AZ

“Qız boğazından iynəni vurdu, dedi ki, dadına bax” – 17 ildən sonra xilas olan keçmiş narkoman

Narkotik asılılığı minlərlə insanın həyatını yarımçıq qoyan, ailələri dağıdan, gəncləri cəmiyyətdən təcrid edən ən ağır sosial bəlalardan biri olaraq qalır.

Bu qaranlıq girdabdan çıxışın mümkünsüz olduğunu düşünənlərin sayı da az deyil. Lakin elə insanlar var ki, illərlə davam edən asılılığa, küçə həyatına, psixoloji çöküşə baxmayaraq yenidən həyata qayıda biliblər. Onlardan biri də 39 yaşlı Yunus Bülbülədir. O, ömrünün 17 ilini narkotik maddələrin əsarətində keçirib. Dörd il əvvəl isə həyatının ən çətin, amma ən doğru qərarını verərək reabilitasiya mərkəzinə üz tutub. Bu gün artıq həmin mərkəzdə çalışan Yunus vaxtilə özü kimi çıxılmaz vəziyyətə düşmüş insanların həyata dönüşü üçün mübarizə aparır. Musavat.com-un həmsöhbəti keçmiş narkotik istifadəçisi, hazırda isə reabilitasiya əməkdaşı kimi fəaliyyət göstərən və orada yaşayan Yunus Bülbülədir.


-Ləqəbiniz maraqlıdır. Niyə Bülbülə?

- Mən Bülbülə qəsəbəsində doğulmuşam, orada məktəbə getmişəm.


-Necə bir ailədə böyümüsünüz?

-İmkanlı ailə olmuşuq. 10 yaşım olanda valideynlərim ayrılıb. Məni nənəm böyüdüb. İki bacım var. Bizim ailədən birinin narkoman olacağını heç kim gözləməzdi. Elə şeyləri ancaq televizordan eşidərdik. Dediyim kimi, imkanımız çox yaxşı idi. Şəhərdə, kənddə evlərimiz var idi. Atam mənə 4 dəfə maşın almışdı. Onun imkanı əla idi, ətir biznesi ilə məşğul olurdu. Heç vaxt pul problemim olmayıb.


-Məktəbdə necə oxuyurdunuz?

-Səkkizinci sinfə kimi normal şagird idim. 14-15 yaşımdan sonra isə ipə-sapa yatmadım. Dərslərdən qaçıb zirzəmilərdə kompüter oyunları oynayırdıq. Müəllimələr, direktor gəlib bizi oradan çıxarırdı. Bir sözlə, avaralıq həyatım bundan başladı. Üç dost idik, onlardan ikisi elə narkotikin qurbanı oldu. Mən isə ümumiyyətlə, avaralığa çox meylli idim. O vaxtdan kriminal aləmə marağım var idi. Qanuni oğruların, lotuların həyatı ilə maraqlanırdım, barələrində oxuyurdum. Həbsxanadan çıxan olanda gedib onun danışıqlarına qulaq asırdım. Belə şeylərə həvəsim var idi.


- Lotuların həyatı haqqında oxumaq sizə niyə zövq verirdi ki?

- Ona görə ki, səhv məlumatlı idim. Elə bilirdim ki, lotu Bəxtiyarın, Hikmətin davamçıları olacağıq. Uşaq ağlımla düşünürdüm ki, lotu olmaq hörmətli adam deməkdir. Halbuki bu gücü, istəyi idmana verərdim. Çünki o marağım məni sonda narkoman etdi.

bülbülə


-Məktəbdən sonra nə baş verdi?

- Azərbaycan İdman Akademiyasının birinci kursunda oxuyurdum, 18 yaşım var idi. İlk dəfə o zaman narkotikdən istifadə etmişəm. O zaman bizdə belə bir fikir var idi ki, hörmətli “kruq”lar, oğru aləminin hörmətli oğlanları narkotikdən istifadə edir. Mən də onları özümə kumir seçmişdim. Dedim, onlar edirsə, mən də onun dadına baxacağam. Və bu 17 il davam etdi, nəticədə hər bir şey əlimdən çıxdı. Ən sonda “bomj” vəziyyətində bloklarda yatırdım.


-İlk dəfə necə baş verdi? Dediniz bir dəfə yoxlayım, sonra ataram?


