AZ

Qlobal güclərin savaş meydanı: Yaxın Şərq ÇALXALANIR

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələrinin müdaxiləsi səbəbindən Yaxın Şərq və Şimali Afrika regionunda vəziyyət getdikcə daha da mürəkkəbləşir.

O, bu fikirləri Nyu-Dehlidə keçirilən BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında səsləndirib.

LAVROV.jpg

Lavrovun sözlərinə görə, görüş zamanı dünyanın müxtəlif bölgələrindəki böhran vəziyyətləri, xüsusilə də Yaxın Şərqdə baş verən hadisələr geniş müzakirə olunub. Bura Hörmüz boğazı və İran ətrafındakı gərginlik, Livan, Fələstin əraziləri, Liviya, Yəmən və Suriyadakı vəziyyət daxildir.

Nazir qeyd edib ki, bütün bu münaqişələr bir-biri ilə əlaqələnərək regionda ziddiyyətlər düyünü yaradır, nəticədə Yaxın Şərqdə və Şimali Afrikada vəziyyət daha da ağırlaşır.

O əlavə edib ki, sadalanan “qaynar nöqtələrin” demək olar hamısı Qərb dövlətlərinin müxtəlif ölkələrin daxili işlərinə kobud müdaxiləsinin nəticəsidir. Lavrovun fikrincə, son 15 ildə, xüsusilə “Ərəb baharı” adlandırılan hadisələrdən sonra həyata keçirilən silahlı müdaxilələr və hakimiyyət dəyişiklikləri regionda bugünkü qeyri-sabitliyin əsas səbəblərindən biridir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Lalə Xəlilzadə Musavat.com-a Lavrovun fikirlərini şərh edib.

WhatsApp

O xatırladıb ki, Yaxın Şərqdə böhranların nəticəsi olaraq dövlət strukturlarının zəifləməsi və daxili xaos xüsusilə 2011-ci ildən etibarən daha aydın şəkildə özünü göstərməyə başlayıb:

“Bu proses bir neçə əsas amillə izah oluna bilər. İlk növbədə, ərəb ölkələrində uzun illər ərzində yığılan sosial-iqtisadi və siyasi problemlər regionda genişmiqyaslı narazılıqların əsasını təşkil edib. Sonrakı mərhələdə isə xarici müdaxilələr bu proseslərin istiqamətinə və dərinliyinə əhəmiyyətli təsir göstərib. Nəticə etibarilə, daxili etiraz dalğaları bəzi ölkələrdə regional və beynəlxalq güclərin də iştirak etdiyi mürəkkəb geosiyasi qarşıdurmalara çevrilib. Belə ki, 2003-cü ildə İraqa və 2011-ci ildə Liviyaya xarici müdaxilələr dövlət institutlarının zəifləməsinə və ya çökməsinə gətirib çıxarıb, bunun nəticəsində uzunmüddətli güc vakuumu yaranıb. Bu boşluq müxtəlif silahlı qruplaşmaların meydana çıxmasına və mövcud münaqişələrin daha da dərinləşməsinə şərait yaradıb. Liviyada 2011-ci ildə NATO-nun hərbi müdaxiləsi nəticəsində siyasi sistemin çökməsi ölkəni uzunmüddətli qeyri-sabitlik və parçalanma vəziyyətinə sürükləyib. Suriyada isə daxili etirazlarla başlayan proses qısa müddət ərzində regional və qlobal aktorların iştirakı ilə genişmiqyaslı proksi müharibəyə çevrilib. Misirdə proses fərqli istiqamətdə inkişaf edib, kütləvi etirazlardan sonra hərbi müdaxilə nəticəsində siyasi hakimiyyət dəyişib və ölkənin daxili siyasi kursu yenidən formalaşıb. Bu kontekstdə xarici müdaxilələr regionda baş verən proseslərdə əhəmiyyətli katalizator rolunu oynayıb”.

Ekspert qeyd edib ki, sadalanan amillər Yaxın Şərqin geosiyasi balansında müəyyən dərəcədə zəifləmə və parçalanma tendensiyası yaradıb:

“Nəticədə daxili sosial-iqtisadi və siyasi problemlərlə üzləşən ölkələr regional güclərin rəqabət meydanına çevrilib. Bu proseslər hazırkı dövrə qədər regionda təhlükəsizlik mühitini daha mürəkkəb və proqnozlaşdırılması çətin hala gətirib. Bununla belə, Yaxın Şərq böhranlarını yalnız xarici müdaxilələrlə izah etmək birtərəfli yanaşma olardı. Daxili siyasi, iqtisadi və sosial faktorlar bu proseslərin formalaşmasında əsas rol oynayan ilkin səbəblərdən biri kimi çıxış edir”.

Nigar Həsənli
Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr