AZ

Şuşada IX Beynəlxalq “Xarıbülbül” Festivalı

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Festivalda təkcə yerli incəsənət nümayəndələri deyil, həm də bir sıra xarici ölkələrdən gələn musiqi kollektivləri və solo ifaçılar bir araya gəlib. Belə ki, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri "Xarıbülbül"ə dəvət olunub.

Festivalın əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, sənətkarlar arasında yaradıcılıq mübadiləsinə şərait yaratmaq və gənc musiqiçilərin inkişafına dəstək verməkdir.

“Xarıbülbül”ün açılış konsertində Xalq artistləri Polad Bülbüloğlu, Tünzalə Ağayeva, Yusif Eyvazov, Əməkdar artistlər Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramov, Əməkdar mədəniyyət işçiləri aşıq Samirə və aşıq Əli, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev, ifaçılar Habil Məmmədov və tələbələri, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Həmid Abdulov, eləcə də İsmayıl Zeynalov, Kiyoşi Ohira (Yaponiya), Düsseldorfda fəaliyyət göstərən “Reyndə alman operası” teatrının solisti Mara Hüseynova, həmçinin Müşfiq Quliyev, Riad Məmmədov, Uğur İşılak (Türkiyə), Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Qazaxıstanın “Turan” Etno-Folk Ansamblı, Özbəkistanın “Şodlık” Rəqs Ansamblı, Türkmənistanın “Qalkınış” Rəqs Ansamblı çıxış ediblər.

* * *

Musiqi festivalı yaradıcı gənclərin bacarıq və ideyalarını göstərmələri, milli sənət ənənələrini müasir baxışla təqdim etmələri üçün mühüm platforma rolunu oynayır.

Bu baxımdan festivalın birinci gününün növbəti tədbiri xüsusi əhəmiyyət kəsb edib. Cıdır düzündə təşkil olunan konsert proqramında Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri səhnəyə çıxıblar.

Gənc musiqiçilərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim edilib. Proqramda Qarabağ Universitetinin xanəndəlik, vokal, balaban, piano və digər sinifləri üzrə şagirdlərin çıxışları olub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, skripka və violonçel milli alətlərimiz olmasa da, bu gün məhz həmin alətlər vasitəsilə Azərbaycan musiqisi dünyanın müxtəlif səhnələrində səslənir, fərqli auditoriyalara çatdırılır. “Mənim ən böyük arzum odur ki, Azərbaycan musiqiçiləri bütün dünya səhnələrində çıxış etsinlər, ölkəmizi layiqincə təmsil etsinlər”, – deyə o vurğulayıb.

Əməkdar artist Təyyar Bayramov açıqlamasında deyib ki, festival hər zamankı kimi, yüksək səviyyədə və möhtəşəm təşkil olunub. Onun sözlərinə görə, bu cür layihələr Azərbaycan musiqisinin zənginliyini və müasir nəfəsini nümayiş etdirmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu vurğulayıb ki, bu gün Cıdır düzündə mədəniyyətimizin ən gözəl bayramlarından biri keçirilir. İllərin sınağından çıxmış, müxtəlif mərhələlərdən keçmiş bu möhtəşəm tədbir – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı zaman keçdikcə daha da cavanlaşır.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbəsi Nuray Paşayeva qeyd edib ki, bu cür tədbirlər dövlətin gənclərə göstərdiyi diqqət və dəstəyin bariz nümunəsidir. O bildirib ki, burada olmaq, çıxış etmək və yaradıcı mühitin bir parçasına çevrilmək böyük ruh yüksəkliyidir.

Qarabağ Universitetinin müəllimi, festivalın iştirakçısı Elxan Qurbanlı qeyd edib ki, bu cür tədbirlər gənclərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. “Dövlətin dəstəyi ilə təşkil olunan festivallar onların yaradıcılıq potensialını üzə çıxarır, peşəkar səviyyəyə yüksəlməsinə şərait yaradır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, festival mayın 15-dək davam edəcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
7
xalqqazeti.az

10Mənbələr