-İlk dəfə marixuana çəkmişəm. Mən kəndimizdə elə bir “kruq”da idim ki, onu tapmaq çətin deyildi. Bir dostumuz var idi, ona marixuananı pay göndərirdilər, o da bizə pulsuz verirdi. Ümumiyyətlə, onu satanlar hörmətli adamlara pulsuz verirdilər ki, "hörmətli" oğlanlar onları qorusun. Bu o demək idi ki, mənə dəyməyin, “qulluğunuzdayam”. Beləliklə, ilk istifadəm 18 yaşımda oldu. İynədən istifadə etməyə isə qorxurdum. Ümumiyyətlə, uşaqlıqdan iynədən qorxan olmuşam. İynə vasitəsi ilə narkotikdən istifadə etməyi ilk dəfə yaxın olduğum qız öyrətdi.


-Kim idi həmin qız?


-Avaralıq edən qızlardan biri idi. O, çox ağır dozalı narkotik istifadə edirdi. Həmin gün nəşə çəkmişdim, maşında o qızın boğazındakı damarına iynə vurduğunu gördüm. Mənə də vurmağı təklif etdi. Nəşəli idim, çox maraqlı gəldi. Dedim, nəşədən fərqi nədir? Dedi, kişi deyilsən? Dadına bax da. Beləliklə, məni qızışdırdı və mən də ilk dəfə iynədən istifadə etdim. İynənin verdiyi həzz xoşuma gəldi və beləliklə, növbətilər gəldi... Mən o zaman uşaq idim, bilmirdim ki, bu istifadədən sonra məni nələr gözləyir, necə ağrıları var, insanı necə öldürür, hörmətdən salır. Bu şeylər mənim ağlıma girmirdi. Düşünürdüm ki, hərdən birdən bu həzzi yaşamaq olar. Bir aydan sonra mən gördüm ki, narkotiksiz yaşaya bilmirəm. Düşünürdüm ki, mənə ziyan vermir. Təzə başlayanda pulsuz əldə edirdim deyə lap rahat idim. 10 il heroin istifadə etdim, sonra digər narkotik növləri meydana çıxdı. “Patı” deyilən narkotik insanı tez məhv edir. Əvvəlki narkotik ilə insan əgər 10 ilə məhv olurdusa, “kakos” və “patı” ilə insan heç 10 ay çəkmir ki, bədbəxt olur. Bədəni yara basır.  İnsanı 4-5 gün yatmağa qoymur.


-Akademiyadakı təhsili sona çatdıra bildiniz?


-2009-cu ildə bitirdim, diplomum da var. O vaxtı hər dərsə girmək vacib deyildi, həftədə 2-3 dəfə gedib dəyirdim, hər şeyim həll olunurdu.

Bülbülə


-Bir müddət pulsuz əldə edirdiniz. Bəs sonra? Nə zamandan mal-mülki itirməyə başladınız?


-2009-2013-cü ildən narkotikin təsiri altında etdiyim hərəkətlərə görə çox həbs olunurdum. Hətta 8 dəfə adam da bıçaqlamışdım. Atam isə evləri və digər mülkləri satıb məni xilas edirdi. Mən isə ona deyirdim ki, məni xilas etmə, həbsxana həyatı yaşamaq istəyirəm. Oranı görmək marağındaydım. Ağlım kəsmirdi də. Neçə evimiz elə belə gedib. Mənim idarə olunmaz həyatım var idi. O zamanlar düşünmürdüm ki, atam müflis olar, biz evsiz -eşiksiz qalarıq. Məni maraqlandıran bu idi ki, mənim də kriminal aləmdə adım olsun. İnsan hansı yaşda narkotikə başlayırsa, o yaşda da qalır. Mən də 17-18 yaşda narkotik qəbul etmişəm deyə, düşüncələrim elə o yaşda qalmışdı. Reablitasiya mərkəzinə gələndən sonra bunu dərk etdim. İndi isə böyümüşəm.


Mən istifadədən 7-8 il sonra narkotikə əməlli başlı pul xərclədim. Pulsuz verənlər artıq yox idi. Çünki dostlarımın bəziləri xaricə getdi, bəziləri narkotikdən rəhmətə getdi. Həbsxanaya düşən oldu. Artıq o hörmət qalmamışdı ki, kimsə gətirib mənə pulsuz narkotik versin. Narkomanın asılılığı artdıqca hörmətdən düşür. Buna görə də evdə pula gedən nə var idisə, aparıb satırdım ki, narkotik alım, bədənimin ağrısı dayansın. Ailəm bunu bilirdi, amma qabağımı ala bilmirdilər. Hər dəfə onları aldadırdım ki, sağalmışam.


-Həm də ailə həyatı qurmusunuz. Vəziyyətinizi bildiyiniz halda niyə evləndiniz?


