AZ

Azərbaycanda çox evdə olan bu samovar və xalçaları 10 min dollara alırlar— FOTO

Bir çox evdə illərdir istifadə olunan, sandıqlarda, anbarlarda və ya vitrinlərdə qorunub saxlanılan köhnə əşyalar var. Vaxtilə gündəlik məişətdə adi istifadə vasitəsi hesab olunan bu əşyaların bir qismi zaman keçdikcə həm tarixi, həm də maddi baxımdan xüsusi dəyər qazanır.

Köhnə saatlar, radio və fotoaparatlar, sovet dövrünə aid məişət əşyaları, qədim qab-qacaq dəstləri, xalçalar, sikkələr, musiqi alətləri, yazı maşınları və hətta uzun illər əvvəl çap olunan kitablar bu gün kolleksiyaçılar və antikvar bazarı üçün maraq doğuran nümunələrə çevrilib.

Bir əşyanın antikvar hesab olunması üçün yalnız köhnə olması kifayət etmir. Onun istehsal tarixi, nadirliyi, qorunma vəziyyəti, tarixi əhəmiyyəti və bazardakı tələbatı da əsas rol oynayır.

Bəzən illərlə evdə dəyərsiz hesab edilən bir əşya hərraclarda və ya kolleksiyaçılar arasında minlərlə manat dəyərində qiymətləndirilə bilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətşünas Sədaqət Zaurqızı Demokrat.az-a açıqlamasında deyib ki, antikvar anlayışı təkcə “köhnə əşya” demək deyil:

“Elmi və beynəlxalq praktikada antikvar predmet dedikdə tarixi, bədii, texnoloji və ya mədəni əhəmiyyət daşıyan, adətən ən azı 50-100 il əvvəl hazırlanmış əşyalar nəzərdə tutulur. Bir çox ölkələrdə hüquqi təsnifat üçün 100 il meyarı əsas götürülsə də, sənət bazarında XX əsrin əvvəllərinə aid bəzi dizayn nümunələri də kolleksiya əhəmiyyəti qazandığı üçün antikvar kimi qiymətləndirilə bilir.

Ev şəraitində uzun illər saxlanılan bəzi əşyalar zaman keçdikcə həm məişət predmeti, həm də tarixi sənəd xarakteri daşımağa başlayır. Xüsusilə sənaye istehsalının ilkin dövrlərinə, milli dekorativ-tətbiqi sənətə və ya məşhur ustalara aid nümunələr bazarda yüksək dəyər qazana bilir. Qədim xalçalar, əl işi mebellər, farfor və keramika qablar, mis, gümüş və bürüncdən hazırlanmış məişət əşyaları, qədim saatlar, samovarlar, tikmə və toxuculuq nümunələri, köhnə kitablar və əlyazmalar, fotoapparatlar, radio və qrammofonlar, ikonalar və dini predmetlər, müəyyən dövrü xarakterizə edən məişət texnikası, rəsm əsərləri və heykəllər antikvar hesab oluna bilənən əsas ev əşyalarıdır.

Məsələn, XIX əsrə aid əl toxunuşlu Azərbaycan xalçaları bu gün beynəlxalq hərraclarda minlərlə dollar dəyərində qiymətləndirilə bilir. Xüsusilə Qarabağ, Quba-Şirvan xalça qruplarına aid nadir nümunələr kolleksiya bazarında böyük maraq doğurur. Eyni zamanda, çar Rusiyası və erkən sovet dövrünə aid samovarlar, xüsusilə Tula istehsalı olan nümunələr yüksək kolleksiya dəyərinə malikdir. Antikvar əşyanın bazar dəyərinə gəldikdə bu  bir neçə əsas meyar əsasında müəyyənləşdirilir: yaş və tarixi dövr, nadirlik, mənşə və provenans, material və texnika, müəllif və ya istehsalçı, saxlanma vəziyyəti, bazardakı tələb”.

O qeyd edib ki, əşyanın hansı dövrə aid olması onun əsas qiymət göstəricilərindəndir:

“Məsələn, XVIII-XIX əsrə aid predmetlər adətən XX əsr nümunələrindən daha yüksək qiymətləndirilir. Az sayda qorunub qalmış və ya məhdud istehsal olunmuş nadir predmetlər daha bahalı olur. Kütləvi istehsal nümunələri isə estetik baxımdan maraqlı olsa belə, həmişə yüksək qiymət qazanmır. Əşyanın kimə məxsus olması, hansı ailədən gəlməsi, hansı tarixi hadisə və ya şəxsiyyətlə bağlılığı onun dəyərini əhəmiyyətli dərəcədə artırır.  

