AZ

Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 may, AZƏRTAC

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın ölkəmizin strateji insan resurslarının gücləndirilməsinə yönəlmiş çoxillik strategiyasının tərkib hissəsi olan məktəblilər üçün beynəlxalq təcrübə mübadiləsi proqramına - “STARTECH-2” layihəsinə start verilib. Layihə mayın 16-dək davam edəcək.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, proqramda Bakı Avropa Liseyi, ABC məktəbi, 164 nömrəli tam orta məktəb, 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına lisey, Bakı Oksford məktəbi, 160 nömrəli Klassik Gimnaziya və “Landau” məktəbinin 9-11-ci siniflərində təhsil alan 17 məktəbli iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin karyera seçimlərinə istiqamət vermək, onların aerokosmik mühəndislik və yüksək texnologiyalar sahəsində strateji kadr kimi formalaşmasına dəstək olmaq, eyni zamanda, milli kosmik ekosistemin fəal iştirakçılarına çevrilmələrinə töhfə verməkdir.

Səfər çərçivəsində iştirakçılar Türkiyənin aparıcı kosmos, aerokosmos və müdafiə sənayesi müəssisələrində keçirilən interaktiv sessiyalara qatılırlar. Məktəblilər Bursa şəhərində yerləşən Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzində (GUHEM), Ankara şəhərində fəaliyyət göstərən “PLAN-S”, “TÜRKSAT” və “TİTRA Technology” şirkətlərində, eləcə də İstanbulda yerləşən “DOF Robotics” şirkəti və “Marmara Teknokent”də müxtəlif proqramlarda iştirak edirlər.

“DOF Robotics” şirkətində keçirilən görüş zamanı məktəblilər VR və AR sistemləri ilə yaxından tanış olub, robotexnika və mexatronikanın inteqrasiyası əsasında yaradılan müasir mühəndislik həllərini araşdırıblar.

“Marmara Teknokent”də iştirakçılar innovasiya laboratoriyaları, mühəndislik və robototexnika mərkəzləri ilə tanış olub, süni intellekt, proqramlaşdırma, avtomatlaşdırma və yüksək texnologiyalar sahəsində həyata keçirilən layihələr barədə məlumat əldə ediblər.

Ankarada fəaliyyət göstərən “PLAN-S” şirkəti kiçik peyklərin (CubeSat) dizaynı, istehsalı və orbitə göndərilməsi üzrə ixtisaslaşıb. Məktəblilər burada kosmik laboratoriya mühiti ilə yaxından tanış olub, peyk komponentlərinin hazırlanma prosesini izləmək imkanı qazanıblar.

İştirakçılar, həmçinin Türkiyənin yeganə peyk operatoru olan “TÜRKSAT” şirkətinin Gölbaşı kampusunu ziyarət ediblər. İnteraktiv tur zamanı onlara peyklərin idarə olunması və yerüstü stansiyaların iş prinsipləri barədə ətraflı məlumat verilib.

Ankarada yerləşən “TİTRA Technology” şirkətində məktəblilər pilotsuz sistemlər, süni intellekt və avtonom texnologiyalarla tanış olublar. Orta Doğu Teknik Universitetinin İnformatika və İnnovasiya Mərkəzində yerləşən şirkətdə onlar pilotsuz helikopterlərin proqram təminatı və sınaq mərhələlərini müşahidə edərək gələcəyin texnologiyaları haqqında praktiki biliklər əldə ediblər.

Avropanın ən böyük kosmos və aviasiya təlim mərkəzlərindən biri hesab olunan GUHEM-də isə məktəblilər külək tuneli və aerodinamika, reaktiv mühərriklərin iş prinsipləri, Cessna 172 uçuş sessiyası, Ayda gəzinti simulyatoru və ekstremofillərin mikroskop altında müşahidəsi kimi elmi-təcrübi sessiyalarda iştirak edirlər.

Qeyd edək ki, proqram Azərbaycanın kosmos, innovasiya, rəqəmsallaşma, süni intellekt, məlumat mübadiləsi və STEAM texnologiyaları sahələrində strateji insan resursları potensialının məktəb yaşlarından inkişafına uzunmüddətli töhfə verməyi hədəfləyir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
azertag.az

2Mənbələr