Xankəndi, 15 may, AZƏRTAC
Mayın 15-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Xankəndi şəhərinə səfər edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub. Qonaqlara şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış məhəllələrinin yenilənməsi, sosial obyektlərin bərpası və şəhərin müasir inkişaf konsepsiyası əsasında görülən işlər barədə məlumat verilib.
Nümayəndə heyəti Zəfər parkını da ziyarət edib. Burada qonaqlara Azərbaycanın tarixi Qələbəsinin rəmzi olan parkın əhəmiyyəti barədə məlumat verilib.
Sonra nümayəndə heyəti Qarabağ Universiteti, orada yaradılan müasir tədris infrastrukturu, auditoriyalar, kitabxana və laboratoriyalarla tanış olublar. Universitetin rektoru Şahin Bayramov ilə keçirilən görüş zamanı qonaqlar ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və regionda yüksəkixtisaslı kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alıblar. Görüşdə Qarabağ bölgəsində həyata keçirilən bərpa və inkişaf proseslərinin təhsil sahəsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Müxbir – Tahir Ağaməmmədov