Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin artıq yeni mərhələyə keçdiyini göstərdi.Dövlət başçısı çıxışında Zəngilanda həyata keçirilən “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident həmçinin regional kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və bölgədə davamlı sülhün təmin olunmasının Azərbaycanın əsas hədəflərindən biri olduğunu bildirdi.
Milli Məclisin deputatı Vasif Qafarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, prezidentin Zəngilan çıxışı Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı yeni siyasi xəttin ifadəsidir. Azərbaycan bu gün regionda sülh çağırışçısı kimi çıxış edir və göstərir ki, davamlı sabitlik yalnız beynəlxalq hüququn, dövlətlərin ərazi bütövlüyünün və qarşılıqlı hörmət prinsipinin qəbulundan keçir. Zəngilanın yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı və nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsi Azərbaycanın artıq müharibə deyil, inkişaf və inteqrasiya gündəliyi ilə hərəkət etdiyini nümayiş etdirir.
“Bu proses fonunda ATƏT-in Minsk qrupunun fəaliyyəti faktiki olaraq uğursuz diplomatik model kimi tarixə düşdü. Təxminən otuz il ərzində münaqişənin həllinə real nəticə verməyən bu mexanizm status-kvonun qorunmasına xidmət etdi və Azərbaycanın haqlı mövqeyinin həyata keçirilməsinə mane oldu. 2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallıq göstərdi ki, regionda sülh və təhlükəsizlik artıq köhnə vasitəçilik formatları ilə deyil, suverenlik və qarşılıqlı məsuliyyət prinsipləri əsasında qurulmalıdır və qurulur”-deyə deputat bildirib ki, Azərbaycanın dövlət maraqları baxımından əsas mesaj ondan ibarətdir ki, ölkə qalib dövlət kimi revanşizm yox, əməkdaşlıq və regional inkişaf modelini təklif edir və bu istiqamətdə real addımlar atır.
Deputat vurğulayıb ki, Zəngilan bu baxımdan yalnız azad edilmiş şəhər deyil, həm də regionun gələcək iqtisadi və nəqliyyat bağlantılarının strateji mərkəzi kimi çıxış edir. Azərbaycanın siyasəti sübut edir ki, güclü dövlətçilik, milli birlik və müstəqil siyasi iradə regionda uzunmüddətli sülhün əsas təminatıdır.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.