AZ

"İş görmək adı ilə 40 min dollar istədi" - Dələduzluq edən şəxsin məhkəməsi

Vətəndaşı həbsdən şərti cəza ilə buraxdıracağına, eləcə də digər mebel sexi açdıracağına söz verərək onlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Səmədağa Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Namiq Abbasov dindirilib. 

O bildirib ki, Ceyhun adlı uşaqlıq dostu ondan iş görmək məqsədilə 40 min dollar istəyib:

"Uşaqlıq dostum dedi ki, bir nəfər var onunla iş görmək istəyirik amma maddi köməklik lazımdı. Mən də köməklik etdim və 40 min dollar verdim. Ceyhun da o pulu təqsirləndirilən şəxsə verib. Bütün hallar da ortadadır". 

Məhkəmənin növbəti iclası iyunun 9-na təyin edilib. 

İttiham aktında göstərilib ki, Səmədağa Ağalarov etibardan sui-istifadə edərək Seymur Həziyevə yalan vəd verərək bildirib ki, onun qardaşı Elnur Həziyevi yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə şərti olaraq həbsdən buraxdıracaq.

Belə ki, Elnur Həziyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23.09.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bu iş müqabilində Səmədağa zərərçəkmişdən ümumilikdə 74 min manat alaraq dələduzluq edib. 

Bundan başqa Səmədağa Ağalarov, təkrarən etibardan sui-istifadə etmə yolu ilə Ceyhun Şəfiyevə mebel sexi açıb həmin mebel sexinə müəyyən avadanlıqlar alaraq istehsala başlayıb satışını təşkil etməklə, əldə olunan qazancın yarısın1 böləcəklərinə dair yalan vəd verib aldadıb. 

O, zərərçəkmişdən ayrı-ayrı vaxtlarda ümumilikdə 149.296 manat pulunu alaraq ona qarşı külli miqdarda dələduzluq edib. 

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsi zamanı özünü təqsirli bilib.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
28
2
unikal.az

10Mənbələr