Ukrayna PUA-ları növbəti dəfə Rusiyanın müxtəlif şəhərlərini hədəf alıb. Rusiya mediası və sosial şəbəkələrdə hücumlarla bağlı xəbər və videolar yayımlanıb.
Krasnodardakı Temryuk rayonunda yerləşən bir müəssisənin ərazisinə dron düşdüyü məlum olub. Bu xəbəri rəsmi orqanlar da təsdiqləyib. Ərazidə yanğın baş verib. Yanğının söndürülməsində 96 nəfər və 29 texnika iştirak edir. İki nəfər yaralanıb.
Eləcə də Rusiya Telegram kanalları peyk məlumatlarına istinadla hücum nəticəsində Taman limanındakı neft anbarında yanğın baş verdiyini bildirir. Rusiya mediası həmçinin Həştərxan Qaz Emalı Zavodunda "dron qalıqları düşəndən" sonra yanğın baş verdiyini bildirib.
Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev bildirib ki, "vurulan PUA-nın qalıqları" Yaroslavldakı sənaye müəssisəsinə düşüb. Moskva meri Sergey Sobyanin də şəhərə PUA hücumu olduğunu bəyan edib və əlavə edib ki, şəhərə doğru uçan bir dron vurulub. O yazıb ki, təcili yardım xidmətləri qəza yerində işləyir. Bryansk vilayətinin hakimiyyət orqanları Ukraynanın dron hücumundan sonra iki nəfərin yaralandığını bildirib.
Cəbhə bölgəsindəki Ukrayna PUA-larının uçuş məsafəsi durmadan artmaqla Rusiya ordusunun logistikasını çox çətin vəziyyətə salır ki, bu da cəbhədə irəliləyişi mümkünsüz edir. Ancaq Rusiyanın işğalçı qüvvələrinin problem bununla bitmir.
2026-cı ilin fevral-mart aylarından bəri Ukrayna Rusiya ordusunun arxa cəbhə ərazilərinə, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən əsas magistral yollara fəal şəkildə hücum edir. Ukrayna və Rusiya kanalları qeyd edir ki, dronları digər şəhərlərlə yanaşı, Mariupol və Donetskə də çatıb.
Ən böyük problem isə işğal olunmuş ərazilərdən keçərək Krıma gedən yeganə quru yolunun vurulmasıdır. Artıq Ukrayna PUA-ları cəbhə xəttindən təxminən 120 kilometr məsafədə olan Donetsk-Mariupol yoluna, eləcə də Mariupolun özünə qədər çatır və oradan keçən xüsusilə hərbi texnikanı və avtomobilləri hədəf alır. Ərazidən keçən dəmir yolları da hədəfdədir.
Hətta işğal altındakı Berdyansk şəhərinə gedən yol da asanlıqla Ukrayna dronları tərəfindən vurulur. Bu isə işğal altındakı Krımın təchizatını çətinləşdirir. Ümumilikdə isə cəbhə xəttindəki Ukrayna dronları 150-200 kilometri vura bilirlər.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hüquqşünas Polad Mehdiyevlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv