AZ

Bakı şəhərinin təhlükəsizliyi masada – DİN-də müzakirə

Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın təşəbbüsü ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda geniş ictimai müzakirə keçirilib.

Moderator.az xəbər verir ki, tədbir Prezidentin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi və yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsinə təsadüf etməsi ilə xüsusi diqqət çəkib. Müzakirələr DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində baş tutub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, QHT sektoru, akademik dairələr və ictimai şura üzvləri iştirak ediblər. İştirakçılar arasında Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyi İdarə Heyətinin sədri Aygün Əliyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədr müavini İlqar İsbatov, eləcə də digər dövlət və ictimai institutların təmsilçiləri yer alıblar.

Tədbirə həmçinin Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Memarlar İttifaqının nümayəndələri qatılıblar. Çıxışlarda vurğulanıb ki, şəhər mühitində təhlükəsizlik təkcə polis nəzarəti ilə məhdudlaşmır, urbanizasiya, nəqliyyat yüklənməsi, ekoloji risklər və texnoloji inkişaf fonunda kompleks yanaşma tələb edir. Əliməmməd Nuriyev bildirib ki, WUF13 Azərbaycanın şəhərsalma və təhlükəsizlik sahəsində yanaşmalarını beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm platformadır. Aygün Əliyeva isə QHT-lərin forumda fəal iştirakının vacibliyini vurğulayaraq, vətəndaş cəmiyyətinin qlobal urbanizasiya proseslərinə inteqrasiyasının əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, ilk dəfə olaraq WUF13 çərçivəsində QHT Forumu təşkil ediləcək və Qlobal Cənub QHT Forumu kimi yeni platformalar yaradılacaq. İlqar İsbatov şəhərsalmanın müasir standartları və baş planların hazırlanması prosesində təhlükəsizlik komponentinin xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq təcrübənin ölkəyə transferi şəhər mühitinin dayanıqlılığını gücləndirəcək. DİN yanında İctimai Şuranın üzvü, Polis Akademiyasının müəllimi, polis polkovniki Vaqif Abışov isə “reaktiv” modeldən “proaktiv” polis yanaşmasına keçidin vacibliyini diqqətə çatdırıb. O, CPTED – cinayətin dizayn vasitəsilə qarşısının alınması metodunun tətbiqi və “ağıllı şəhər” sistemlərində süni intellektin rolunu xüsusi qeyd edib. Azərbaycan Milli QHT Forumunun nümayəndəsi Zaur İbrahimli isə dayanıqlı və təhlükəsiz şəhərsalmada ictimai iştirakçılığın hüquqi və praktiki mexanizmlərini təqdim edib. O, vətəndaş cəmiyyətinin şəhər idarəçiliyində daha aktiv rol almasının vacibliyini vurğulayıb. Müzakirələrin sonunda iştirakçılar şəhər infrastrukturunun təhlükəsizlik standartlarına uyğunlaşdırılması ilə bağlı təkliflər irəli sürüblər. DİN yanında İctimai Şura isə səsləndirilən təkliflərin ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini açıqlayıb. Beləliklə, WUF13 ərəfəsində keçirilən bu müzakirə Azərbaycanın şəhər təhlükəsizliyi modelində yeni yanaşmaların formalaşdırılması baxımından mühüm platforma kimi dəyərləndirilir.

Seçilən
19
13
moderator.az

3Mənbələr