AZ

Kasıblığın qoynundan mənəvi zənginliyin zirvəsinə

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sabir Rüstəmxanlı – 80

1990-cı ilin yanvar ayı. Xalq təzə-təzə toparlanırdı. Fabrik-zavodlar zəif də olsa fəaliyyətlərini bərpa edirdi. Milyonlarla insan 20 Yanvar faciəsinin ağırlığından silkinib, “Ya Allah” deyib ayağa durur, ölkənin müxtəlif bölgələrində ziyarətgaha çevrilmiş Şəhidlər xiyabanlarına üz tuturdu.

1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti olmuş, cümhuriyyətin süqutu ilə fəaliyyəti dayandırılmış “Azərbaycan” qəzeti 1989-cu ilin oktyabr ayında Qarabağa Xalq Yardımı Komitəsinin nəşri kimi bərpa edildi. Sabir Rüstəmxanlının baş redaktorluğu ilə xalq hərəkatının tribunasına çevrilmiş, meydanlarda yüz minlərlə insanın bağrına basdığı, 20 Yanvar gülləbaranında sinələrdə qana boyanmış bu ilk demokratik qəzet azadlıq hərəkatının söz bayrağı kimi kütləvi yürüşlərin önündə getdi.

Belə günlərin birində, 1990-cı il fevralın əvvəlində qonşu Gürcüstanın Borçalı mahalından 20 Yanvar şəhidlərinin ailələrinə yardım üçün uzun bir maşın karvanı yola çıxmışdı. Gecəyarısı mənə zəng edib bu yardımların lazımi yerə təhvil verilməsi üçün kömək göstərməyimi xahiş etdilər. Mən o vaxtlar “Azərbaycan”da məsul katib vəzifəsində çalışırdım. İlk ağlıma gələn o oldu ki, azadlıq hərəkatının öncüllərindən olan, bir yerdə çalışdığımız Sabir Rüstəmxanlıya zəng edim. Zəng etməyə adamlar çox idi, lakin onlar etimadı doğruldacaqlardımı, qardaş payını lazımi yerinə çatdıra biləcəkdimi? Bir də ki, gecəyarısı kimin şirin yuxusuna zəhər qatmaq olardı?!

Sabir Rüstəmxanlıya zəng vurdum:

– Gecəniz xeyir, Sabir müəllim...

– Gecən xeyir, ay Şərif, xeyirdimi?..

– Borçalıdan yardım gəlib, bəlkə, onu sizin köməyinizlə münasib qurumlara təhvil verək...

– Çox yaxşı eləyib zəng vurmusan, indi şəhid ailələrinin, tətil edənlərin bu yardıma böyük ehtiyacları var. Bu dəqiqə çıxıram, narahat olma.

Belə məqamda Sabir müəllimi saxlamaqmı olardı?! Çox keçmədi ki, özünü yetirdi...

Üstümdən böyük bir yük götürüldü. Balalarının boğazından kəsib olan-olmazlarından pay göndərmiş insanların xoş niyyətinə qapı açdıq.

***

Bəs niyə Sabir Rüstəmxanlı?

Çünki kasıbçılığın nə olduğunu çox gözəl bilən insan heç vaxt xalqın malına göz dikməz! Kasıblıq içərisində ömür sürmüş insan mərd olar, çünki o, müflisləşmək qorxusundan azaddır. Əksinə, zənginlik rahatlığını görmüş insan daim kasıblaşmaq təlaşı keçirər. Sabir Rüstəmxanlı elə o vaxtlardan nəzərimizdə kasıb olduğu qədər də mənəvi zənginliyi olan bir şəxsiyyət idi! Onun kasıblığını daim gizlədən bir şey vardı: daxili zənginliyi!

