AZ

Torpaq sürüşməsinin qarşısını necə almaq olar? - AÇIQLAMA

Bəzən torpaq sürüşməsi baş verən ərazilər üçün deyilir ki, burada ağac əkilsəydi, sürüşmə baş verməzdi. 

Bəs bu deyim nə dərəcədə düzgündür? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, bunlar təbii proseslərdir və torpaq sürüşməsinin gücündən asılıdır.

Onun sözlərinə görə, əgər ərazidə güclü təkanlar, mürəkkəb relyef və geoloji qeyri-sabitlik varsa, sürüşmə prosesi baş verir:

"Belə hallarda ağaclar çox vaxt ciddi rol oynaya bilmir. Ağac kök sistemi müəyyən qədər torpağı saxlayır, lakin əsasən yalnız səthi qatın müvəqqəti qorunmasına kömək edir. Güclü təkanlar və çatlar yarandıqda isə nə ağac, nə də hətta beton divarlar belə sürüşmənin qarşısını tam ala bilir. Bu səbəbdən “ağaclar torpaq sürüşməsinin qarşısını alır” fikri ümumi halda düzgün deyil. Yalnız relyef nisbətən sabit olduqda, yamacın meyilliyi az olduqda və risk aşağı səviyyədə olduqda ağaclar müəyyən dərəcədə müsbət təsir göstərə bilər. Digər tərəfdən, ağacların özü də təbii qüvvələr qarşısında həmişə dayanıqlı olmur. Güclü küləklər zamanı bəzən ağaclar kökü ilə birlikdə yerindən qopur. Bu da göstərir ki, yalnız ağaclara güvənərək torpaq sürüşməsinin qarşısını almaq mümkün deyil. Ona görə də bu kimi riskli ərazilərdə əsaslı mühəndis tədbirləri, geoloji araşdırmalar, drenaj sistemləri, istinad divarları və digər kompleks yanaşmalar tətbiq olunmalıdır. Yəni problemin həlli üçün yalnız təbii vasitələrə deyil, elmi və texniki əsaslara söykənən tədbirlərə üstünlük verilməlidir".

NURİYYƏ

Seçilən
30
1
redaktor.az

2Mənbələr