ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cəbrayıl, 15 may, AZƏRTAC
Azərbaycanın yaşıl enerji xəritəsində Şərqi Zəngəzur iqtisadi rayonu strateji rola malikdir. Bu ərazilər işğaldan azad edildikdən dərhal sonra bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı layihələrin icrasına başlanılıb. Həmin mühüm layihələrdən biri də Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində "AzərEnerji" ASC tərəfindən inşa edilən 330 kV-luq "Şəfəq" yarımstansiyasıdır.
“AzərEnerji” ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib. Bu çərçivədə Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir “körpü”dür. Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı, həmçinin idarəetmə qurğuları, Rəqəmsal İdarəetmə Mərkəzi ilə təchiz edilib. Mərkəzdə məsafədən idarəetməni təmin edən mikro-SCADA dispetçer sistemi qurulub, SCADA sisteminə inteqrasiya olunub.
“Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün həyata keçirilən layihənin əsas məqsədi dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, yaşıl enerjinin payını artırmaq və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir.
Azərbaycanın enerjisistemində yaşıl enerjinin payı bəzi saatlarda 41 faizə çatır
Bu irihəcmli yaşıl enerjinin ötürülməsi layihəsi paralel şəkildə davam etdirilib. Belə ki, Səngəçal Terminalının yaşıl enerji ilə təchizatı məqsədilə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb. Bu yenilik nəticəsində terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq və Cəbrayılda Günəşdən əldə olunan enerji ümumi enerjisistemə, oradan isə balanslaşdırılmış şəkildə həm də Səngəçal Terminalına yönləndiriləcək. Səngəçal Terminalında təbii qazla işləyən 140 MVt gücündə modul tipli elektrik stansiyasının fəaliyyəti dayandırılmaqla, terminalın illik tələbatının 500 milyon kilovat-saatının bərpaolunan enerji hesabına qarşılanması ilə illik 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət ediləcək. Bu da bp şirkətinin Xəzər regionunda əməliyyat tullantılarının CO2 emissiyasının illik 260-330 min ton azaldılmasına töhfə verəcək.

Mircəlal Hüseynov qeyd edib ki, enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi konkret nəticələr verməyə başlayıb. Bu dinamika xüsusilə bolsulu, günəşli və küləkli günlərin səmərəli olduğu aprel və may aylarında daha aydın hiss edilib. Belə ki, müxtəlif günlərin müəyyən saatlarında ölkə üzrə elektrik enerjisi istehlakının 36-41 faizi məhz yaşıl enerji hesabına təmin olunub. Məsələn, aprelin 20-də ümumilikdə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 36,5 faizi bərpaolunan mənbələrin payına düşüb. Həmin enerjinin 15,9 milyon kilovat-saatı isə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə Günəş və külək stansiyalarında istehsal olunub. İcra edilmiş tədbirlər hesabına enerjisistemdə bəzi saatlarda yaşıl enerjinin payı 41 faizə çatır.
“Azərbaycan Respublikası Prezidentinin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə “AzərEnerji” tərəfindən tikilən bütün enerji obyektlərində yerli kadrların işlə təmin olunmasına xüsusi önəm verilir. Yarımstansiyada çalışan işçi heyət əsasən yeni məskunlaşmış yerli əhali arasından seçilib və onlar müvafiq təlimlərdən sonra işə cəlb ediliblər”, - deyə Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru əlavə edib.
Müxbir-Aydın Yavərzadə












Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.