Son günlər əhali arasında boğaz ağrısı, quru və ya bəlğəmli öskürək, halsızlıq kimi şikayətlər artıb. Xüsusilə hava dəyişiklikləri, temperatur fərqləri və mövsümi virusların yayılması bu halların daha çox görünməsinə səbəb olur.
İmmunitetin zəifləməsi, qapalı məkanlarda uzun müddət qalmaq və gündəlik yorğunluq da bu cür narahatlıqları artıran amillər sırasında göstərilir. Bəzi hallarda sadə boğaz qıcıqlanması qısa müddətdə daha güclü öskürəyə çevrilə bilir. Hazırda həm böyüklər, həm də uşaqlar arasında oxşar simptomların yayılması diqqət çəkir. Bunun əsas səbəblərinin nə olduğu və bu vəziyyətdən qorunmaq üçün hansı addımların atılmalı olduğu maraq doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında həkim-terapevt Zakir Quliyev bildirib ki, son günlər insanlar arasında boğaz ağrısı, quru və ya bəlğəmli öskürək, halsızlıq, burun axması və yüngül hərarət hallarında artım müşahidə olunur. Onun sözlərinə görə, bunun əsas səbəbi mövsüm keçidləri zamanı virus infeksiyalarının aktivləşməsidir:
“Xüsusilə yaz-yay keçidində hava temperaturunun gün ərzində tez-tez dəyişməsi, küləkli hava, kondisionerlərdən düzgün istifadə olunmaması və immun sisteminin zəifləməsi yuxarı tənəffüs yolları infeksiyalarının yayılmasını artırır”.
Həkim qeyd edib ki, hazırda müşahidə olunan halların əksəriyyəti virus mənşəlidir:
“İnsanların sıx olduğu məkanlarda uzun müddət qalmaq, xəstə şəxslərlə yaxın təmas, gigiyena qaydalarına tam əməl edilməməsi virusların sürətlə yayılmasına şərait yaradır. Boğaz ağrısı və öskürək bəzən sadə soyuqdəymə fonunda yaransa da, bəzi hallarda qrip, farinqit, laringit və digər respirator infeksiyaların ilkin əlaməti ola bilər”.

Zakir Quliyev: Özbaşına antibiotik istifadəsi düzgün deyil, çünki virus infeksiyalarında antibiotiklərin təsiri olmur
Müsahibimiz əlavə edib ki, qorunmaq üçün ilk növbədə immun sistemini güclü saxlamaq vacibdir:
“Kifayət qədər yuxu, düzgün qidalanma, bol maye qəbulu və vitaminlərlə zəngin qidalar orqanizmin müqavimətini artırır. İnsanlara havaya uyğun geyinmək, soyuq içkilərdən həddindən artıq istifadə etməmək, kondisioner qarşısında uzun müddət qalmamaq tövsiyə olunur. Eyni zamanda əllərin tez-tez yuyulması, qapalı məkanların havalandırılması və xəstə şəxslərlə yaxın təmasdan uzaq durmaq vacibdir”.
Z.Quliyev vurğulayıb ki, əgər boğaz ağrısı və öskürək uzun müddət davam edirsə, yüksək hərarət, nəfəs darlığı və ya güclü halsızlıq yaranırsa, mütləq həkimə müraciət edilməlidir:
“Özbaşına antibiotik istifadəsi isə düzgün deyil, çünki virus infeksiyalarında antibiotiklərin təsiri olmur və bu, gələcəkdə antibiotiklərə qarşı davamlılıq yarada bilər”.
Aynur Babazadə