Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, gələcəkdə Ermənistan Avropa İttifaqı (Aİ) ilə münasibətlərin dərinləşdirilməsi və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyün qorunub saxlanılması arasında bir seçim etməli olacaq.
Musavat.com xəbər verir ki, bu barədə rusiyalı rəsmi "Rusiya – İslam Dünyası: KazanForum" çərçivəsində jurnalistlərə açıqlama verib.
"Ermənistanda Avropa İttifaqı ilə yaxınlaşma istəyi barədə danışırlar. Biz dəfələrlə qeyd etmişik ki, Aİİ və Aİ-yə üzvlük bir-biri ilə biraraya sığmır. Ermənistanda da bunu çox yaxşı başa düşürlər, ölkə rəhbərliyi də bu məsələlərin uyğunsuzluğunu dilə gətirir. Əgər belə bir qərar qəbul etmək niyyətindədirlərsə, müəyyən mərhələdə onlar bu seçimi etməli olacaqlar", - deyə Overçuk bildirib.
Overçuk vurğulayıb ki, Moskva belə bir geopolitik kursla bağlı yarana biləcək riskləri və çətinlikləri erməni tərəfdaşlarına çatdırmağa çalışır, lakin yekun qərar Ermənistanın özünə məxsusdur.
Bununla belə, baş nazirin müavini qeyd edib ki, Rusiya tərəfi erməni xalqının istənilən seçiminə anlayışla yanaşacaq.
O, həmçinin Ermənistanın Rusiyanın yaxın müttəfiqi olaraq qaldığını xatırladıb və ölkənin MDB, eləcə də KTMT kimi qurumlarda iştirakını qeyd edib.
Musavat.com