Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan şəhəri artıq ilk sakinlərini qəbul edib və məskunlaşma prosesi mərhələli şəkildə davam edir.
Qaziler.az-ın apa-ya istinadən xəbərinə görə, növbəti köç karvanları ilə ailələr doğma yurdlarına qovuşaraq yeni həyata başlayırlar.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyyə Rza bildirib ki, Zəngilan şəhərində inşa olunan 104 mənzilli ilk yaşayış kompleksinin təməlqoyma mərasimi 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib.
Onun sözlərinə görə, dövlət başçısı 2024 və 2025-ci illərdə də kompleksdə aparılan tikinti işləri ilə tanış olub.
İlhamiyyə Rza qeyd edib ki, kompleksin ümumi ərazisi 2 hektardan artıqdır, burada 12 bina inşa olunub. Onlardan 4-ü 3 mərtəbəli, 8-i isə 2 mərtəbəli “townhouse” tipli evlərdir. Ümumilikdə 104 mənzil inşa edilib ki, onlardan 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub.
O bildirib ki, yaşayış kompleksində uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Zəngilan şəhər sakini Yaqub Yaqubov bildirib ki, 1993-cü ildə rayon işğal olunarkən onun 13 yaşı olub və həmin gündən məcburi köçkün həyatı yaşayıb: “33 ildən sonra doğma Zəngilana qayıtmaq sözlə ifadə olunmaz hissdir. Şəhər tamamilə dəyişib, müasir və gözəl bir yaşayış məkanına çevrilib. Bu sevinci bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Zəngilan şəhər sakini Hafizə Bayramova qeyd edib ki, uzun illər məcburi köçkün həyatı yaşasalar da, qayıdış ümidi ilə yaşayıblar: “İndi Zəngilan şəhəri müasir şəkildə yenidən qurulub və burada yaşamaq böyük qürur hissidir”.