AZ

Dəyişkən havalarda sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir? - HƏKİM AÇIQLADI

Uzun sürən sərin və yağışlı hava şəraitindən sonra ölkə ərazisində, xüsusilə Bakıda temperaturun qısa müddətdə kəskin yüksəlməsi insanların gündəlik həyatına və sağlamlığına təsirsiz ötüşmür. Son günlər hava şəraitində müşahidə olunan ani dəyişikliklər bir çox insanda halsızlıq, baş ağrısı, təzyiq dalğalanmaları və yorğunluq kimi halların artmasına səbəb olub. Mütəxəssislər bildirirlər ki, belə hava keçidləri xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkənlər, yaşlılar və meteohəssas insanlar üçün müəyyən risklər yarada bilər. Bəs temperaturun qısa müddətdə dəyişməsi insan orqanizminə necə təsir edir və bu dövrdə sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?

Məsələ ilə bağlı həkim-professor Adil Qeybulla SİA-ya açıqlamasında bildirib ki, hazırda müşahidə olunan temperatur mövsüm üçün normal hesab olunmalıdır:

“Mən bu istiləri anormal saymıram. Temperatur 25 dərəcədir və bu, anomal istilik deyil. Anormal istiləri 40 dərəcə və daha yüksək temperatur hesab etmək olar. Əksinə, yaz-yay dövründə isti havaların olması normaldır. İnsanların isti havadan qorunmaq üçün kifayət qədər imkanları var. Sərinləndirici vasitələr mövcuddur. Evdə və avtomobildə kondisioner, ağac kölgəlikləri və digər vasitələrdən istifadə etmək mümkündür. İnsan müəyyən saatlarda evdə qala bilər. Hazırda dünya qlobal istiləşmə dövrünü yaşayır və bu prosesin gələcəkdə daha da güclənəcəyi proqnozlaşdırılır. İnsanların sayı artır. Fosil yanacaqların istifadəsi, avtomobillərdən çıxan qazlar, istehsal fəaliyyəti böyük karbon emissiyası yaradır. Göydə hər an minlərlə təyyarə var və onların da emissiyaları mövcuddur. Bütün bunlar qlobal istiləşməyə səbəb olur. Atmosferdə toplanan karbon qazı istiliyi saxlayaraq temperaturun yüksəlməsinə təsir göstərir. Havada asılı qalan karbon qazı istiliyi özündə saxlayır və atmosferin soyumasının qarşısını alır. Bu səbəbdən dünyada istiləşmə prosesi daha da sürətlənir. Hazırkı hava şəraiti hələlik təhlükəli səviyyədə deyil, lakin qlobal istiləşmə ilə bağlı risklər getdikcə artır. Hazırda bunu qlobal və anomal istilər adlandırmaq düzgün deyil. Amma bütövlükdə dünyada çox ciddi vəziyyət yaranıb və alimlər bu məsələ üzərində ciddi düşünməlidirlər”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
7
1
sia.az

2Mənbələr