AZ

Xankəndidə sərgi: “Qarabağın izi sənətdə yaşayan dəyərlər” FOTOLAR

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində “Qarabağın izi - sənətdə yaşayan dəyərlər” adlı təqdimat mərasimi və sərgi təşkil olunub. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tədbir Qarabağ Universiteti və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. 

Layihə çərçivəsində Qarabağın görkəmli şəxsiyyətlərinin mismar və sap texnikası ilə hazırlanmış portretləri nümayiş etdirilib. 

Sərgidə təqdim olunan əsərlərin müəllifi tətbiqi sənət ustası Minarə Mehdidir. Açılış mərasimində çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Qarabağın mədəni irsinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, sənət milli yaddaşın yaşadılmasında mühüm rol oynayır və Qarabağın dahi şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması hər kəsin mənəvi borcudur.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov isə sərginin əhəmiyyətini yüksək qiymətləndirib, belə layihələrin regionun mədəni həyatının canlanmasına və mədəni irsin təbliğinə töhfə verdiyini bildirib.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin proqram rəhbəri Gülşən Qasımzadə və dekan Türkər Qasımzadə də çıxış edərək, layihənin tələbələrin estetik dünyagörüşünün formalaşmasında və incəsənət sahəsində bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin tələbələri tərəfindən musiqi nömrələri təqdim olunub. Qarabağ ruhunu əks etdirən ifalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.Sonda sərgiyə baxış keçirilib, xatirə fotoları çəkilib. 

Bildirilib ki, “Qarabağın izi - sənətdə yaşayan dəyərlər” layihəsi bölgənin zəngin mədəni irsinin sənət vasitəsilə yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əhəmiyyətli təşəbbüslərdən biridir.

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
5
cebheinfo.az

6Mənbələr