ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
“İlk dəfə idi xaricə gedəcəkdik. Orada sovet insanını layiqincə təmsil etməli, ölkəmiz və futbolumuz haqda müsbət təəssürat yaratmalı idik. Buna görə də səfərə bir neçə gün qalmış bizi Bakının ən səviyyəli restoranına aparıb, çəngəl-bıçaqla yemək, onlardan necə istifadə etmək qaydalarını başa saldılar. İngiliscə bir neçə söz də öyrətmişdilər”.
Bu sətirlər müxtəlif illərdə Bakının “Neftçi” komandasının qapıçısı, rəisi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi və Dövlət Televiziyasının şərhçisi kimi milyonların sevimli oyununun respublikamızda təbliğinə və inkişafına yorulmadan öz töhfələrini vermiş mərhum SSRİ idman ustası Çingiz İsmayılova məxsusdur və “Neftçi”–70, unudulmayan keçmiş, 1937–2007” kitabında (müəlliflər–Səbuhi Səfiyarlı, Elçin Rüstəmov) yer almışdır.
Bəs həmin xatirə qeydləri nə vaxt qələmə alınmış, SSRİ birinciliyinin “B” qrupunda oynayan “Neftçi”nin xaricə ilk səfəri neçənci ilə təsadüf etmiş, hansı ölkəyə olmuş, görüşlər necə nəticələnmişdir.
Bu barədə isə Azərbaycan idmanının yetirdiyi digər görkəmli şəxsiyyət, respublika Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin müavini, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurasının sədri, “Neftçi”nin SSRİ çempionatının bürünc medallarını Bakıya gətirdiyi 1966-cı il də daxil olmaqla bir neçə il flaqman komandamızın rəisi kimi məsul vəzifələrdə çalışmış Şövkət Orduxanovun (Allah rəhmət eləsin) “Dünya dostumuzdur” kitabında ətraflı məlumat verilmişdir. 1978-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuş və respublika idmançılarının beynəlxalq görüşləri haqqında əhatəli məlumatlarla zəngin olan kitabda “Neftçi”nin Finlandiya səfəri də rəğbətlə xatırlanmışdır.
Oxuyaq: “1954-cü ildə “B” qrupu üzrə SSRİ birinciliyində çıxış edən “Neftçi” futbolçularına ölkədə birinci olaraq xaricdə sovet futbolunun ikinci dəstəsinin şərəfini qorumaq tapşırıldı. Finlandiya ilə ilk əlaqənin daha bir xüsusiyyəti var idi. İlk dəfə xaricə gedən Bakının “Neftçi” kollektivi “SSRİ–Finlandiya” Cəmiyyəti Finlandiya şöbəsinin dəvəti ilə bu ölkəyə səfərə cıxan sovet gəncləri nümayəndə heyətinin tərkibinə daxil idi.
Finlandiyanın bütün şəhərlərində kütləvi sülh və dostluq mitinqləri keçirildi. Bu mitinqlər ölkəmizin incəsənət ustalarının konsertləri və “Neftçi” futbolçularının iştirakı ilə keçirilən idman yarışları ilə başa çatdı.
Futbolçularımız Finlandiya şəhərlərində altı görüş keçirdilər və bütün oyunlarda parlaq qələbələr qazandılar. Bakılılar Lappenrant, Mikelli, Pietsari, Kemi, Turku şəhərlərinin yığma kollektivlərinə və Helsinkidə kommunal işçilərinin komandasına qalib gəldilər. Bu görüşlərin ümumi nəticəsi 39:0 oldu.
Bütün Finlandiya mətbuatı futbol ustalarımızın gözəl müvəffəqiyyətini geniş işıqlandırırdı. Oyunlar haqqında ətraflı hesabatlar dərc olunur, fotoşəkillər verilirdi. Qəzetlər yazırdılar ki, bakılılar “Bakı valsı” nümayiş etdirir, “Azərbaycan tempi” göstərirlər və s.
Üç ildən sonra Finlandiya futbolçuları cavab səfərinə gəldilər. Milli çempionatın üçüncü mükafatçısı–Turku şəhərinin TPS idman klubu Bakıda “Neftçi” ilə görüşdü. Bu oyunda bakılılar ərazi üstünlüyünə malik idilər. Lakin Finlandiya komandasının müdafiə xətti qapının təhlükəsizliyini təmin edə bildi. Oyun heç-heçə başa çatdı”.
Beləliklə, çox dəyərli kitabların köməyi ilə bu gün xatırladıq ki, “Neftçi”nin xarici ölkələrə ilk səfəri 1954-cü ildə Finlandiyaya olmuş, komanda orada sovet futbolunu layiqincə təmsil etmiş, yüksək etimadı şərəflə–6 oyunda 6 qələbə ilə doğrulmuşdur.
***
Azərbaycan milli komandasının nisbətən yaxın keçmişdə, 2007-ci il martın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya komandası ilə keçirdiyi oyunu da yeri gəldikdə xoş əhvalla xatırlayırıq. Həmin görüşdə yığmamızın baş məşqçisi Şahin Diniyev 66-cı dəqiqədə heyətdə dəyişiklik edərək Emin İmaməliyevi meydana buraxmış və gərgin mübarizənin taleyini də qarşılaşmanın sonuna yaxın onun vurduğu qol həll etmişdir. Qapıçımız Fərhad Vəliyev, başda komandanın kapitanı Aslan Kərimov olmaqla müdafiəçilər də inamla oynayaraq, italiyalı hakim Domeniko Messinanın final işarəsinədək qələbə hesabını qoruyub saxlaya bilmişlər–1:0.
Bu komandaların həmin ilin noyabr ayında Helsinkinin Olimpiya stadionunda keçirilmiş görüşündə də ikinci hissənin ortalarında Mahmud Qurbanov hesabı açdıqdan sonra Azərbaycan futbolçuları qələbəyə daha yaxın olmuşlar. Amma qalan vaxt ərzində Finlandiya komandası bu qola iki topla cavab vermişdir. Nəticədə lüksemburqlu hakim Alan Hammer rəqibimizin xeyrinə 2:1 hesabı qeydə almış və qələbəyə baharda Bakıda olduğu kimi, payızda Helsinkidə də meydan sahibləri sevinmişlər.
Oqtay BAYRAMOV,Əməkdar jurnalist
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.