AZ

Hovuzlu bağ evləri rekord qiymətə kirayə verilir – 10 min və ...

Yay mövsümünün yaxınlaşması ilə paytaxt və ətraf ərazilərdə kirayə bağ evlərinə maraq xeyli artıb. Havanın isinməsi, istirahət planlarının aktivləşməsi bazarda qiymətlərə də təsirsiz ötüşməyib.

Əmlak bazarında fəaliyyət göstərən şəxslərin sözlərinə görə, xüsusilə dənizkənarı ərazilərdə yerləşən bağ evlərinə tələbat yüksəldikcə kirayə qiymətləri də artmağa başlayıb.
Hazırda bəzi bağ evlərinin aylıq kirayə haqqı bir neçə min manata qədər dəyişir. Qiymətlərə təsir edən əsas amillər isə bağ evinin yerləşdiyi ərazi, dənizə yaxınlığı, şəraiti və infrastrukturu hesab olunur. Xüsusilə Bilgəh, Novxanı, Mərdəkan və Şüvəlan kimi ərazilərdə yerləşən bağ evləri daha yüksək qiymətə təklif edilir.
Satılır

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Musavat.com-a açıqlamasında bildirib ki, may ayından etibarən bağ evlərinə tələbat daha da aktuallaşır və qiymətlər hər il əvvəlki dövrlə müqayisədə orta hesabla 10-15 faiz, bəzi hallarda isə 20 faizədək artır. Onun sözlərinə görə, əsas tələbat olan ərazilər isə Mərdəkan, Nardaran, Noxanı, Bilgəh, Pirşağı və Şüvəlandır. Bu ərazilər həm havasına, həm də istirahət üçün əlverişli şəraitinə görə digər məkanlardan daha çox seçilir: "Hazırda həmin ərazilərdə bağ evləri artıq ciddi biznes sahəsinə çevrilib. İnşaat şirkətləri və fərdi sahibkarlar evlər tikərək onları həm satış, həm də kirayə məqsədilə bazara çıxarırlar. Bu evlərin əsas üstünlükləri hovuzunun olması, müxtəlif istirahət zonaları ilə təmin edilməsi və kompakt ölçüdə tikilməsidir.

Ən çox tələb görən evlər əsasən 100-150 kvadratmetr civarında olan bağ evləridir. Bu tip evlər həm saxlanma baxımından daha sərfəli hesab olunur, həm də kirayə bazarında daha rahat müştəri tapır. Qeyd etdiyim ərazilərdə daşınmaz əmlak qiymətləri ildən-ilə artdığı üçün bu artım avtomatik şəkildə kirayə qiymətlərinə də təsir edir. Kirayə qiymətlərinin yüksəlməsi isə öz növbəsində biznes marağını artırır. Hansı ərazilərdə kirayə qiymətləri daha sürətlə artırsa, həmin ərazilərdə satış üçün tikilən bağ evlərinin sayı da artır. Yəni həm kirayə, həm də satış bazarı bir-biri ilə birbaşa əlaqəlidir. Daşınmaz əmlakın investisiya baxımından cəlbedici olması və vətəndaşlarla yanaşı sahibkarların da sərbəst kapitalını bu sahəyə yönəltməsi nəticəsində bağ evləri bazarında davamlı canlanma müşahidə olunur. Bağ evlərində əsas faktor təkcə tikili deyil, eyni zamanda onun yerləşdiyi torpaq sahəsidir. Torpaq qiymətlərinin kəskin bahalaşması, eyni zamanda tikinti materiallarının və işçi qüvvəsinin xərcinin artması səbəbindən yeni tikilən bağ evləri əvvəlki illərlə müqayisədə təxminən 25-30 faiz daha baha qiymətə bazara çıxarılır”.

Vüqar

V. Orucun sözlərinə görə, Bakı və ətraf ərazilər daxili turizm baxımından daha çox maraq görən bölgələr hesab olunur: 

"Ölkədə keçirilən beynəlxalq tədbirlər, eləcə də Azərbaycana marağın artması xarici vətəndaşların da bağ evlərinə marağını yüksəldib. Bununla yanaşı, bölgələrdə yaşayan insanların da daha çox Abşeron yarımadasındakı bağ evlərinə üstünlük verməsi tələbatı artırır və nəticədə qiymətlər günbəgün yüksəlir. Hazırda yay mövsümü üçün təqdim olunan bağ evlərinin kirayə qiymətləri təxminən 4 min manatdan başlayaraq 10 min manata qədər dəyişir. Ötən il isə bu rəqəmlər əsasən 3-8 min manat aralığında idi. Göründüyü kimi, bazarda təxminən 20 faizə qədər qiymət artımı müşahidə olunur və bu prosesin yay aylarının sonuna qədər davam edəcəyi gözlənilir. Hazırda alternativ variantlar da mövcuddur. Həm Abşeron yarımadasında, həm də Azərbaycanın bəzi rayonlarında günlük və ya mövsümlük kirayəyə verilən fərdi evlər bazarda rəngarənglik yaradır. Amma bu evlər bağ evləri ilə müqayisədə müəyyən qədər geri qalır.Çünki bağ evlərində həm istirahət zonalarının olması, həm hovuz, həm idman və əyləncə üçün müxtəlif imkanların yaradılması, həm də daha geniş torpaq sahəsinə malik olması onları müştərilər üçün daha cəlbedici edir. Ümumilikdə isə bu istiqamətdə tələbin artması həm tikinti sektorunun canlanmasına, həm işçi qüvvəsinin daha çox bu sahəyə yönəlməsinə, həm də gəlir əldə etmək məqsədilə bu bizneslə məşğul olanların sayının artmasına səbəb olur. Nəticədə qiymətlər də artan dinamika ilə dəyişməkdə davam edir.

Kirayə bağ evlərində qiymətlər isə yerləşdiyi əraziyə, şəraitinə və sahəsinə görə təxminən 4 min manatdan başlayaraq 10 min manata qədər dəyişir. Ama bu o demək deyil ki, bundan yüksək və ya aşağı qiymətə gəlinlik yoxdur”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr