Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hədr olunmuş "Türkologiyanın dünəni, bu günü və gələcəyi: elmi ənənələr və müasir çağırışlar" adlı beynəlxalq elmi konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransı giriş sözü ilə açan kollecin direktor müavini Şamama Əmirova konfransın əsas məqsədinin türkologiya elminin inkişaf mərhələlərinin araşdırılması olduğunu qeyd edib.
Onun sözlərinə görə, konfransın əsas məqsədlərindən biri də müxtəlif istiqamətlərdə aparılan elmi tədqiqatların müzakirəsidir:
"Həmçinin müasir yanaşmaların və texnologiyaların tətbiqi, dil və ədəbiyyat, tarix və mədəniyyət, təhsil və metodika, eləcə də iqtisadi inteqrasiya istiqamətində aparılan elmi tədqiqatların müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyən olunması da konfransın əsas məqsədlərindəndir".
Daha sonra Türkiyənin Selçuk Universiteti İncəsənət fakültəsinin dekanı, professor İlham Ənvəroğlu, Ankara Universiteti Kənd təsərrüfatı fakültəsi, Mənzərə Memarlığı bölümünün akademiki Nejla Kılınc, Almaniyanın Aachen Bələdiyyəsi Şəhər İnkişaf Şöbəsinin rəhbəri və Aachen Universitetinin nümayəndəsi Mehmet Çelik, professor, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmi Akademiyasının akademiki Şikar Qasımov, Ankara Musiqi və İncəsənət Universitetinin professoru Güzin Ayrancıoğlu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovaya, Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik Təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva və digər iştirakçılar çıxış ediblər .
Tədbirdə həmçinin türk xalqlarının ortaq mədəni dəyərləri, Novruz ənənələri, qədim türk mifologiyası, rəqəmsal dövrdə dillərin qorunması, süni intellektin dilə təsiri, müasir tədris metodları, ədəbiyyatda milli kimlik məsələləri və türk dünyasında iqtisadi inteqrasiya kimi aktual mövzulara da toxunulub.