1946-cı ilin 20 mayında Yardımlı rayonunun Hamarkənd kəndində 11 uşağın körpə quş balaları kimi bir-birinə sığınıb Allahın lütfünü gözlədikləri Xudu kişinin kasıb ailəsində dünyaya göz açmış Sabir heç kəsin gözləmədiyi halda birdən-birə 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldu, ali məktəbi fərqlənmə diplomu ilə bitirdi.

Ailənin maddi vəziyyətini ürəyinin başında düyünləyən Sabir əmək fəaliyyətinə hələ tələbəlik illərindən başlamış, sonra isə 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilmişdi. Həm özünü yaşatmaq, həm azdan-çoxdan ailəsinə əl tutmaq, həyatın əzablı yollarında büdrəməmək Yardımlı dağlarının sərt havasında bişib-bərkimiş bu gənci sınmamağa, əyilməməyə çoxdan hazırlamışdı.

1976-cı ildə “Cəlil Məmmədquluzadə və folklor” mövzusunda dissertasiya müdafiə etdi, filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələndi. Bu, kasıb dağ balası üçün böyük bir qələbə idi! Onun bu qələbəsi bəlkə də həyatının növbəti qaranlıqlarını aydınlatdı.

1967–1978-ci illər ərzində “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri vəzifələrinə irəli çəkildi, 1978–1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru oldu. Yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirdi.

Və nəhayət, ilk kitabı 1970-ci ildə nəşr edildi. O vaxtdan kitablarına yaşıl işıqlar yandırılmağa başlandı. Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edildi. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görüldü, müəllifinin adını bütün Türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırdı.

“Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynadı və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri oldu (Yeri gəlmişkən, 1991-ci ildə mən Yekaterinburqda Müəllimlər qurultayının iştirakçısı olarkən Sabir müəllimin rus dilində nəşr olunmuş “Книга Жизни” kitabından təxminən 20 ədədini qurultay iştirakçılarına payladım. Çox böyük həvəslə qəbul edib dərhal vərəqlədilər).

Sabir Rüstəmxanlı 2005-ci ildə “Xalq şairi” fəxri adına layiq görüldü.

Onun onlarla əsəri oxucu sevgisi qazanmış, bir çox dünya xalqlarının dillərinə tərcümə olunmuşdur. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Sevgim, sevincim”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Ömür kitabı”, “Atamın ruhu”, “Zaman məndən keçir”, “Xətai yurdu”, “Göy Tanrı”, “Bütövlük həsrəti”, “Ölüm zirvəsi (Cavad xan)", “Difai fədailəri”, “Sunami”, “Əbədi sevda”, “Dərdə əyilmə”, “Şair və Şər”, “Akademikin son əsəri”, “Astar” kitabları, “Didərginlər”, “Orxonla görüş” poemaları, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət toplusu, romanları ən çox oxunan ədəbiyyat nümunələridir.

Azərbaycan demokratik mətbuatının inkişafında, ənənəvi və yeni milli dəyərlərə sahiblənməsində Sabir Rüstəmxanlının xidmətləri nəzərə alınaraq 1991-ci ildə Mətbuat və İnformasiya naziri təyin olundu. O, bu vəzifədə bəlkə də daha artıq müddətdə qala bilərdi, lakin 4 ildən çox işləyə bilmədi. Bütün respublikanı şoka salan bir hadisə baş verdi – 1995-ci ildə o, vəzifəsindən istefa verdi. Müstəqillik illərində ilk və yeganə nazir idi ki, tutduğu vəzifədən könüllü olaraq istefa verirdi. Sabir müəllim bu addımı ilə yenə də bəzilərinə əxlaq dərsi vermək istədi – vəzifədə qocalmaq olmaz!

