AZ

"Bir gündə 100 min imtahan keçirmək mümkün deyil, rəqəmsal model planlaşdırılır" - DİM sədri

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan sistemində aparılan dəyişikliklər və gələcək planlarla bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, APA İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, imtahanların bir gündə keçirilməsi mövcud texniki və təşkilati imkanlarla məhduddur.

Məleykə Abbaszadənin sözlərinə görə, 100 min nəfərin eyni gündə imtahan verməsi üçün nəşriyyat, logistika, nəzarətçi və infrastruktur imkanlarının kəskin şəkildə artırılması tələb olunur.

“Bir gündə 100 min kitabçanın çapı, kifayət qədər imtahan binasının və nəzarətçinin təmin olunması ciddi çətinliklər yaradır”, - deyə o qeyd edib.

DİM sədri bildirib ki, hazırda maksimum bir gündə təxminən 62 min nəfərə imtahan keçirmək mümkündür.

Onun sözlərinə görə, bu prosesdə həm logistika, həm təhlükəsizlik, həm də təşkilati resurslar əsas rol oynayır.

Məleykə Abbaszadə əlavə edib ki, gələcəkdə imtahanların rəqəmsal modelə keçidi planlaşdırılır və bu zaman şagirdlər öz məktəblərində kompüter vasitəsilə imtahan verə biləcəklər.

“Bu halda 100 min kompüter və uyğun texniki infrastruktur tələb olunur”, - deyə o vurğulayıb.

DİM sədri qeyd edib ki, bəzi məktəblərdə kompüter sayı məzun sayından az olduğuna görə bu keçid mərhələli şəkildə həyata keçiriləcək.

Onun sözlərinə görə, rəqəmsal model tətbiq olunduqdan sonra imtahanların bir gündə keçirilməsi daha real ola bilər.

Məleykə Abbaszadə bildirib ki, bu dəyişikliklərin tam tətbiqi yaxın 5–6 il ərzində mümkün ola bilər.

 

Seçilən
21
1
redaktor.az

2Mənbələr