Provenans yəni əşyanın mənşə tarixçəsi beynəlxalq antikvar bazarında ən vacib anlayışlardan biridir. Qızıl, gümüş, fil sümüyü, bürünc, qiymətli ağac növləri kimi materialdan və əl işi texnikalarından hazırlanmış əşyalar qiymətə ciddi təsir edir. Təbii olaraq əl işi olan predmetlər fabrik istehsalı ilə müqayisədə daha yüksək qiymətləndirilir.

Məşhur ustaların və ya tanınmış manufakturaların işi olan əşyalar da xüsusi dəyər qazanır.  

Məsələn, "Fabergé" və ya "Meissen" istehsalı nümunələr dünya bazarında olduqca bahadır. Restavrasiya olunmamış, orijinal vəziyyətini qoruyan əşyalar daha qiymətli hesab edilir.

Çatlar, itmiş hissələr və sonradan edilən müdaxilələr qiyməti azalda bilər. Qiymətə təsir edən başqa bir məqam da bəzi dövrlərdə müəyyən üslublara marağın daha çox olmasından irəli gəlir. Hazırda "Art Deco", "Mid-century" modern və etnoqrafik kolleksiya predmetlərinə beynəlxalq maraq yüksəkdir.
 

Burada vacib məqamlardan biri də odur ki, hər köhnə əşya avtomatik olaraq antikvar sayılmır. Antikvarlıq yalnız yaşla deyil, həm də mədəni və estetik dəyərlə müəyyən olunur. Məsələn, fabrik istehsalı bir qabın yaşı çox olsa da, nadirlik və bədii xüsusiyyət daşımırsa, onun bazar dəyəri aşağı qala bilər.


Antikvar bazarında qiymətləndirmə adətən ekspertiza və autentifikasiya, material və dövr analizi, hərrac və bazar müqayisəsi kimi  üç mərhələdə aparılır. Ekspertlər əşyanın üzərindəki möhürləri, istehsal nişanlarını, material tərkibini və texniki xüsusiyyətləri araşdırırlar. Daha sonra beynəlxalq hərrac nəticələri ilə müqayisə aparılır. Bu baxımdan "Sotheby’s" və "Christie’s" kimi hərrac evlərinin satış statistikaları əsas istinad mənbələrindən hesab olunur”. 

O vurğulayıb ki, ölkəmizdə antikvar predmetlərin aşkarlanması və ekspertizası sahəsində müəyyən fəaliyyət mövcud olsa da, onların peşəkar şəkildə satışa çıxarılması və beynəlxalq standartlara uyğun hərrac sisteminin formalaşması hələ tam inkişaf etməyib:

“Beynəlxalq praktikada antikvar bazarının əsas dayaqlarından biri hərrac institutudur. Dünyada "Sotheby’s" və "Christie’s" kimi böyük hərrac evləri yalnız satış platforması deyil, həm də ekspertiza, autentifikasiya, hüquqi sənədləşmə və kolleksiya dövriyyəsini təmin edən ciddi mədəni institutlar kimi fəaliyyət göstərirlər. Azərbaycanda isə bu sahə daha çox fərdi kolleksiyaçılar, antikvar mağazaları və qeyri-rəsmi bazar üzərində qurulub.

Bu isə bir sıra problemlər yaradır.

Əgər hər hansı şəxsin evində tarixi və ya kolleksiya əhəmiyyəti olan predmet varsa, ilk mərhələdə onun ekspertizaya təqdim olunması mümkündür. Müəyyən hallarda mütəxəssislər tərəfindən predmetin dövrü, materialı və orijinallığı barədə rəy verilə bilər. Lakin əsas problem bundan sonra başlayır yəni həmin əşyanın peşəkar bazara çıxışı məsələsi.

Çünki Azərbaycanda sistemli və daimi fəaliyyət göstərən genişmiqyaslı hərrac mexanizmi demək olar ki, formalaşmayıb.

Bizdə bəzən tarixi predmetin ekspertizası aparılsa belə, onun sonrakı taleyi üçün peşəkar satış platforması çatışmır. Yəni ekspertiza mövcuddur, amma bazar infrastrukturu kifayət qədər inkişaf etmədiyi üçün predmetin dövriyyəsi çətinləşir. Xüsusilə regional və ailə kolleksiyalarında çox qiymətli etnoqrafik materiallar mövcuddur.

Lakin sahibləri çox vaxt onların real dəyərini bilmir, hüquqi prosedurlardan xəbərsiz olur, etibarlı satış platforması tapmır, yaxud predmetin satışı ilə bağlı qanunvericilik məsələlərindən çəkinirlər. Nəticədə bəzi nadir nümunələr ya aşağı qiymətə qeyri-rəsmi şəkildə satılır, ya da ümumiyyətlə elmi dövriyyədən kənarda qalır”.

