AZ

Psixoloq: “İmtahan stresi 6 yaşlı uşaqlarda ciddi psixoloji gərginlik yaradır”

Artıq bir neçə gündür, ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibələrin təşkili keçirilir. Bu da bir çox uşaqlar tərəfindən böyük təşviş və həyəcana səbəb olur. Yaranan narahatlıq isə bir sıra uşaqların stres səbəbiylə suallara cavab verə bilməməsi ilə nəticələnir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən psixoloq Firəngiz Ağayevanın sözlərinə görə, imtahan stresi təkcə böyük uşaqlarda deyil, hətta 6 yaşlı uşaqlarda belə ciddi psixoloji gərginlik yaradır.

 

O bildirib ki, valideyn və müəllimlərin həddindən artıq gözləntisi, “mütləq bacarmalısan, uğur qazanmalısan” kimi təzyiqlər uşaqlarda ağlama, həyəcan, özünəqapanma, özgüvən azalması və məktəb qorxusu yarada bilər: “Xüsusilə birinci sinfə gedən uşaqlar üçün bu proses çox həssasdır. Çünki onlar hələ emosiyalarını tam idarə edə bilmirlər. İmtahan onların gözündə böyük bir qorxuya çevriləndə, bu gələcəkdə dərsə, məktəbə və ümumiyyətlə, öyrənməyə qarşı mənfi münasibət formalaşdıra bilər. Belə erkən yaşda uşağın bilikdən çox psixoloji hazırlığı nəzərə alınmalıdır. Çünki sərt qiymətləndirmə, təzyiq, qorxu və yüksək gözlənti uşaqlarda həyəcan, ağlama, özünəinam itkisi, məktəb qorxusu, uğursuzluq hissi yarada bilər”.

 

Psixoloq qeyd edib ki, bir çox hallarda uşaq imtahanın mahiyyətini belə tam anlamır, sadəcə, valideyn və mühitin gərginliyini hiss edir: “Bu isə onda “səhv etsəm, pis olar”, “bacarmasam, sevilmərəm” kimi düşüncələr formalaşdıra bilər. Psixoloji baxımdan bu yaşda əsas məqsəd uşağı yarışa salmaq yox, onun məktəb mühitinə nə qədər uyğunlaşa bildiyini yumşaq şəkildə dəyərləndirmək olmalıdır. Əgər bu proses düzgün aparılmasa, erkən yaşda yaranan stress gələcəkdə dərsə qarşı qorxu, performans narahatlığı, özgüvən zəifliyi yarada bilər. Uşaqlar bu yaşda təzyiqə yox, dəstəyə ehtiyac duyurlar. Onların emosional təhlükəsizliyi akademik göstəricidən daha önəmlidir. Yəni birinci sinfə keçid zamanı uşağa psixoloji yük deyil, uyğunlaşma dəstəyi verilməlidir. Çünki sağlam psixologiya olmadan uğurlu təhsil prosesi qurmaq daha çətin olur. Eyni vəziyyət yuxarı sinif şagirdlərində də müşahidə olunur. 11-ci sinifdə buraxılış və qəbul imtahanları zamanı abituriyentlərdə panika, yuxu pozuntusu, yüksək narahatlıq, özünü yetərsiz hiss etmə kimi hallar yarana bilir. Yəni yaş fərq etmədən, imtahan stresi düzgün idarə olunmasa psixoloji yükə çevrilir. Bu səbəbdən ən vacib məsələ uşağa nəticədən çox prosesə fokuslanmağı öyrətməkdir”.

 

F.Ağayeva uşaqlara və yeniyetmələrə bu ərəfədə kömək etməyin yollarından bəhs edib: “Onlara təzyiq göstərməmək, uğuru sevgi ilə şərtləndirməmək, “sən əlindən gələni et” mesajını vermək, yuxu rejiminə diqqət etmək, istirahət və oyun balansı yaratmaq lazımdır. Bununla yanaşı nəfəs məşqləri və rahatlama texnikaları öyrətmək, həmçinin valideynin öz narahatlığını uşağa yansıtmaması vacib amillərdəndir. Ən önəmlisi isə budur imtahan uşağın dəyərini müəyyən etmir. Uşaq bunu hiss etdikdə qorxusu azalır, özünü daha rahat ifadə edir. Psixoloji olaraq sağlam yanaşma budur ki, uşaq imtahanı həyatının ən böyük qorxusu kimi deyil, sadəcə, bir təcrübə kimi qəbul etsin. Çünki sağlam ruh halı, yüksək nəticədən daha vacibdir”.

 

Şəhanə Quliyeva

Tarix: 14 May 2026, 14:20   
Seçilən
88
pravda.az

1Mənbələr