Sabir Rüstəmxanlının Milli Məclisin deputatı kimi 1990–2015-ci illərdəki fəaliyyətini yüksək qiymətləndirən neftçalalılar 2020-ci ildə onu yenidən Milli Məclisə deputat seçdilər. O, yüksək vəzifələrində çalışmaqla yanaşı, Azərbaycanı müxtəlif beynəlxalq qurumlarda, ictimai təşkilatlarda layiqincə təmsil edib. Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, müxtəlif vaxtlarda konqresin Məclis sədri, 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin X və XI qurultaylarda təşkilatın həmsədri seçilib. İctimai-siyasi xadim kimi 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.

Sabir Rüstəmxanlı bir çox orden və medallarla təltif olunub. “Ömür kitabı” (1988) əsərinə görə 11 yanvar 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının “M.F.Axundzadə ədəbi mükafatı”na layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141–2021)” xatirə nişanı ilə təltif edilib. 20 may 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

***

Sabir müəllimlə tanışlığım mənim mətbuat stajım qədərdir – 50 il. “Yazıçı” nəşriyyatında əmək fəaliyyətinə başladığım ildən bizim tanışlığımız və daha sonra dostluğumuz başlayıb.

Bu il Sabir Rüstəmxanlının 80 yaşı tamam olur. Bəzən adama elə gəlir ki, Sabir müəllimin əmək stajı fiziki yaşından çoxdur. Sanki onun ədəbi-bədii, publisistik yazılarında, tarixi səpkili əsərlərində gənc Sabirlə yanaşı ahıl, müdrik bir Sabir Rüstəmxanlı da həmişə onun yanında olub. İnanmaq olmur ki, 90-cı illərin meydan hərəkatını idarə edənlərdən biri olan 43-44 yaşlı gənc Sabirdir, yoxsa 50-60 yaşlı müdrik Sabir.

İllərlə Yardımlının kasıb bir ailəsinin problemlərini qəlbinə düyünləyib ümumxalq problemi ilə qoşa yaşadan Sabirin 90-cı illərdə gənc ikən ahıllaşması, şübhəsiz, burdan qaynaqlanırdı. Onu tanıyandan ümumi dərdlərimizə mənimki, səninki, onunku kimi prizmalardan yanaşdığına rast gəlməmişəm. Onun çox ciddi, hətta qlobal milli məsələlərin müzakirəsində belə ən böyük silahı qayğılı baxışları, təbəssümlü gözləri olub. Bunlar Sabir Rüstəmxanlının qeyri-səmimiliyinə, qeyri-dürüstlüyünə qətiyyən şübhə yeri qoymayıb.

Hətta Gürcüstanın Marneuli rayonunda çıxan “Axali Marneuli” qəzeti redaksiyasında olarkən də. Rusların Gürcüstanda törətdikləri faciənin ildönümündə - 1990-cı ilin 9 aprelində Tbilisidə olarkən “Azərbaycan” qəzetinin baş redaktoru Sabir Rüstəmxanlı, mən və kiçik bir qrupla Borçalının ən qaynar, ziddiyyətli kəndlərindən olan Arıxlıda, Sadaxlıda olduq, ağsaqqallarla, cavanlarla görüşdük.

Azərbaycanlıların qərənfillərdən matəm libası geydirdikləri Tbilisinin Rustaveli prospekti gürcüləri elə heyrətə və riqqətə gətirmişdi ki, onlar gözləri yaşara-yaşara bu sözləri demişdilər: “Azərbaycanlılar Gürcüstanı gül ilə fəth etdilər...”

Marneulidə olarkən “Yeni Marneuli” - təzə adla ilk nömrəsi çıxan “Kvemo Kartli” (“Aşağı Kartli”) qəzeti redaksiyasında olduq. Bu qəzeti Bakıda da almaqda davam edirdim. Oraya getməkdə məqsədimiz oxuduğum bəzi materiallarda anti-Azərbaycan yönümlü bir sıra məqalələrin dərci ilə əlaqədar idi. Mən bu barədə Sabir müəllimi də məlumatlandırmışdım.

