Fransada həftənin əvvəlindən etibarən FFP2 maskalarının satışında kəskin artım müşahidə olunur.
"Unikal" xəbər verir ki, buna səbəb Atlantik okeanında keçirilən kruiz səfərindən sonra qeydə alınan şübhəli Hantavirus yoluxma halları ilə bağlı yaranan narahatlıqdır.
Bir sıra apteklər müvəqqəti maska çatışmazlığı yaşandığını bildirir. Topdansatış mərkəzlərinin məlumatına görə, son üç gündə 15 min qutu maska satılıb. Müqayisə üçün qeyd olunur ki, adi dövrdə həftəlik satış həcmi təxminən 2 min 400 qutu təşkil edir.
Əczaçılıq sektorunda fəaliyyət göstərən mənbələr son günlər apteklərdə FFP2 maskalarına tələbatın təxminən beş dəfə artdığını açıqlayıb.
Bununla yanaşı, ölkənin səhiyyə qurumları Fransada hər hansı Hantavirus epidemiyasının qeydə alınmadığını vurğulayır. Xəstəxanaya yerləşdirilmiş 26 nəfərin test nəticələrinin mənfi çıxdığı, son günlər isə yeni yoluxma faktının təsdiqlənmədiyi bildirilib.
Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu, epidemioloji müşahidə və tibbi nəzarət mexanizmlərinin fəaliyyətini davam etdirdiyini açıqlayıb.