Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanda süni intellekt sahəsində yerli layihələrin sayı artmaqdadır. Dövlət qurumları və texnologiya şirkətləri tərəfindən hazırlanan bəzi “AI” məhsullarının artıq beynəlxalq bazara çıxarıldığı, digərlərinin isə yaxın aylarda vətəndaşların istifadəsinə veriləcəyi bildirilir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, vətəndaşların xidmətinə veriləcək süni intellektlər aşağıdakılardır:
“”Cypho”: Yerli mütəxəssislər tərəfindən hazırlanmış ilk Yeni Nəsil Təhdid Kəşfiyyatı platformasıdır. Fişinq, saxta tətbiqlər və məlumat sızmasının qarşısını alır, internetə açıq aktivlərin qorunmasını vahid mərkəzdən təmin edir. GİTEX və digər beynəlxalq sərgilərdə böyük marağa səbəb olmuşdur və hazırda bir sıra məhsullar PoC mərhələsindədir.
“Awero”: Kibermaarifləndirmə üzrə ixtisaslaşmış LMS platformasıdır. Öyrədici kontentlər və real fişinq simulyasiyaları təqdim edir. Süni intellekt əsaslı hesabat sistemi vasitəsilə fərdi zəif və güclü tərəflərə uyğun xüsusi yol xəritəsi hazırlayır.
“DefenzOn”: Penetrasiya testlərinin mərkəzləşdirilmiş idarə olunmasını və rəqəmsal aktivlərin real vaxtda izlənilməsini təmin edir. “GitLab” inteqrasiyası ilə kod dəyişikliklərini anında aşkarlayır və süni intellekt əsaslı hesabatlar hazırlayır.
GAIA: Orta və böyük müəssisələr üçün nəzərdə tutulmuş vahid kibertəhlükəsizlik əməliyyatları platformasıdır. Süni intellekt əsaslı təhlil, mühafizə və istifadəçi davranışı analizini təmin edir.
“Cybox”: Zərərli fayl və proqramların sandbox mühitində yoxlanıldığı platformadır. Statik, dinamik və davranış əsaslı analiz vasitəsilə gizli təhlükələri müəyyən edir, şəbəkə trafiki monitorinqi və təhdid kəşfiyyatını həyata keçirir.
"mygov" tətbiqi üzərindən süni intellekt əsaslı çatbot xidmətinin vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır. Bu xidmət dövlət xidmətləri ilə bağlı müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını təmin edəcək”.
Digər tərəfdən vətəndaşların da süni intellekt texnologiyalarının tətbiq edilməsini arzuladığı bir sıra sahələr var. Mövzuyla bağlı İKT (informasiya kommunikasıya texnologiyaları) üzrə mütəxəssis Elvin Abbasov Avtosfer.az-a müsahibəsində bildirib ki, süni intellekt yaxın gələcəkdə ən çox gündəlik həyatımıza birbaşa toxunan səhiyyə, təhsil və nəqliyyat kimi sahələrdə vətəndaşların xidmətinə veriləcək.

“Səhiyyədə xəstəliklərin erkən diaqnostikası və fərdiləşdirilmiş müalicə planlarının hazırlanması, təhsildə isə hər bir şagirdin qavrama sürətinə uyğun rəqəmsal repetitorların yaradılması bu texnologiyanın əsas faydalarından olacaq. Həmçinin, "ağıllı şəhər" infrastrukturunda tıxacların idarə olunması və enerji səmərəliliyinin artırılması kimi sahələr, süni intellektin vətəndaşlar üçün həyat keyfiyyətini yüksəldən əsas istiqamətlər kimi ön plana çıxır. Dövlət xidmətlərində süni intellektin tətbiqi isə ilk növbədə bürokratiyanın minimuma enməsini və şəffaflığın artmasını təmin edəcek. Süni intellekt dəstəkli sistemlər vətəndaşların müraciətlərini günün istənilən saatında qəbul edib emal edə biləcək, bu da növbələrin və insan faktorundan qaynaqlanan subyektiv qərarların aradan qalxması deməkdir. Məlumatların analizi vasitəsilə dövlət xidmətləri artıq müraciət gözləməyəcək, proaktiv şəkildə vətəndaşın ehtiyaclarını məsələn, sənədlərin yenilənmə vaxtı və ya sosial müavinət hüququnu öncədən müəyyən edərək təklif edəcək. Bu transformasiya dövlət və vətəndaş arasındakı münasibətləri daha sürətli, effektiv və insan mərkəzli bir formaya salacaqdır”.
Fatimə Dadaşova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.