Sənətşünasın sözlərinə görə, antikvar bazarının inkişafı yalnız kolleksiya mədəniyyəti ilə deyil, həm də ekspertiza prosesi, hüquqi tənzimləmə, şəffaf hərrac sistemi və beynəlxalq inteqrasiya ilə bağlıdır:

“Azərbaycanda bu sahədə potensial böyük olsa da, hələlik bazarın satış infrastrukturu tam formalaşmadığı üçün tarixi-mədəni irsin iqtisadi və elmi dövriyyəsi məhdud qalır. Tarixi predmetin sadəcə mövcud olması kifayət deyil. Onun elmi identifikasiyası, hüquqi qorunması və peşəkar bazara çıxışı təmin olunmadıqca antikvar sektoru tam fəaliyyət göstərə bilməyəcək. Hazırda antik əşya satış bazarında əsas çatışmayan məqam da məhz bu sistemli dövriyyə mexanizmidir.

Antikvar bazarında əsas problemlərdən biri qədim əşyanın imitasiya olunmasıdır.

Bəzən müasir dövrdə hazırlanmış predmetlər müxtəlif üsullarla süni şəkildə köhnələşdirilir ki, onlar tarixi nümunə təsiri bağışlasın. Bu məsələ antikvar bazarında ən ciddi problemlərdən biri hesab olunur və elmi terminologiyada “saxtalaşdırma”, “imitasiya” və ya “süni yaşlandırma” kimi ifadələrlə izah edilir Bu xüsusilə xalça, mebel və dekorativ-tətbiqi sənət nümunələrində geniş yayılmış praktikalardan biridir.

Məsələn, yeni toxunmuş xalçalar üzərində uzun müddət gəzilməsi, günəş altında saxlanılması, kimyəvi maddələrlə rəngin soldurulması, süni cırıqlar və aşınmalar yaradılması kimi üsullarla qədim görüntü əldə edilməyə çalışılır. Bəzi hallarda isə ağac mebellərdə xüsusi laklar, oksidləşdirici maddələr və mexaniki zədələmə texnikaları tətbiq olunur ki, predmet tarixi dövrlərə aid təsiri bağışlasın.

Bu cür saxtalaşdırmaların əsas məqsədi əşyanın bazar dəyərini süni şəkildə artırmaqdır. Çünki “qədim” statusu kolleksiya bazarında predmetin qiymətini dəfələrlə yüksəldə bilir. Burada ekspertiza xüsusi əhəmiyyət daşıyır.

Predmetin həqiqi yaşını və mənşəyini müəyyən etmək üçün peşəkar sənətşünas, restavrator və incəsənət eksperltəri toxuma və düyün texnikasının araşdırılması, boya və piqment analizi, liflərin kimyəvi tərkibinin öyrənilməsi,  metalın oksidləşmə səviyyəsinin yoxlanılması, ornament müqayisəsi, istehsal texnologiyasının dövrə uyğunluğunun təhlilindən ibarət kompleks analiz aparmalıdır.  

Məsələn, qədim xalçalarda istifadə olunan təbii boyalar zamanla fərqli şəkildə oksidləşir və onların rəng keçidləri müasir sintetik boyalardan seçilir. Təcrübəli ekspert bu fərqləri mikroskopik və kimyəvi analiz vasitəsilə müəyyən edə bilir. Eyni zamanda, qədim predmetlərdə yaranan aşınma təbii və qeyri-bərabər olur. Süni şəkildə yaradılmış köhnəlmə isə çox vaxt mexaniki və təkrarlanan xarakter daşıyır. Bu fərqlər ekspertiza zamanı üzə çıxır”.

O son olaraq qeyd edib ki, antikvar predmetin autentikliyi yalnız vizual təəssüratla müəyyən edilmir:

“Əsas məsələ predmetin materialının, texnologiyasının, üslub xüsusiyyətlərinin və tarixi provenansının bir-biri ilə uyğunluq təşkil etməsidir. Əgər bu zəncirin hər hansı halqasında uyğunsuzluq varsa, predmetin saxtalaşdırılmış olması ehtimalı artır.Antikvar predmetlər keçmişin maddi yaddaşı hesab olunur.

Onlar yalnız kolleksiya obyekti deyil, həm də müəyyən dövrün sosial zövqünü, texnologiyasını, məişət mədəniyyətini və estetik dünyagörüşünü əks etdirən tarixi sənədlərdir. Buna görə də antikvar əşyaların qiymətləndirilməsi yalnız iqtisadi deyil, həm də kulturoloji və tarixi analiz tələb edən multidissiplinar sahədir”.


Bizim.Media

Seçilən
14
50
bizim.media

10Mənbələr