Azərbaycan neftinin dünya bazarında bahalaşması enerji və iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. “Azeri Light” markalı neftin qiymətində qeydə alınan artım həm dövlət büdcəsi, həm də daxili bazarla bağlı mümkün təsirləri yenidən müzakirəyə çıxarıb.
İqtisadçı Xalid Kərimli QHT.az-a “Azeri Light” neftinin qiymətindəki artımın Azərbaycan iqtisadiyyatına təsiri haqqında açıqlama verib.
X.Kərimlinin sözlərinə görə, neft gəlirlərinin artması Dövlət Neft Fondunun aktivlərini genişləndirərək dövlətin maliyyə imkanlarını gücləndirir: Dövlət Neft Fonduna daxil olan valyuta gəlirləri artır. Neft satışından əldə olunan gəlirlər Neft Fondunun aktivlərini böyüdür. Mərkəzi Bank və rəsmi qurumların açıqlamalarında da bu ehtiyatların artdığı qeyd olunur. Bu ehtiyatlar dövlətin maliyyə imkanlarını gücləndirir və gələcək illərdə dövlət büdcəsinə transfertlər üçün əsas mənbə rolunu oynayır.
Xalid Kərimli bildirib ki, neft qiymətlərinin yüksək olması ölkədə fəaliyyət göstərən şirkətlərin gəlirlərini artıraraq dövlət büdcəsinə daxilolmaları yüksəldir: Neft qiymətlərinin yüksək olması Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin, o cümlədən SOCAR-ın və xarici operatorların gəlirlərini artırır. Nəticədə, vergi və digər ödənişlər də yüksəlir və bu, dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərir.
İqtisadçı vurğulayıb ki, neft qiymətindəki hər 10 dollarlıq artım həm Neft Fonduna, həm də dövlət büdcəsinə milyardlarla manatlıq əlavə gəlir gətirə bilər: Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin orta illik qiymətinin təxminən 10 dollar artması Neft Fonduna təxminən 1,8 milyard manat, dövlət büdcəsinə isə 400 milyon manat əlavə gəlir gətirə bilər.
Ekspert qeyd edib ki, ixrac gəlirlərinin artması manatın sabitliyini dəstəkləyərək bazarda valyuta təklifini artırır: Neft və ümumilikdə ixrac gəlirlərinin artması manat üzərində təzyiqi azaldır. Valyuta daxilolmaları çoxaldıqda bazarda dollar təklifi artır və bu, məzənnənin sabit qalmasına kömək edir. Əksinə, neft qiymətləri aşağı düşəndə valyuta gəlirləri azalır, dollar tələbi artır və manat üzərində təzyiq yaranır.
O əlavə edib ki, Mərkəzi Bank valyuta bazarında sabitliyi qorumaq üçün artıq likvidliyi alaraq məzənnə siyasətini davam etdirir: Mərkəzi Bank bazarda artıq valyutanı alaraq məzənnənin sabitliyini qorumağa çalışır və müəyyən edilmiş məzənnə siyasətini davam etdirir.