“Qarabağ”da yol verdiyini intizam pozuntularına görə əsas komandadan uzaqlaşdırılan Elvin Cəfərquliyevlə bağlı baş məşqçisi Qurban Qurbanovun yekun qərarı bəlli olub.
Adalet.az xəbər verir ki,təcrübəli mütəxəssis futbolçunu bağışlamayıb və əsas komandada görmək istəmir.
Təbii ki, bütün bunlar da səbəbsiz deyil. Premyer Liqanın 27-ci turunda səfərdə “Şamaxı” ilə keçirilən və qolsuz başa çatan qarşılaşmada Ağdam klubunun xal itirməsinə, “atlılar”ın çempionluq yolunda ağır zərbə almasına baxmayaraq, gecəni səhərə qədər klubda keçirən müdafiəçi ona verilən son şansdan da yararlana bilməyib.
İki ilə yaxındır bu və buna bənzər hərəkətlərə yol verən Elvin Cəfərquliyevin son davranışı Qurban Qurbanovun komandadakı intizamı qorumaq baxımından belə radikal qərar verməsinə gətirib çıxarıb. Bu səbəbdən o, Elvinlə eyni intizamsızlığa yol verən, hətta qardaşının kürəkəni olan, futbolçusu Abbas Hüseynovu da bağışlamayıb və onsuz da müqaviləsi başa çatmaq üzrə olan müdafiəçini Cəfərquliyevlə əvəzedici komandaya göndərilib.
Məlumatlara görə, Elvin Cəfərquliyev etdiyi əməldən peşman olub. Onun ötən günlərdə sosial şəbəkə hesabında bazadakı otağından foto paylaşmasının arxasında da bu səbəb dayanır. Lakin Elvinin peşman olması Qurban Qurbanovun qərarını dəyişməyib. Çünki təcrübəli mütəxəssis Cəfərquliyevə daha öncə də verilən şansları boşa xərclədiyinin fərqindədir.
Qeyd edək ki, Elvin Cəfərquliyevin “Qarabağ”la müqaviləsi gələn ilin yayınadəkdir. Futbolçu cari mövsümün sonunda özünə komanda tapa bilməsə, müqaviləsinin davam etdiyi müddət ərzində əvəzediciləri heyətində çıxış edəcək.