Virusun yayılmasının qarşısını almaq üçün həm dövlət qurumları, həm də vətəndaşlar profilaktik tədbirlərə ciddi yanaşmalıdırlar"
Son günlər dünyada hantavirusla bağlı yayılan xəbərlər beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb. Xüsusilə gəmi səyahətində olan şəxslər arasında qeydə alınan yoluxma halları və ölüm faktları virusun yenidən diqqət mərkəzinə çevrilməsinə səbəb olub. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətin hazırda qlobal miqyasda ciddi təhlükə yaratmadığını açıqlayaraq ümumi risk səviyyəsinin aşağı olduğunu bildirib. Təşkilatın məlumatına görə, hantavirus yüksək yoluxuculuğa malik virus sayılmır və əsasən gəmiricilər vasitəsilə insanlara keçir.
Hafta.az xəbər verir ki, ÜST-nin Azərbaycandakı nümayəndəliyi beynəlxalq səhiyyə qaydaları çərçivəsində bir neçə ölkə ilə birlikdə sürətli cavab tədbirlərinin həyata keçirildiyini açıqlayıb. Əsas diqqət xəstələrin vaxtında müəyyən olunmasına, təhlükəsizliyin təmin edilməsinə və virusun daha geniş yayılmasının qarşısının alınmasına yönəlib. Mütəxəssislər bildirirlər ki, hantavirus yeni yaranmış infeksiya deyil. Virus illərdir dünyanın müxtəlif regionlarında müşahidə olunur. Lakin son hadisələr fonunda beynəlxalq nəqliyyatın və turizmin intensiv olduğu bir dövrdə onun yenidən diqqətlə izlənməsi zərurəti yaranıb.
Hantavirus əsasən virus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi vasitəsilə yayılır. İnsanlar, xüsusilə qapalı və yaxşı havalandırılmayan məkanlarda təmizlik işləri apararkən, çirklənmiş tozu nəfəsə çəkdikdə yoluxa bilərlər. Kənd təsərrüfatı, meşə təsərrüfatı işləri, anbar və zirzəmilərdə fəaliyyət göstərmək də risk faktorları sırasında göstərilir. Nadir hallarda gəmirici dişləmələri də virusun ötürülməsinə səbəb ola bilir. Bununla yanaşı, virusun insandan insana keçməsi çox nadir hesab olunur. ÜST bildirir ki, belə hallar, əsasən, Amerikada rast gəlinən Andes virusu ilə əlaqələndirilir və adətən ailə üzvləri və ya uzunmüddətli yaxın təmasda olan insanlar arasında müşahidə edilir.
Hazırda ÜST beynəlxalq təmas izlənməsi prosesini davam etdirir. Gəmidə olmuş sərnişinlərlə bağlı Kanada, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Müqəddəs Kitts və Nevis, Sinqapur, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ daxil olmaqla 12 ölkə məlumatlandırılıb. Eyni zamanda Cənubi Afrika ilə əlaqəli təyyarə reysi üzrə sərnişinlərin izlənməsi üçün də tədbirlər görülür. Risk qrupunda olan şəxslərə hər hansı simptom yarandığı halda dərhal səhiyyə qurumlarına müraciət etmələri tövsiyə olunub.
Qeyd olunur ki, ilk yoluxma simptomları gəmi səyahətində olan Niderland vətəndaşı yaşlı cütlükdə qeydə alınıb və indiyədək üç nəfərin həyatını itirdiyi bildirilir. Buna baxmayaraq, ilkin yoluxmanın dəqiq harada baş verdiyi hələ müəyyənləşdirilməyib. Bu isə virusun mənbəyi və yayılma mexanizmlərinin daha dərindən araşdırılmasını zəruri edir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi isə açıqlayıb ki, ölkədə hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halı qeydə alınmayıb. Nazirlik virusun Azərbaycan üçün endemik olmadığını və mövcud epidemioloji vəziyyətin yayılma riskinin aşağı olduğunu bildirib. Bununla yanaşı, ÜST-nin Azərbaycandakı nümayəndəliyi ölkədə hantavirusun diaqnostikası üçün laborator imkanların mövcud olduğunu vurğulayıb. Bildirilib ki, həm insan sağlamlığı, həm də heyvan sağlamlığı laboratoriyalarında hantavirusun PCR üsulu ilə yoxlanılması mümkündür. Ehtiyac yaranacağı halda nümunələrin ÜST-nin ixtisaslaşmış referans laboratoriyalarına göndərilməsi üçün də imkanlar mövcuddur.
Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, hantavirus təhlükəsi region ölkələri üçün diqqətdə saxlanmalı sağlamlıq problemlərindən biridir. Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün həm dövlət qurumları, həm də vətəndaşlar profilaktik tədbirlərə ciddi yanaşmalıdırlar.
Ekspert xüsusilə sərhəd-keçid məntəqələrində sanitariya nəzarətinin və deratizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, anbar, zirzəmi və digər qapalı məkanlarda təmizlik işləri aparan şəxslər qoruyucu maskalardan istifadə etməli, gəmiricilərlə təmasdan maksimum uzaq durmalıdırlar. Onun fikrincə, gigiyenik qaydalara əməl olunması və xəstəliyin erkən aşkarlanması potensial təhlükələrin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislərin məlumatına görə, hantavirusun simptomları adətən virusa məruz qaldıqdan bir ilə səkkiz həftə sonra meydana çıxır. Ən çox müşahidə olunan əlamətlər yüksək hərarət, güclü yorğunluq, baş və əzələ ağrıları, qarın ağrısı, ürəkbulanma, qusma və nəfəs alma çətinliyidir. Həkimlər, xüsusilə nəfəs darlığının sürətlə ağırlaşmasının ciddi təhlükə siqnalı olduğunu bildirirlər. Bu səbəbdən belə simptomlar yaranan zaman vaxt itirmədən tibbi yardıma müraciət etmək tövsiyə olunur.
Hazırda hantavirus üçün xüsusi antiviral preparat və ya vaksin mövcud deyil. Müalicə, əsasən, xəstənin vəziyyətinin nəzarətdə saxlanılmasına, ağciyər, ürək və böyrək funksiyalarının dəstəklənməsinə yönəlib. ÜST bildirir ki, erkən tibbi yardım ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır. Təşkilat insanları təsdiqlənməmiş müalicə üsullarına inanmamağa çağırır. Yanlış və gecikmiş müdaxilə xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, əhalinin düzgün məlumatlandırılması, sanitariya-gigiyena qaydalarına əməl olunması və səhiyyə sisteminin hazırlıqlı olması mümkün risklərin qarşısının alınmasında əsas rol oynayır.