AZ

Adını dəyişmək istəyənlərin nəzərinə: Qayda belədir

Ad dəyişmə insanın şəxsi, ailəvi və ya hüquqi həyatında mühüm dəyişikliklərdən biri hesab olunur. Bu dəyişiklik evlilik, boşanma, dini baxış və ya şəxsi seçim kimi amillərlə bağlı ola bilir. Bu addım şəxsə bəzən hüquqi, həm sosial baxımdan bir sıra problemləri yaşamasına yol açır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən “Ekspert-SM LTD” MMC-nin hüquqşünası Nigar Mustafayevanın sözlərinə görə, fiziki şəxs qanunla müəyyən edilmiş qaydada öz adını dəyişdirmək hüququna malikdir.

 

O bildirib ki, adın dəyişdirilməsi üçün şəxs ərizə ilə müraciət edir və bu dəyişiklik vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydə alınmalıdır: “Adını dəyişdirmiş şəxs əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələri saxlayır. Lakin borclularına və kreditorlarına bu barədə məlumat verməlidir. Məlumat verilməməsinin nəticələrinə görə isə məsuliyyət daşıyır. Ad dəyişdirilməsi zamanı şəxs öz əvvəlki adına rəsmiləşdirilmiş sənəddə dəyişikliklərin aparılmasını tələb edə bilər. Yaranan çətinliklər borclular və sənədlərlə bağlıdır. Ad, soyadı dəyişmək yalnız 18 yaşına çatmış şəxslərə icazə verilir. Bu ərizə əsasında və ya məhkəmə qətnaməsi ilə dövlət qeydiyyatına alınır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanına ötürülür və qeydiyyat aparılır. Prosedur zamanı yaşanan əsas çətinliklərə səbəb sənədlərin düzgün və tam təqdim edilməməsi, borclular və kreditorlara vaxtında xəbər verilməməsi, həmçinin bəzi hallarda dövlət orqanlarında qeydiyyat prosesinin ləngiməsi və ya texniki problemlərdir. Ad dəyişdirildikdə bank, vergi və digər rəsmi qeydiyyatlarda da dəyişikliklərin aparılması üçün əlavə prosedurlar tələb oluna bilər. Vergi qanunvericiliyinə əsasən fiziki şəxsin soyadı, adı, atasının adı dəyişdikdə ona müraciəti əsasında yeni fiziki şəxsin uçotu haqqında şəhadətnamə verilir. Bu zaman fiziki şəxsin əvvəlki uçot haqqında şəhadətnaməsi geri alınır. Fiziki şəxslərin elektorn fornada vergi uçotuna alınması Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının 2017-ci il 27 yanvar tarixli qərarı ilə təsdiq edilmiş inzibati reqlamentə uyğun olaraq aparılır. Fiziki şəxsin uçot sənədlərinin qəbul edilməsi zamanı fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə əsas fəaliyyət növünə uyğun olaraq vergi qanunvericiliyinin zəruri hesab olunan tələbləri barədə məlumat verilir. Məsələn, fiziki şəxs bankla müqaviləsi bağlayıb, ancaq sonradan ad dəyişimi edibsə, tərəflərin razılığı ilə bank hesabı müqaviləsində dəyişikliklər edilir və yeni müqavilə bağlanır. Vergi ödəyicisi vaxtilə vergi orqanında uçota alınmaq üçün ərizə verib, sonra məlumatlarda dəyişikliklər baş veribsə, bu barədə dəyişiklik baş verdiyi andan 10 gündən gec olmayaraq vergi orqanına yazılı və ya elektron formada məlumat verməlidir. Fiziki şəxs adını dəyişmək hüququna malikdir və bu dəyişiklik yalnız qanunla müəyyən edilmiş qaydada, yəni vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün nəzərdə tutulmuş prosedura uyğun olaraq həyata keçirilir. Adın dəyişdirilməsi üçün ərizə ilə müraciət edilir və qeydiyyat orqanı tərəfindən akt qeydi tərtib olunur”.

 

Hüquqşünas qeyd edib ki, adın, ata adının və soyadın dəyişdirilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir: “Ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir (6.2). Ad, ata adı və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir (6.4). Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda ad, ata adı, soyadın dəyişdirilməsinə yol verilmir (6.5). Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir (6.6). Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır. Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq idarəsi vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən əldə edildikdən sonra baxılır”.

 

Şəhanə Quliyeva

Tarix: 15 May 2026, 15:37   
Seçilən
14
pravda.az

1Mənbələr