-Pis əməllərdən uzaqlaşmaq istəyirdim. Düşündüm ki, ailə həyatı, uşaq məni bunlardan uzaqlaşdıracaq. Sən demə, elə olmurmuş. Bir müddətlik adam özünü yığışdırır. Adam bir atanın qızını da bədbəxt edir. Uşağın günahı yoxdur axı.

bülbülə


-Evlənəndə haradasa işləyirdiniz?


-Yox, mən heç vaxt işləməmişəm. Atamın pullarını xərcləyirdim. Həm də “dvijeniya” edirdim. Kənddə kiminsə dükanı var idisə, gedib ondan pul alırdım. Çox adam da bundan imtina etmirdi.


-Nə zaman artıq qərar verdiniz ki, narkotikdən xilas olmaq lazımdır?


-Sonuncu dəfə Suraxanıda reyd keçirilən zaman narkotikə görə saxlanıldım. O zaman artıq qərar verdim ki, mən bu həyatdan qurtulmalıyam. Çünki narkotik yox idi deyə can verirdim. Ondan sonra jurnalist Nail Kəmərliyə müraciət etdim ki, sağalmaq istəyirəm, məni reabilitasiya mərkəzinə yerləşdirmək üçün kömək etsin. Reablitasiyaya gələn günə kimi narkotikdən istifadə etdim. Təsəvvür edin ki, evlər getmişdi, heç kirayə qalmağa da pulum yox idi. Küçələrdə, bloklarda yatırdım. Qış axşamlarında dəmir qabda taxta yandırırdım ki, soyuqdan donub ölməyim. Mən üç ilə yaxın çöllərdə “bomj” kimi yaşamışam.


-Artıq ailəniz də sizə kömək etmirdi?


-Hamı bir yerə qədərdir. Heç kim narkomanın axıra kimi yanında olmur. Atam sağdır, ancaq o indi məktəbdə gözətçi işləyir, elə orada da yaşayır. Onun da indi evi yoxdur. Onun da yanında qala bilmirdim, maaş alanda mənə bir az kömək edirdi. Atamın bütün biznesi mənim yolumda xərcləndi, dağıldı. Halbuki vaxtı ilə sürücüsü var idi, indi isə avtobusla gedir. Bacılarım isə ailəlidirlər.

Elə vəziyyətə qalmışdım ki, hell, bizon qabı yığıb təhvil verirdim. Bəzən isə oğurluq edib satırdım, puluna narkotik alırdım. Gün ərzində 25-30 manat mənə bəs edirdi. Narkotik istifadə etməyəndə səhərlər yerimdən qalxa bilmirdim. Elə dəhşətli ağrı gəlirdi ki, deyirdim ki, istifadə etməsəm, öləcəyəm. Dırnaqdan saça kimi dəhşətli ağrı gəlir. Burundan, gözdən su axır. Dayanmadan qaytarırsan. Psixoloji cəhətdən çökürsən. Bir ay yuxu yata bilmirsən. Zombi kimi olursan. Uzun müddətdən sonra yatanda səhəri günü tezdən durub sevindiyimdən ağladım.


-Narkotiki əldə etmək asandır? Kimlərdən alırdınız?


-Mənə narkotik tapmaq heç vaxt problem olmayıb, əsas pul idi. Onu bu ölkəyə gətirənlərin Allah bəlasını versin. Əsas satıcılar İran vətəndaşlarıdır. Mənə indi də iranlılar yazır, narkotik təklif edirlər. Deyirlər, pulsuz veririk, hədiyyə edirik. Halbuki mən onların heç birini tanımıram, sadəcə mənim keçmiş narkoman olduğumu bilirlər. Hamısını bloka atıram. 4 ildir ki, narkotikdən ayrılmışam, indi mərkəzdə işləyirəm.


-Uzun müddət istifadə etməyib yenidən narkotikə qayıdanlar olurmu?


-Əlbəttə. Müalicə alan şəxslər 2-3 il qorunmalıdırlar. Yenidən gedib köhnə “kruq”la oturub durmaq olmaz. Bir il toya, içkili məclisə getmək olmaz.

bülbülə


-Övladınızla görüşürsünüz?


-Oğlumun 12 yaşı var, onunla görüşürəm, danışırıq. O, həmişə deyir ki, mən bilirəm ki, sən xəstələndiyin üçün bizimlə deyilsən. Ən böyük arzum evimin olması, oğlumu, atamı yanıma gətirməkdir.


-Qolunuzdakı döymənin mənası nədir?


-Прости, отец. Судьба такая. (Bağışla ata, tale belədir) Yaşım az idi, ağlım belə kəsirdi.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
31
1
musavat.com

2Mənbələr