“Azərsun Holdinq”in təşkilatçılığı ilə jurnalistlərin Masallıdakı çay plantasiyalarına və çay emalı müəssisələrinə mediaturu təşkil olunub.
Mediatur çərçivəsində iştirakçılar çayın becərilməsi, yığımı və emalı prosesi ilə yaxından tanış olublar.
“Cebheinfo.az” xəbər verir ki, ilk olaraq jurnalistlər çay plantasiyalarına baş çəkiblər. Burada iştirakçılara çayın becərilməsi, qulluq prosesi və məhsul yığımı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, plantasiyalarda çay kollarından ildə dörd dəfə məhsul götürülür və bir çay kolu 100 ildən artıq məhsul verə bilir. Yaşıl örtüyə bürünmüş geniş sahələrdə işçilərin çay yığımı prosesi mediatur iştirakçılarının diqqətini xüsusilə cəlb edib.
Jurnalistlər də çay yığımını yaxından izləyib, plantasiyalarda görülən işlərlə tanış olublar. Həmçinin burada jurnalistlərə çayın qəbulundan başlayaraq qurudulması, çeşidlənməsi və qablaşdırılması mərhələləri barədə məlumat verilib.
Bildirilib ki, tam qurudulmuş çaydan qara çay, daha az qurudulmuş yarpaqlardan isə yaşıl çay hazırlanır. “SUN-TEA” fabrikinin direktoru Nuriyyə Rəhmənova qeyd edib ki, ölkə daxilində satışa çıxarılan məhsullarla xaricə ixrac olunan çaylar arasında keyfiyyət fərqi yoxdur. Azərbaycan çayının hazırda dünyanın 40-dan çox ölkəsinə ixrac edildiyi və müxtəlif beynəlxalq keyfiyyət sertifikatlarına layiq görüldüyü bildirilib.
Mediatur zamanı jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, çay istehsalının müxtəlif mərhələləri barədə ətraflı məlumat verilib. Səfər iştirakçılarda həm kənd təsərrüfatı, həm də yerli istehsal imkanları barədə geniş təsəvvür yaradıb.
Masallının sakit və yaşıl mənzərəsi fonunda keçirilən mediatur Azərbaycan çayçılığının bugünkü vəziyyətini yaxından görmək baxımından yaddaqalan səfərlərdən biri olub.