Cəbrayıl, 13 may, AZƏRTAC
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şükürbəyli kəndi bu gün 97 ailə olmaqla, 419 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər. Qeyd edək ki, kənd müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.
Kənddə hər biri 80 yerlik olmaqla, iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.
Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəylidə yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri “Böyük Qayıdış” proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.