AZ

WUF13-ün əsas tədbirləri təqdim edilib

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən çağırılan və Azərbaycan Respublikası Hökuməti ilə birgə təşkil edilən Forum,17-22 may 2026-cı il tarixlərində Bakıda"Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunda keçiriləcək.

Dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və assambleyalar vasitəsilə WUF13 adekvat mənzilə çıxışın genişləndirilməsi, şəhərlərin dayanıqlığının gücləndirilməsi və Yeni Şəhər Gündəliyinin icrasının sürətləndirilməsi üçün praktiki yolları araşdıracaq, eyni zamanda sektorlar və regionlararası tərəfdaşlıq və kollektiv fəaliyyəti təşviq edəcək.

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü

Bu görüş, 20 ildə əldə olunmuş tərəqqini qiymətləndirmək və 2026-cı ilin aralıq icmalından əvvəl mənzil təminatı və dayanıqlı şəhər inkişafı ətrafında siyasi sürəti gücləndirmək üçün hökumət nümayəndələrini bir araya gətirəcək.

WUF13-ün açılış mərasimi Forumun rəsmi startını verəcək və mənzil təminatının inklüzivlik, dayanıqlıq və davamlı şəhər inkişafının hərəkətverici qüvvəsi kimi rolunu diqqət mərkəzinə çəkəcək. Birləşmiş Millətlər Təşkilatının, Azərbaycan Hökumətinin və beynəlxalq tərəfdaşların yüksək səviyyəli nümayəndələri qlobal mənzil böhranının kollektiv fəaliyyət və tərəfdaşlıq vasitəsilə həllinin vacibliyi barədə müzakirələrə zəmin yaradacaqlar.

“Qlobal mənzil böhranı: Plan nədir?” Dialoqu

Bu yüksək səviyyəli sessiya qlobal mənzil böhranının struktur səbəblərini, o cümlədən artan mənzil xərclərini, təcrid olunmanı və qeyri-formal yaşayış məskənlərinin artımını nəzərdən keçirəcək. Müzakirələr inteqrasiya olunmuş mənzil və torpaq siyasətindən tutmuş icma əsaslı yanaşmalara və daha güclü tənzimləməyə qədər müxtəlif həll yollarına yönələcək. İştirakçılar arasında Ceffri Saks (Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin prezidenti), Conatan Rekford ("Habitat for Humanity International"-ın baş direktoru), Emilia Saiz (UCLG-nin baş katibi) və digər tanınmış ekspertlər yer alacaq.

İqlimin Ön Cəbhəsindən Hekayələr

Bu xüsusi sessiya iqlim dəyişikliyinin ən çox təsir etdiyi şəhərlərin artan ekoloji risklərə cavab vermək üçün mənzil, torpaq və şəhər sistemlərini necə uyğunlaşdırdığını araşdıracaq. Amazon şəhərlərinin və həssas icmaların təcrübələrinə xüsusi diqqət yetiriləcək.

Qadınların Dəyirmi Masası

Sessiya qlobal mənzil və iqlim böhranları kontekstində qadınların adekvat mənzil hüquqlarının təmin edilməsinə həsr olunacaq. Torpaq hüquqları, mənzil maliyyələşdirilməsi, xidmətlərə çıxış və gender əsaslı zorakılıqla bağlı maneələr müzakirə ediləcək.

Sağlam Evlərin Nəbzi

Bu sessiya mənzil, sağlamlıq və şəhər dayanıqlığı arasındakı əlaqəni, yaşayış şəraitinin fiziki və psixi rifaha, sosial birliyə necə təsir etdiyini araşdıracaq.

Biznes Assambleyası

Şirkətləri, kooperativləri, startapları və siyasətçiləri bir araya gətirərək, özəl sektorun innovasiyalar vasitəsilə adekvat və iqlimə davamlı mənzil həllərini necə genişləndirə biləcəyini müzakirə edəcək.

Urban ExpoSərgisində Yeniliklər

WUF13 çərçivəsində təşkil olunacaq Urban Expo sərgisində icra, innovasiya və öyrənməyə yönəlmiş yeni bölmələr təqdim olunacaq:

Biznes və İnnovasiya Mərkəzi Praktiki çatdırılma modelləri və özəl sektorla şəhərlər arasında tərəfdaşlıq imkanlarını nümayiş etdirəcək.

WUF Akademiyası: Universitetlər və tədqiqat institutlarını bir araya gətirərək elmi biliklərlə təcrübəni birləşdirən xüsusi öyrənmə məkanı olacaq.

Təcrübə Mərkəzi (Practices Hub):Dünyanın hər yerindən sınaqdan keçmiş mənzil həllərini və icra təcrübələrini təqdim edəcək.

Bağlanış Mərasimi: BMT Baş katibinin müavini Amina J. Mohammed-in iştirakı ilə keçiriləcək mərasimdə Forumun əsas nəticələri və öhdəlikləri əks olunacaq. Həmçinin, maraqlı tərəflərin birgə prioritetlərini özündə birləşdirən Bakı Fəaliyyət Çağırışı (Baku Call to Action) sənədi təqdim ediləcək.

Ümumdünya Şəhərsalma Forumu Haqqında
2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilmiş Ümumdünya Şəhərsalma Forumu (WUF) sürətli urbanizasiyanın şəhərlərə, icmalara, iqtisadiyyata və iqlim dəyişikliyinə təsirlərini araşdıran dünyanın ən mühüm konfransıdır.

UN-Habitat Haqqında
UN-Habitat dayanıqlı urbanizasiya üzrə məsul olan BMT qurumudur. 90-dan çox ölkədə proqramlar həyata keçirərək, sosial və ekoloji cəhətdən davamlı şəhər və qəsəbələrin yaradılmasında icmalara və siyasətçilərə dəstək verir. Daha çox məlumat üçün: unhabitat.org

Səbinə Həsənova
AzVision.az

Seçilən
23
azvision.az

1Mənbələr