AZ

Maaşda ayrı seçkiliyə son

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qanuna dəyişiklik əmək bazarını silkələyəcəkAzərbaycanda gender bərabərliyi istiqamətində atılan yeni hüquqi addım əmək bazarında uzun illər müzakirə olunan vacib bir problemin həllinə yönəlib. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklik nəticəsində artıq işəgötürənlər eyni və ya bərabər dəyərli işi yerinə yetirən qadın və kişilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı ödəməyə borclu olacaqlar. Bu dəyişiklik təkcə sosial ədalət məsələsi deyil, həm də iqtisadi səmərəlilik, əmək bazarının keyfiyyəti və insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Mövcud vəziyyət göstərir ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da əmək bazarında gender əsaslı maaş fərqləri mövcuddur. Rəsmi statistikalar və beynəlxalq hesabatlar göstərir ki, qadınlar bir çox hallarda eyni bacarıq, təhsil və təcrübəyə malik olsalar belə kişilərlə müqayisədə daha aşağı əməkhaqqı alırlar. Xüsusilə özəl sektorda, xidmət sahələrində, idarəetmə və yüksək gəlirli peşələrdə bu fərq daha aydın hiss olunur.Problemin əsas səbəblərindən biri əməkhaqqı sistemində şəffaflığın zəif olması və “eyni iş” anlayışının hüquqi baxımdan dəqiq tənzimlənməməsi idi. Əvvəlki dövrdə işəgötürənlər çox vaxt fərqli vəzifə adlarından və ya formal yanaşmalardan istifadə etməklə eyni dəyərli əməyə fərqli maaş tətbiq edə bilirdilər. Məsələn, eyni funksiyanı yerinə yetirən kişi əməkdaş “aparıcı mütəxəssis”, qadın əməkdaş isə “koordinator” vəzifəsində göstərilərək maaş fərqi yaradılırdı. Xüsusilə satış, bank, marketinq, inzibati idarəetmə və xidmət sektorunda qadınların bonus və əlavə ödənişlərə çıxış imkanları kişilərlə müqayisədə daha məhdud olurdu. Yeni dəyişiklik məhz bu boşluqları aradan qaldırmağa yönəlib. Qanunda diqqət çəkən əsas məqam “eyni və ya bərabər dəyərli müxtəlif iş” anlayışının daxil edilməsidir. Bu, çox mühüm yanaşmadır. Çünki müasir əmək bazarında hər zaman vəzifə adları eyni olmur. Lakin işin məsuliyyəti, tələb etdiyi bilik və bacarıq, əmək şəraiti və peşə yükü eyni dəyər yarada bilər. Yeni hüquqi mexanizm işə yalnız vəzifə adına görə deyil, real iqtisadi və funksional dəyərinə görə qiymət verilməsini təşviq edir. Bu isə əmək bazarında daha obyektiv və peşəkar əməkhaqqı sisteminin formalaşmasına səbəb olacaq. Bu yeniliyi zəruri edən amillərdən biri də iqtisadi inkişafın artıq insan kapitalının keyfiyyətindən asılı olmasıdır. Müasir iqtisadiyyatda qadınların əmək bazarından tam və effektiv istifadəsi ölkənin ümumi məhsuldarlığını artırır. Əgər qadın işçi eyni əməyə görə daha az maaş alırsa, bu həm motivasiya itkisinə, həm də peşəkar kadr axınına səbəb olur. Nəticədə şirkətlər bacarıqlı işçi qüvvəsini itirir, əmək məhsuldarlığı aşağı düşür və iqtisadiyyat insan resurslarından tam istifadə edə bilmir. Beynəlxalq təcrübə də göstərir ki, gender əsaslı maaş bərabərliyinin təmin olunması iqtisadi artıma müsbət təsir edir. Skandinaviya ölkələrində, xüsusilə İsveç və Norveçdə tətbiq olunan bərabər əməkhaqqı siyasəti qadınların əmək bazarında iştirak səviyyəsini artırıb, ailələrin gəlirlərini yüksəldib və orta təbəqənin güclənməsinə səbəb olub. Avropa İttifaqında isə son illər şirkətlərdən gender maaş fərqi hesabatlarının təqdim olunması tələb edilir. Azərbaycan üçün də bu dəyişiklik beynəlxalq əmək standartlarına yaxınlaşmaq və investisiya mühitini daha müasir prinsiplərlə inkişaf etdirmək baxımından əhəmiyyətlidir.Yeni dəyişiklik biznes mühiti üçün də mühüm nəticələr vəd edir. İlk növbədə şirkətlərdə korporativ idarəetmə standartları güclənəcək. Əməkhaqqı siyasətində şəffaflıq artacaq, performansa əsaslanan qiymətləndirmə mexanizmləri genişlənəcək. Bu isə həm işçi məmnuniyyətini, həm də şirkət daxilində etimadı artıracaq. Digər tərəfdən, gender bərabərliyinə həssas yanaşan şirkətlər beynəlxalq investorlar və tərəfdaşlar üçün daha cəlbedici görünəcək. Çünki artıq sosial bərabərlik göstəriciləri biznes reputasiyasının əsas elementlərindən birinə çevrilib.Sosial baxımdan isə bu qərar ailə rifahına və qadınların iqtisadi müstəqilliyinə ciddi müsbət təsir göstərə bilər. Azərbaycanda bir çox ailələrdə qadınlar həm əmək fəaliyyəti ilə məşğul olur, həm də ailədaxili yükün əsas hissəsini daşıyırlar. Ədalətli əməkhaqqı onların iqtisadi təhlükəsizliyini gücləndirəcək, yoxsulluq riskini azaldacaq və xüsusilə regionlarda qadın məşğulluğunu stimullaşdıracaq. Bununla yanaşı, qanunun effektiv icrası əsas məsələ olacaq. Çünki hüquqi norma qəbul etmək kifayət deyil, onun tətbiqinə nəzarət mexanizmləri də güclü olmalıdır. Əmək müqavilələrinin şəffaflığı, əməkhaqqı auditləri, daxili HR siyasətlərinin yenilənməsi və işçilərin hüquqi maarifləndirilməsi vacib olacaq. Əks halda, bəzi işəgötürənlər formal yanaşmalarla yenə də fərqli ödəniş mexanizmləri yarada bilərlər. Ümumilikdə, Əmək Məcəlləsinə edilən bu dəyişiklik əmək bazarında daha ədalətli, şəffaf və səmərəli münasibətlərin formalaşmasına xidmət edir. Bu addım yalnız qadınların hüquqlarının müdafiəsi deyil, həm də iqtisadi modernləşmə, insan kapitalının gücləndirilməsi və dayanıqlı inkişaf baxımından strateji əhəmiyyət daşıyan bir islahatdır. Azərbaycanda gender əsaslı əməkhaqqı fərqlərinin azalması həm sosial balansı gücləndirə, həm də iqtisadiyyatın rəqabət qabiliyyətini artıran mühüm amillərdən birinə çevrilə bilər. Çünki XXI əsrin iqtisadiyyatında üstünlük fiziki gücün deyil, intellektin, peşəkarlığın və məhsuldarlığın tərəfindədir. Bunların isə cinsi olmur.Çinarə Ağayeva

Biznes məsləhətçi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
demokrat.az

1Mənbələr