AZ

Bakı metrosunu top onluğa salan KİMLƏRDİR?

Son vaxtlar metrodan istifadə edən sərnişinlər arasında qatarların gecikməsi və sıxlıq yaranması aktual mövzulardan biridir.

"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov da bu məsələ ilə bağlı bildirib ki, hazırda Bakı Metropolitenini dünyada xidmət göstərən 213 metropolitenlə müqayisə etsək, sıxlıq dərəcəsinə görə top onluqda yerləşir.

Onun sözlərinə görə, cari operativ işlər sərnişin sıxlığının azaldılmasına fokuslanıb:

"Qısa müddətdə infrastrukturu genişləndirmək mümkün olmadığını nəzərə alaraq, daha çox intervalları azaltmaqla sərnişin sıxlığını qismən aradan qaldırmaq istiqamətində işlər görülür".

Qeyd edək ki, son illər Bakı Metropolitenində qatarlarda sıxlıqla bağlı yaranan mənzərə heç də ürəkaçan deyil.

Vətəndaşların nəqliyyat vasitəsi kimi metrodan istifadə etməsinin əsas səbəblərindən biri məhz marşrut avrobuslarla bağlı mövcud problemlərdir.

Belə ki, bu istiqamətdə müvafiq qurumlar müxtəlif tədbirlər həyata keçirdiklərini bildirsələr də bu sahədə problemlər tam olaraq aradan qaldırılmayıb.

Yenə də vətəndaşlar uzun müddət dayanacaqda gözləməli olur, eləcə də şəhərin bir sıra ərazilərində uzun müddət tıxacda qalırlar.

Məhz bu problemlə üzləşməmək üçün paytaxt sakinləri metroya üz tutmalarına baxmayaraq, burada eyni vəziyyətlə üzləşirlər. Pik saatlarda sərnişinlər bir sıra stansiyalara gedən qatarlara minib-düşmək imkanı əldə edə bilmirlər.

Qatarlarda baş verən texniki nasazlıqlar da qatarların hərəkətində ləngimələrə yol açır. Eləcə də qatarların tuneldə gözləməli olması və ya stansiyaya vaxtında daxil olmaması platformalarda sərnişin toplanmasına gətirib çıxarır.

Bu amillər metroda, xüsusilə "28 May", "Nizami", "Nəriman Nərimanov" kimi mərkəzi stansiyalarda sıxlığın əsas səbəbləri kimi qeyd olunur. Ekspertlərin fikrincə, vaxtilə tikilən “Bakı Metropoliteni” o dövrün tələblərinə uyğun layihələndirilmişdi. Hazırda isə Bakı şəhərinin əhalisi xeyli artıb.

Bu sıxlığın aradan qaldırılması üçün qatarlar arasındakı intervalın azaldılması vacibdir. Bunun üçün isə daha çox stansiyaların və depoların tikilməsinə ehtiyac var.

Qeyd edək ki, Bakı metrosunda ötən ay 20 milyon 510 min 29 sərnişinə xidmət edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,11 % artım deməkdir. Ay ərzində ən çox “Koroğlu” stansiyasından (1 824 773) istifadə edilib.

2026-cı ilin may ayına olan məlumata görə, Bakı Metropoliteni qatar parkının yenilənməsi çərçivəsində 2025-ci ilin sonuna olan məlumatlara əsasən, yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılıb. 2026-cı ildə 10 vaqondan ibarət (2 qatar tərkibi) yeni nəsil qatarların gətirilməsi planlaşdırılıb. 

2026-cı ilə qədər dünya üzrə metroda sərnişin sıxlığı ən çox Asiya metropollarında, xüsusən də Çində müşahidə edilib. Şanxay, Tokio və Pekin metroları dünyada sərnişin sayı ən yüksək olan metrodur. 

Moskva metrosu isə gündə 9 milyondan çox sərnişin daşıyır. İstanbulda gündəlik sərnişin sıxlığı 1,36 milyonu keçib. Onu da vurğulayaq ki, Çin əhalisinin sayı 1 milyard 405 milyon nəfər, Rusiya əhalisinin sayı 146 milyon, Türkiyə əhalinin sayı isə 86 milyon nəfər təşkil edir.

Adıçəkilən ölkələrdə əhali sayınını nəzərə alsaq, sərnişin sıxlığını adi hal kimi qəbul etmək olar. Ancaq onlardan əhali sayı dəfələrlə az olan  Azərbaycanda ictimai nəqliyyat probleminin mövcudluğu başa düşülən deyil.

Ümid edək ki, metroda yeni islahatlar nəticəsində  Azərbaycan ən sıx sərnişini olan ölkə kimi deyil, ən yaxşı fəaliyyət göstərən ölkə kimi ilk onluğa daxil olacaq.     

Seçilən
34
cebheinfo.az

1Mənbələr