AZ

Vasif Qafarov: Azərbaycançılıq ideyası sülh, quruculuq, informasiya təhlükəsizliyi və vətəndaş birliyi ilə daha da güclənməlidir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycançılıq ideyası sadəcə bir siyasi anlayış deyil. Azərbaycançılıq millətin özünü dərk etməyin fəlsəfəsidir və zamanın sınağından keçən mənəvi bir baxışdır. Məşhur fransız filosofu Ernest Renan millət anlayışını izah edərkən onu “gündəlik iradə və ortaq yaddaşın birliyi” kimi dəyərləndirirdi. Bu fikir əslində azərbaycançılığın mahiyyətinə də çox yaxın bir baxış yaradır. Çünki azərbaycançılıq ideyası fərqli düşüncələri bir millət kimliyində birləşdirən mənəvi körpü rolunu oynayır. Bu gün də bu ideya xalqın birliyini, dövlətə və milli dəyərlərə bağlılığını qoruyan ən güclü sütunlardan biri kimi çıxış edir”.

Milli Məclisin deputatı Vasif Qafarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycançılıq ideyası müasir Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir: “Bu ideya yalnız milli-etnik kimlik deyil, həm də dövlətə sədaqət, milli birlik, vətəndaş həmrəyliyi və tarixi yaddaş anlayışlarını özündə birləşdirir. Multikulturalizm və tolerantlığın dövlət siyasətində xüsusi yer tutması da Azərbaycançılıq ideyasının birləşdirici və inklüziv xarakterini göstərir.

Azərbaycançılıq ideyası cəmiyyətdə real təsir gücünə malikdir və bu təsiri yaradır. Azərbaycançılıq ideyası bir şüar deyil, bu ideya məktəbdə, universitetdə, mediada, ailədə və gündəlik həyatda hiss olunur. İdeyanın gücü insanların davranışında və düşüncəsində görünməlidir. Azərbaycançılıq ideyası hər bir azərbaycanlının davranışında və düşüncəsində özünü göstərir”.

Deputat qeyd edib ki, Azərbaycançılıq ideyası milli ideologiya kimi hər zaman təbliğ olmalı, hər bir insanın, xüsusilə də gənclərin düşüncəsində dərin təsir yaratmalıdır: “Müasir dövrdə gənclərə Azərbaycançılıq yalnız tarix şüuru ilə deyil, real həyat nümunələri, rəqəmsal media, müasir təhsil və uğurlu vətəndaşlıq modeli ilə çatdırılmalıdır”.

“2020-ci il Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşməyi bacarır və bunu bütün dünyaya nümayiş etdirdi. Müxtəlif bölgələrdən, fərqli sosial təbəqələrdən olan insanlar dövlət və vətən naminə eyni məqsəd ətrafında toplandı. Bu birlik həm cəbhədə, həm də informasiya savaşında özünü açıq göstərdi. Xalqın həmrəyliyi Azərbaycanın ən böyük güc mənbələrindən birinə çevrildi”-deyə Vasif Qafarov bildirib.

Deputat vurğulayıb ki, tarixi saxtalaşdırma cəhdlərinə qarşı Azərbaycan alimləri və akademik qurumları böyük işlər görüblər və bu işi görməkdə davam edirlər: “Qarabağ, milli yaddaş və dövlətçilik mövzularında tarixçilərimiz tərəfindən sistemli tədqiqatlar aparılıb, bu tədqiqatların nəticələri çap olunub, eyni zamanda beynəlxalq konfranslarda təqdim olunub. Azərbaycan həqiqətləri istər ölkə daxilində, istərsə ölkə xaricində kifayət qədər təqdim olunub və bu iş hazırda müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.

Postmüharibə dövrü Azərbaycançılıq ideyasına yeni məzmun qazandırıb. Artıq əsas məsələ yalnız işğal və müharibə faktını dünyaya çatdırmaq deyil, həm də azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış və qalib dövlət məsuliyyətidir”.

Vasif Qafarov hesab edir ki, yeni mərhələdə Azərbaycançılıq ideyası sülh, quruculuq, informasiya təhlükəsizliyi və vətəndaş birliyi ilə daha da güclənməlidir.

“Ümumilikdə, Azərbaycançılıq dövlət üçün strateji və vacib ideoloji xəttdir. Onun gücü yalnız rəsmi çıxışlarda deyil, xalqın birliyində, gənclərin düşüncəsində və cəmiyyətin gündəlik həyatında görünməlidir və sevindirici haldır ki, bu görünür. Azərbaycan xalqı çətin anlarda bir yumruq kimi birləşərək dövlətinə sahib çıxdığını dəfələrlə sübut edib. Bu birlik qorunduqca Azərbaycançılıq yalnız ideya deyil, dövlətin davamlı inkişafını təmin edən güclü ictimai dayağa çevriləcək”.

P.S. Azərbaycançılıq ideyası bir şüar yox, bir ruhdur və zamanın dəyişən dalğaları içində xalqı birləşdirən görünməz bir gücdür. Bu ideya təkcə keçmişi xatırlatmır, həm də gələcəyi formalaşdırır. Axı, millətin sabahı onun bugünki birliyindən başlayır. Elə Ernest Renanın da dediyi kimi, "millət ortaq yaddaş və birlik iradəsi"dir. Məhz, bu fikir azərbaycançılığın mahiyyətinə işıq salır. Bizim kimliyimiz coğrafiya ilə deyil, dəyərlərlə ölçülür və bu dəyərlər bizi bir xalq kimi bütöv edir. Azərbaycançılıq isə bu bütövlüyün həm adı, həm də davam edən hekayəsidir. Maraqlıdır ki, dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, biz deyə bilirik: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
bizimyol.info

1Mənbələr