Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilən “İmkanlar hər kəs üçün” sosial layihəsinin bağlanış mərasimi keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində təşkil olunub.
Tədbirdə layihənin tərəfdaşları olan dövlət və özəl müəssisələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, proqrama cəlb edilmiş əlilliyi olan gənclər iştirak ediblər. Onlar əvvəlcə Mərkəzin təlimçi və benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü Sessiyası ərəfəsində reallaşan “İmkanlar – Hər kəs üçün” layihəsinin hər kəs üçün bərabər imkanların təşviqi və əlçatan şəhər mühitinin formalaşdırılmasında xüsusi önəmini vurğulayıb. O, Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən birinin də əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, onlar üçün inklüziv mühitin təmin edilməsi olduğunu bildirib. Ölkəmizin hələ 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulduğunu, Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların 2018-ci ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda əksini tapdığını qeyd edib.