AZ

Naxçıvan şəhərində şəhid polis çavuşu Ələsgər Əsgərovun doğum günü münasibətilə anım tədbiri keçirilib

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra tədbir çıxışlarla davam edib. Çıxış edənlər şəhid Ələsgər Əsgərovun keçdiyi şərəfli həyat və döyüş yolundan danışaraq onun Vətənə sədaqətindən, peşəkarlığından və qəhrəmanlığından bəhs ediblər. Bildirilib ki, xalqımız qəhrəman şəhidlərimizin xatirəsini daim uca tutur və onların göstərdiyi şücaət gənc nəslə örnəkdir.

Qeyd olunub ki, Əsgərov Ələsgər Zakir oğlu 12 may 1997-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhəri Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə aldıqdan sonra Sumqayıt Dövlət Universitetində ali təhsil alıb.

Bildirilib ki, Ələsgər Əsgərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Vurğulanıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının qulluqçusu Ələsgər Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Tədbirin sonunda iştirakçılar şəhidimizin məzarı üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Şəhidin valideynlərinə dərin hörmət və ehtiram ifadə olunub.

Ruhu şad olsun!

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi

 



Seçilən
34
herbiand.az

1Mənbələr