera imkanları açan vacib üstünlük kimi qiymətləndirilir.
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Minval.az-a deyib ki, ölkədə Çin dilinə maraq son illərdə ciddi şəkildə artıb. Hazırda Azərbaycan Dillər Universitetində bu dili iki fakültədə - regionşünaslıq (çinşünaslıq istiqaməti) və tərcümə fakültəsində 150-dən çox tələbə öyrənir. Bundan əlavə, Konfutsi İnstitutunun kurslarında hər il azı 250 nəfər təhsil alır.
Professor bildirib ki, institut fəaliyyət göstərdiyi 10 il ərzində minlərlə dinləyici hazırlayıb. Çin dili tədrisi artıq yalnız ali məktəblərlə məhdudlaşmır - regionlarda məktəblərdə, o cümlədən Biləsuvar rayonunda yerləşən Mübariz İbrahimov adına məktəb-liseydə də filial açılıb. Eyni zamanda Bakıdakı Heydər Əliyev adına Gənclər Evində və müxtəlif ali təhsil müəssisələrində Çin dili tədris olunur.
Bununla yanaşı, ölkədə Çin dili müəllimlərinin çatışmazlığı da hiss olunur. Bu problemin həlli üçün Elm və Təhsil Nazirliyi tərəfindən yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində orta məktəblər üçün Çin dili müəllimlərinin hazırlanması nəzərdə tutulur.
Rafiq Abbasov qeyd edib ki, hazırda Azərbaycanda 300-dən çox Çin şirkəti fəaliyyət göstərir və bu şirkətlər Çin dilini bilən mütəxəssislərə böyük maraq göstərir. Xüsusilə tərcüməçilər, texniki mütəxəssislər və müxtəlif sahələr üzrə biliklərə malik kadrlar tələb olunur.
O, həmçinin vurğulayıb ki, Çin dili bilən tələbələr üçün Çində təhsil almaq imkanları da genişlənir. Müxtəlif proqramlar çərçivəsində tələbələr bir illik təhsil, yay düşərgələri və təqaüd imkanlarından yararlana bilirlər. HSK imtahanı isə bu sahədə əsas beynəlxalq sertifikat kimi çıxış edir və Azərbaycanda yalnız Konfutsi İnstitutunda keçirilir. Mütəxəssisin fikrincə, ingilis və rus dilləri hələ də üstün mövqedə olsa da, gələcək perspektivlər baxımından Çin dili getdikcə daha çox gəncin diqqətini cəlb edir. Bu isə Azərbaycanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyindən xəbər verir.
Azərbaycanda Çin dilinə marağın son illərdə sürətlə artmasının əsas səbəbləri nələrdir?
Qeyd edək ki, ümumiyyətlə, bu gün dünyada Çin dilinə maraq sürətlə artır. Artıq bir çox ölkələrdə Çin dili gələcəyin perspektivli xarici dillərindən biri hesab olunur. Xüsusilə Çin iqtisadiyyatının sürətli inkişafı, texnologiya sahəsində əldə etdiyi uğurlar və beynəlxalq ticarətdə mövqeyinin güclənməsi bu dilə marağı daha da artırıb. Hazırda dünyanın müxtəlif ölkələrində məktəblərdə, universitetlərdə və xüsusi tədris mərkəzlərində Çin dili tədris olunur. Bir sıra ali təhsil müəssisələrində çinşünaslıq ixtisasları yaradılıb, tələbələr üçün xüsusi proqramlar və təqaüd imkanları təqdim edilir. Eyni zamanda beynəlxalq şirkətlərdə və biznes sahəsində Çin dili bilən kadrlara ehtiyacın artması da gənclərin bu dilə marağını artıran əsas amillərdən biridir.
Mütəxəssislər hesab edir ki, yaxın illərdə Çin dili dünya üzrə daha geniş yayılan və ən çox öyrənilən xarici dillərdən birinə çevriləcək.

Azərbaycanda isə bu dilə marağın artması səbəblərinə gəldikdə, təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a deyib ki, Prezident İlham Əliyevin ötən il Çinə səfəri zamanı müxtəlif istiqamətlər üzrə mühüm razılaşmalar əldə olundu: “Təbii ki, Çinlə istər iqtisadi, istər siyasi, sosial, texnoloji və digər sahələrdə əlaqələrin sürətlə inkişaf etməsi artıq bir sıra məsələlərin həlli istiqamətində Çin dilli kadrlara olan ehtiyacı zərurətə çevirir. Belə olan halda isə təbii ki, ölkəmizdə Çin dili bilən mütəxəssislərin hazırlanması vacib məsələlərdən birinə çevrilir. Bu baxımdan Çin dilinin tədrisinə daha ciddi önəm verilməlidir. Məlum olduğu kimi, hazırda dünyanın əsas iqtisadi güc mərkəzlərindən və ən qabaqcıl dövlətlərindən biri məhz Çin Xalq Respublikasıdır. Çin iqtisadiyyatı hər gün daha da inkişaf edir, texnologiya sahəsində böyük nailiyyətlər əldə olunur, yeni texnoloji avadanlıqlar və innovativ vasitələr dünya bazarında aparıcı mövqe tutur. Bütün bu amilləri nəzərə aldıqda düşünürəm ki, yaxın gələcəkdə ölkəmizdə bir sıra təhsil müəssisələrində Çin dilinin tədrisi daha geniş şəkildə tətbiq olunacaq və bu istiqamətdə yeni layihələr həyata keçiriləcək. Təbii ki, burada Çin dilinin ingilis dili ilə rəqabət aparması məsələsinə gəldikdə hesab etmirəm ki, ona ingilis dili səviyyəsində maraq olacaq. Çünki ingilis dili artıq beynəlxalq ünsiyyət dili kimi formalaşıb. Amma düşünürəm ki, Çin dili gələcəkdə rus dili səviyyəsində müəyyən maraq qazana və geniş yayıla bilər. Ümumilikdə isə fikrimcə, qarşıdakı 10-15 il ərzində Çin dili Azərbaycanda ən populyar xarici dillərdən birinə çevrilə bilər”.
Xalidə GƏRAY,
Musavat.com