Şəkildə görünənlərin xüsusi təqdimata ehtiyacı yoxdur. Onları bu dünyada hər kəs tanıyır. Kim tanımırsa, demək, bu dünyanın adamı deyil.
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin. Məkan Cənubi Koreyanın Busan şəhəri.
Onlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində görüşüblər. Bu, onların ikinci görüşüdür, daha əvvəl 6 il öncə, 2019-cu ildə, Trampın ilk prezidentliyi dövründə bir araya gəliblər.
İkinci görüşün baş tutması üçün Tramp tornadolardan, ildırımlı yollardan keçib. Yenidən prezident olmaq üçün başlatdığı mübarizə onu az qala türməyə aparacaqdı.
Si Cinpin isə öz postunda sabitdir. Bu 6 ildə o, nə ölkədaxili, nə partiyadaxili təlatümlə üzləşib, necə deyərlər, başını aşağı salıb 1milyard 400 milyon vətəndaşını idarə etməklə məşğul olub.
Onlar dünyanın iki lider dövlətinin liderləridir. Hazırda ölkələri bir-birinə ciddi rəqibdir. Düşmən də demək olar, amma düşmənçilik hələ açıq xarakter almayıb.
Aqressiv tərəf ABŞ-dir. Çin səhrada löhrəm addımlarla mənzil başına tələsmədən gedən dəvə karvanıdır. ABŞ mənzil başına qırıcı sürəti ilə tələsir və öz yolunda başlıca maneə olaraq Çini görür.
Rəhbərlik etdikləri dövlətlər necədirsə, Tramp və Cinpinin xarakterləri də elədir. Tramp çılğındır, Cinpin təmkinli. Tramp hər gün mütləq kimlərisə təhdid edir, tabe olmağa çağırır, Çinpin hamıyla əməkdaşlıqdan danışır.
Tramp çıxış edərkən səsini qaldırır, hiddətlənir, əsib-coşur, Cinpinin səsini re-dən yuxarı tonunu eşidən olmayıb. Tramp toplantılarda demədiyini gedib sosial şəbəkələrdə yazır, Cinpin isə heç nə yazmır, yazılanlara əməl edir.
Bir saat yarımdan çox davam edən ikinci görüşü şərh edən Tramp danışıqların "gözəl" olduğunu və "bir çox qərarların qəbul edildiyini" söyləyib, Çinpin eləcə gülümsəyib.
ABŞ lideri Cinpini "dost" və "böyük lider" adlandırıb, Çin lideri isə situasiyanı real qiymətləndirib: "ABŞ və Çin həmişə fikir ayrılıqlarına baxmayaraq, ölkələrimiz tərəfdaş və dost olmalıdırlar".
“Ölkələrimiz tərəfdaş və dost olmalıdırlar” – yəni hələ dost və tərəfdaş deyillər, amma olmalıdırlar.
Si Cinpin gerçəkdən də böyük liderdir, səbat və sabitlik mücəssəməsidir. Tramp isə çox dinamikdir və dinamit qədər təhlükəlidir.
Musavat.com