S.Rüstəmxanlı qəzetin redaktoruna müraciətlə:

– Batano Petmar, “Yeni Marneuli” nə üçün “Kvemo Kartli” oldu? – dedikdə, o gülümsəyərək cavab verdi:

– Bilirsiz, batano Sabir, biz 70 ildə “yeni-yeni” deyə-deyə özümüzü aldatmışıq, əslində isə...

Bu yerdə mənim atmacam belə oldu:

– Əslində, Marneuli adı, doğrudan da, yenidir, qədimi adı isə Borçalı idi…

Sabir müəllim sözünə davam elədi:

– Burada yaşayanlar Azərbaycan xalqının bir hissəsidir. Əgər siz, batano Petmar, bu xalqın sevgisini qazanmaq, qəlbini duymaq və yaxşı qəzet buraxmaq istəyirsinizsə, gərək onu daha yaxından tanıyasınız. Siz hökmən Bakıya gəlin, Qarabağda, Şəkidə, Gəncədə olun. Azərbaycandakı milli azadlıq hərəkatındakı daxili burulğanı görmədən Borçalını dərk etmək sizin üçün çətin olar.

– Mən elə belə də edəcəyəm, batano Sabir! Sizin gəlişiniz bizim üçün də xoşdur. Xalqlarımız arasındakı mehribançılığı və etibarı hökmən bərpa etməliyik.

...Biz “Azərbaycan” qəzeti adından yaradıcılıq və əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə bir neçə əməli təklif də irəli sürdük. Qarşı tərəf bunu böyük məmuniyyətlə qəbul etdi…

***

Mənim doğma kəndimdə - Baydarda bir günlük təəssüratının uzun müddət təsiri altında qalan Sabir müəllimin anamın onun boynuna doladığı qollarına cavab olaraq - “Elə sandım ki, öz anamsınız” deməsini, yəqin ki, nə o, nə də mən heç vaxt unutmayacağıq.

***

1992-ci ildə “Azərbaycan” qəzetinin yaradılmasının üçüncü ildönümündə Sabir Rüstəmxanlı yazırdı: “Azərbaycan” qəzeti millətin hər bir övladına müraciət etmək, milli ruhu və milli məsuliyyət duyğusunu oyatmaq məqsədi daşıyırdı. İndi bütövlükdə həmin ruhun qanadlarındayıq. “Azərbaycan” mənim ömrümün bir parçasıdır. Tələbəlikdən ürəyimdə gəzdirdiyim müstəqil qəzet çıxarmaq arzusu “Azərbaycan”da reallaşdı. Bütün maneə və təzyiqlərə baxmayaraq, sözümüzü qismən deyə bilirdik. “Azərbaycan” birinci idi. Və formal məsələlərdən tutmuş məzmuna, ifadə tərzinə qədər sonrakı mətbuat orqanlarının heç biri onun təsirindən yan keçə bilməyib...

Qəzetin ilk redaktoru kimi, arzum budur ki, 1918-1920-ci illərdə çıxmış sələfindən fərqli olaraq, bu “Azərbaycan”ın ömrü yarımçıq qırılmasın, məmləkətimiz, millətimiz durduqca onun adını daşıyan, demokratik, mərd, namuslu sözün bayraqdarı olan qəzetimiz də yaşasın!”

***

Bəli, Sabir Rüstəmxanlını mən şair kimi, deputat kimi, məmur kimi, nazir kimi deyil, sadə bir insan kimi, dost kimi, ürəyinin xalq sevgisini başı üzərində gəzdirib onun şöləsindən hamıya nur səpməyə çalışan bir soydaşım, eloğlum, qardaşım kimi... təqdim etməyə çalışdım. Çünki o bu gün də eyni məziyyətlərin daşıyıcısıdır. Eyni Sabir, eyni Rüstəmxanlıdır... 80 yaşın mübarək, əziz qardaşım!..

Şərif KƏRİMLİ,yazıçı-jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
xalqqazeti.az

2Mənbələr