AZ

Sosial şəbəkələri dolaşan video: Şagirdin döyülməsi ilə bağlı məktəbdən açıqlama

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən 271 saylı məktəbdə şagirdlərdən biri tərəfindən digər şagirdə qarşı törədilən zorakılıq halları ilə bağlı video yayılıb.

Burada qeyd edilir ki, həmin şagird artıq bir neçə şagirdə qarşı belə zorakılıq halları törədib və onu da videogörüntüyə alaraq paylaşıb. 

Baş verən hadisə ilə bağlı məktəb və ya müvafiq qurumlar tərəfindən hansı tədbirlər həyata keçirilib? 

Məsələ ilə bağlı 271 saylı məktəbdən “Cebheinfo.az”-a verilən məlumata görə, mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib:

“Bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib. Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb. Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub.

Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.  Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.

Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.

Seçilən
27
19
cebheinfo.az

10Mənbələr