Bu şəkil Kubanın paytaxtı Havanada çəkilib.
Solda şax dayanan, dik baxan adam ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Li Retkliffdir.
Onunla üzbəüz duran, sol əliylə Retkliffə əyləşməsi üçün yer göstərən adam isə kubalı həmkarıdır. Şəkli müşayiət edən mətnlərdə onun adı çəkilmir.
Adamın sifətindən açıq-aşkar narazılıq yağır. O, sanki yüksək rütbəli amerikalı həmkarını candərdi qəbul edir və ona “əyləş, nəyə gəlmisən, de, sizdən qurtuluş yoxdur” deyir.
Başqa vaxt olsaydı, Kuba rəsmiləri MKİ direktorunu ada-ölkənin kandarından içəri buraxmazdılar. Amma bu il Qərb yarımkürəsindəki dövlətləri sarsıdan “Maduro hadisəsi” Kubanı ehtiyatlı olmağa vadar edir.
İndi kubalılar “Monro doktrinası”nın nə qədər qorxunc bir şey olduğunu anlayırlar. Həmin doktrinaya görə, bütün Amerika qitəsi (Şimali Amerika, Mərkəzi Amerika və Cənubi Amerika) ABŞ-nin ovalığıdır. Burada hər kəs bu dövlətlə hesablaşmalıdır.
ABŞ isə Kubadan sözsüz itaət tələb edir. Kuba daha onunla ağac-ağaca durmamalı, bir sözünü iki etməməli, istədiyini verməli, təklif etdiyini almalıdır.
Con Li Retkliff Havanada Kuba hakimiyyəti ilə danışıqlar apararkən onlara bunu deyib, “islahatlar üzrə əməkdaşlıq etmək istədikləri”ni çatdırıb.
MKİ direktorunun Havanada görüşdüyü şəxslər arasında bir nəfər də olub: keçmiş rəhbər Raul Kastronun nəvəsi Raul Rodriges Kastro.

Raul Kastrolar
41 yaşlı Raul Rodriges Kastro hələlik dövlət vəzifəsi tutmur, amma Kubada hər kəs bilir ki, o, Kastro klanının vəliəhdidir, yaxın illərdə Kuba prezidenti olacaq.
Kuba inqilabının baş lideri Fidel Kastronun kiçik qardaşı, onun ölümündən sonra Kubaya rəhbərlik etmiş Raul Kastronun hazırda 95 yaşı var və o, hakimiyyətə 60 yaşlı oğlunun yox, 41 yaşlı nəvəsi (qızının oğlu) Raulun gəlməsini istəyir.
Belə anlaşılır ki, ABŞ hakimiyyətə 3-cü Kastronun gəlməsinə razıdır. Retkliffdən əvvəl ABŞ-nin dövlət katibi Mark Rubio da bu ilin əvvəlində Raul Rodriges Kastro ilə görüşübmüş – özü də Kuba prezidentinin başının üstündən.
ABŞ-nin indiki administrasiyası üçün fərqi yoxdur, o Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi ilə görüşüb-danışdığı kimi Kuba şahzadəsi ilə də görüşüb-danışa, onun hakimiyyətə gəlməsinə xeyir-dua verə bilər. Əsas odur ki, ölkədə sabitlik olsun və ölkə dünya hegemonuna itaət göstərsin.
Retkliff ona görə kubalı rəsmi şəxsin üzünə belə dik baxır, “variantınız yoxdur” deyir. Bunu ona yer göstərən rəsmi şəxs də bilir.
Musavat.com