“Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi nüfuzlu beynəlxalq platformanın Azərbaycanda keçirilməsi təkcə şəhərsalma tədbiri deyil, həm də ölkənin geosiyasi, iqtisadi və diplomatik imkanlarını genişləndirən strateji hadisə hesab oluna bilər. Bu forum Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi yenidənqurma siyasətinin, “ağıllı şəhər” konsepsiyasının və regional inkişaf modelinin beynəlxalq səviyyədə təqdimatı üçün mühüm imkan yaradır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O qeyd edib ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin əsas məqsədləri bunlardır:
“1. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasını dünyaya təqdim etməkdir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda həyata reallaşırılan “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, müasir infrastruktur layihələrinin təqdimatını nümayiş etdirməklə ölkəyə beynəlxalq legitimlik, siyasi dəstək, yeni investisiya imkanları qazandıra bilər.
2. Azərbaycanın regional logistika və nəqliyyat mərkəzi rolunu gücləndirmək baxımdan əhəmiyyətlidir.Forum çərçivəsində şəhər infrastrukturu, nəqliyyat dəhlizləri, rəqəmsal idarəetmə, yaşıl enerji sistemləri müzakirə olunduğundan, Azərbaycan Orta Dəhliz, regional kommunikasiya layihələri, Xəzər üzərindən tranzit imkanlarını da ön plana çıxara bilər. Bu isə ölkənin geoiqtisadi çəkisini artırar, beynəlxalq şirkətlərin diqqətini cəlb edər.
3. “Yaşıl inkişaf” və enerji transformasiyası modelini nümayiş etdirməkdir. Azərbaycan post-neft dövrünə hazırlıq istiqamətində alternativ enerji, ekoloji şəhərsalma, karbon emissiyalarının azaldılması kimi istiqamətlərdə yeni model qurmağa çalışır. Forum “yaşıl enerji zonası” layihələrinin, ekoloji şəhər konsepsiyalarının beynəlxalq təqdimatı üçün böyük platformadır.
4. Azərbaycanın yumşaq gücünü artırmaq baxımdan WUF13 geosiyasi əhəmiyyət kəsb edir. Belə beynəlxalq tədbirlər ölkənin imicini gücləndirir, diplomatik əlaqələri genişləndirir, beynəlxalq təşkilatlarla əməkdaşlığı artırır. Bu baxımdan forum Bakının beynəlxalq tədbirlər mərkəzi statusunu daha da gücləndirə bilər”.
İ. Yusifov hesab edir ki, Forum Azərbaycanın qarşısında duran əsas çağırışlar baxımından da vacibdir:
“1. Sürətli urbanizasiya və şəhər yükü baxımdan.
Azərbaycanda əhalinin böyük hissəsinin Bakıda cəmləşməsi, regionlararası inkişaf fərqi, nəqliyyat sıxlığı, ekoloji problemlər ciddi çağırışlardır. Ona görə də Forummüasir şəhər idarəçiliyi modellərini, beynəlxalq təcrübələri ölkəyə gətirə bilər.
2. Qarabağın dayanıqlı məskunlaşma modelinin tətəbii baxımndan da əhəmiyyətlidir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə müasir, ekoloji, rəqəmsal idarə olunan yaşayış sistemi qurmaqdır. Bu forum beynəlxalq ekspertiza, texnologiya, maliyyə resursları baxımından Azərbaycana əlavə imkanlar yarada bilər.
3. İqlim və ekoloji təhlükələr baxımdan isə iqlim dəyişiklikləri, su ehtiyatları, kənd təsərrüfatı, şəhər ekologiyası üçün risk yaradır. Forum isə yaşıl nəqliyyat, enerjiyə qənaət, ekoloji tikinti texnologiyaları sahəsində yeni tərəfdaşlıqlar formalaşdıra bilər”.
“Azərbaycan bundan necə faydalana bilər?” sualına cavab olaraq İ. Yusifov deyib ki, iqtisadi baxımdan xarici investisiya axını arta bilər; tikinti, nəqliyyat, texnologiya sektorlarında yeni müqavilələr yarana bilər; turizm və xidmət sektoruna əlavə gəlir gətirə bilər.
Siyasi baxımdan isə Azərbaycanın beynəlxalq nüfuzu güclənər; postmünaqişə quruculuğu modeli tanınar; regional liderlik mövqeyi möhkəmlənər.
Texnoloji baxımdan isə “smart city” texnologiyaları, rəqəmsal idarəetmə, yaşıl enerji həlləri üzrə yeni əməkdaşlıqlar mümkündür.
Sosial baxımdan isə şəhər həyat keyfiyyətinin yüksəldilməsi, regionların inkişafı, müasir yaşayış standartlarının tətbiqi sürətlənə bilər”.
Azərbaycanın strateji hədəflərinə nail olunması məsələsinə gəldikdə sabiq deputat qeyd edib ki, bu Forum Azərbaycanın postmüharibə quruculuğu, regional mərkəzə çevrilmə, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, beynəlxalq nüfuzun artırılması siyasəti ilə birbaşa bağlıdır. Başqa sözlə, WUF Azərbaycan üçün sadəcə şəhərsalma tədbiri deyil, həm də ölkənin gələcək inkişaf modelinin, beynəlxalq mövqeyinin, iqtisadi transformasiyasının təqdimat platforması rolunu oynaya bilər.
Mürtəza
