AZ

Xəzərdə NƏ baş verir? – Üç ölkədən SOS siqnalları

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi son onilliklərin ən ağır ekoloji böhranlarından biri ilə üz-üzədir. Qazaxıstan, Rusiya və İran mənbələrində yayılan son hesabatlar göstərir ki, problem artıq yalnız ekologiya məsələsi deyil.

Baş verənlər regionun iqtisadiyyatı, təhlükəsizliyi, enerji infrastrukturu və geosiyasi balansı üçün strateji riskə çevrilib. Alimlər Xəzərin su səviyyəsinin son 400 ilin ən aşağı həddinə düşdüyünü bildirirlər. 2026-cı ilin yanvarında aparılan ölçmələrə görə, Xəzərin səviyyəsi mənfi 29,11 metrə enib. Bu göstərici 1978-ci ilin rekord minimumunu da keçib.

Qazaxıstan və beynəlxalq tədqiqat mərkəzlərinin məlumatına görə, 2005–2023-cü illərdə su səviyyəsi təxminən 1,85 metr azalıb. Xəzərin su sahəsinin on minlərlə kvadrat kilometri quruyub. Şimalda dənizin sahil xətləri kilometrlərlə geri çəkilib. Bəzi dayaz ərazilərin tamamilə yox olmaq təhlükəsi yaranıb. Qazaxıstan mənbələri xüsusilə Aktau limanı və Mangistau bölgəsində vəziyyətin ağırlaşdığını yazır.

Xəzər

Dənizin çəkilməsi limanların fəaliyyətini çətinləşdirir, gəmiçilik üçün əlavə dərinləşdirmə işləri tələb olunur. Mütəxəssislər problemin bir neçə səbəbinin olduğunu deyirlər. Amma əsas amil iqlim dəyişiklikləri və Volqa çayındakı vəziyyətdir. Rusiya mənbələri təsdiqləyir ki, Xəzərə daxil olan suyun təxminən 80 faizi Volqa çayının payına düşür. Volqadakı suyun azalması isə birbaşa Xəzərin məhvini sürətləndirir. SSRİ dövründən tikilən iri su anbarları və hidroqovşaqlar Volqanın təbii axınını dəyişib. Bundan başqa Rusiya Volqa çayından kənd təsərrüfatı üçün su istifadəsini artırıb. Nəticədə Xəzərə çatan suyun həcmini azalıb. Rusiya alimləri artıq açıq şəkildə etiraf edirlər ki, Volqa hövzəsindəki su siyasəti Xəzərin taleyinə birbaşa təsir göstərir.

İran mənbələri Xəzərin cənub hissəsində suyun geri çəkilməsinin xüsusilə təhlükəli olduğunu bildirirlər. İranın Mazandaran və Gilan bölgələrində sahil eroziyası artır. Balıqçılıq zəifləyir, liman infrastrukturu risk altına düşüb. İran alimləri xəbərdarlıq edir ki, suyun azalması ilə duzluluq artır və bu, Xəzərin canlı aləmini məhv edir. Xüsusilə nərə balığı populyasiyasının azalması artıq regional iqtisadi problem sayılır. Qazaxıstan və beynəlxalq ekoloji hesabatlarda qeyd olunur ki, neft hasilatı Xəzərin ekosisteminə ciddi zərbə vurur. Təkcə Qazaxıstan sektorunda hər il minlərlə ton neft tullantısının dənizə qarışdığı bildirilir. Mütəxəssislərə görə, neft-qaz infrastrukturu sahil zonasını dəyişir. Çirklənmə suyun keyfiyyətini aşağı salır, atmosferə buraxılan emissiyalar buxarlanmanı sürətləndirir.

Bu problem Azərbaycan üçün də olduqca həssasdır. Çünki Xəzərin enerji infrastrukturu region iqtisadiyyatının əsas dayaqlarından biridir. Dənizi tədqiq edən bir sıra mütəxəssislər artıq “Aral dənizi ssenarisi” ifadəsini işlətməyə başlayıblar. Alimlərin hesablamalarına görə, əsrin sonuna qədər Xəzərin səviyyəsi 9–18 metr enə bilər. Bu isə dənizin şimal hissənin böyük bölümünün quruya çevrilməsi deməkdir. Xəzərin ümumi su səthinin üçdə birə qədəri yox ola bilər. Belə olduqda, Xəzərətrafı limanlar fəaliyyətsiz qalacaq. Logistika marşrutlarının çökməsi, ekoloji miqrasiya ilə yanaşı, region dövlətləri arasında su gərginliyi yaşana bilər.

2026-cı ilin aprelində Astanada keçirilən regional ekoloji sammitdə məsələ açıq şəkildə müzakirə olunub. Rusiya nümayəndələri Xəzərlə bağlı 50 illik ortaq proqnoz hazırlanmasını təklif ediblər. Bu çağırış təsadüfi deyil. Çünki limanlar dayazlaşır, balıqçılıq azalır. Sahil infrastrukturu sürətlə təhlükəyə doğru irəliləyir. Enerji layihələrinin gələcəyi sual altına girir. Qazaxıstan mənbələri xüsusilə Transxəzər logistika dəhlizinin gələcəyindən narahatdır.

Xəzərin çəkilməsi Azərbaycan üçün bir neçə istiqamətdə risk yaradır. Əsasən Bakı və Ələt limanlarının fəaliyyəti və dəniz nəqliyyatı, müvafiq olaraq, neft-qaz infrastrukturu, balıqçılıq və biomüxtəliflik böyük çətinliklərlə üz-üzə qalacaq. Sahilboyu urbanizasiya baş verəcək. Ən kritik məsələ Xəzər problemi ekoloji məsələ olmaqdan çıxaraq, yaxın onilliklərdə regionun iqtisadi və siyasi münasibətlərini dəyişdirə biləcək strateji böhrana çevrilməsi ehtimalının yüksək olmasıdır.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
15
7
musavat.com

8Mənbələr