AZ

İsrail ordusunun zərbəsi nəticəsində Livanda üç tibb işçisi həlak olub

İsrail ordusunun Livanın cənubundakı Haruf yaşayış məntəqəsindəki tibb mərkəzinə endirdiyi aviazərbə nəticəsində üç tibb işçisi həlak olub, daha biri isə ağır yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, İsrailin hərbi təyyarələri mayın 15-də günün ikinci yarısında Nəbatiyyə əyalətinin Haruf yaşayış məntəqəsindəki tibb mərkəzinə iki aviazərbə endirib.

Bildirilib ki, İsrailin hücumu nəticəsində üç tibb işçisi həlak olub, daha biri isə ağır yaralanıb, mərkəz özü isə tamamilə dağıdılıb.

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb ki, Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılacaq.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfindən müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin mərhələsi baş tutub. Orada atəşkəs razılaşmasının əldə edilməsi məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livan və İsrailin Birləşmiş Ştatlardakı səfirləri rəhbərlik ediblər.

Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəldiyini bildirib.

Seçilən
10
8
far.az

10Mənbələr